Türk Dünyası Həftəsi bu soğrafiyada kitabxanaların birgə əməkdaşlığına mühüm töhfə verəcək


Susana Məmmədova,
Səbail MKS-in 1 saylı kitabxana filialının baş kitabxanaçısı,
“Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” İB-nin sədri

Ötən həftə yenidən Türk dünyasının qəlbi Azərbaycanda döyündü. Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən Türk Dünyası Həftəsinə evsahibliyi edən Bakı, bu coğrafiyaya daxil olan ölkələrin elm adamları, mədəniyyət xadimləri, tədqiqatçılarını bir araya topladı. Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsi təkcə yubiley tədbirinin qeyd edilməsi kimi protokol xarakteri daşıyan toplantı deyildi, eyni zamanda bu coğrafiyanın ortaq elmi və mədəni yaddaşının yenidən dəyərləndirilməsi, gələcək hədəflərin müəyyənləşdirilməsi, ortaq layihələrin müzakirə olunması baxımından əhəmiyyətli hadisə idi.

Türk Dünyası Həftəsi Türk dövlətləri arasında inteqrasiyanın təksə siyasi və iqtisadi deyil, eləcə də mədəni-humanitar sahələrdə də uğurla həyata keçirildiyinin əyani sübutu olmaqla yanaşı, türk dövlətləri və xalqları arasında elm, təhsil, mədəniyyət və informasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu göstərir, gələcək əməkdaşlıq üçün yeni səhifə açırdı.

Hesab edirəm ki, Türk Dünyası Həftəsi təkcə elm adamları, tədqiqatçılar deyil, həmçinin kitabxanaların beynəlxalq əməkdaşlığının inkişafı üçün də mühüm platforma rolunu oynaya bilər. Məlumdur ki, qloballaşma və rəqəmsal transformasiya dövründə kitabxanalar artıq yalnız kitab saxlayan müəssisələr deyil, informasiyanın idarə olunması, biliklərin yayılması, rəqəmsal irsin qorunması və elmi kommunikasiya mərkəzləri kimi fəaliyyət göstərirlər.

Bu baxımdan Türk dünyasında fəaliyyət göstərən milli, universitet və elmi kitabxanaların qarşılıqlı əməkdaşlığını daha da inkişaf etdirmək mümkün variantlardandır. Onu da qeyd etmək yerinə düşər ki, bu sahədə böyük potensial var. Məsələn, birgə rəqəmsal kitabxanaların yaradılması mümkün variantlar sırasındadır. Bir qədər də irəli getsək, vahid Türk Dünyası Rəqəmsal Kitabxanasının formalaşdırılması da birgə səylər nəticəsində reallaşa bilər. Belə platforma vasitəsilə müxtəlif ölkələrin kitabxanalarında saxlanılan nadir kitablar, əlyazmalar, qəzetlər, xəritələr və arxiv sənədləri vahid elektron mühitdə təqdim oluna bilər. Bu ideyanın reallaşması təkcə kitabxanaların birgə fəaliyyətinə şərait yaratmayacaq, eyni zamanda tədqiqatçıların informasiya əldə etməsini asanlaşdıracaq, ən əsası ortaq mədəni irsin qorunmasına da xidmət edəcək.

Yaxud, Türk xalqlarının ortaq tarixi ilə bağlı çoxsaylı əlyazmalar və nadir nəşrlər var ki, onlar müxtəlif ölkələrin kitabxanalarında qorunur. Bu materialların yüksək keyfiyyətlə rəqəmsallaşdırılması həm onların fiziki qorunmasına, həm də beynəlxalq tədqiqatçılar üçün əlçatan olmasına şərait yaradır.

Türk Dünyasında kitabxana sahəsində birgə fəaliyyəti ali təhsil müəssisələrinin eyniadlı qurumları arasında da qurmaq mümkündür. Belə ki, Türk dövlətlərinin universitet və elmi kitabxanaları arasında elektron sənəd çatdırılması, akademik nəşrlərin qarşılıqlı mübadiləsi, açıq elmi resursların paylaşılması, ortaq məlumat bazalarının yaradılması kimi ortaq fəaliyyətlər ortaya qoyula bilər. Nəhayət, bu sahədə görüləcək işlərin daha nəticəli və perspektivli olması üçün kitabxanaçıların beynəlxalq təcrübə proqramlarında iştirakına da şərait yaradıla bilər. Türk dövlətlərinin kitabxanaçıları arasında təcrübə mübadiləsinin aparılması, birgə təcrübə proqramlarının hazırlanması, ortaq təlimlər, seminarlar və ixtisasartırma kursları Türk dünyasında müasir kitabxana xidmətlərinin inkişafına mühüm töhfə verər.


MANŞET XƏBƏRLƏRİ