Yarımçıq qalan saz nəfəsi və söz ömrü yaxud Şöhrət Cəlal Qəhrəmanlının poetik dünyasına ədəbi baxış


İnsan ömrü yazılmış, amma sona qədər oxunmamış bir dastanı xatırladır. Elə insanlar olur ki, onların vaxtsız gedişi yalnız ailələrinin, dostlarının yox, bütöv bir elin, bir sənət ocağının itirdiyi işığa çevrilir. Şöhrət Cəlal Qəhrəmanlının həyatı və yaradıcılığı da belə yarımçıq qalan, amma ömrünün hər anında mənəviyyatın, sazın, sözün və yurd sevgisinin izlərini yaşadan tale nümunələrindən biridir. Onun poeziyasını oxuduqca duyursan ki, burada sadəcə misralar danışmır, həm də bir elin yaddaşı, bir ocağın nəfəsi, bir ustad sənətkarın mənəvi irsi yaşayır. Çünki Şöhrət Cəlal Qəhrəmanlı böyük saz ustası, Azərbaycan aşıq sənətinin sevilən nümayəndələrindən olan Aşıq Cəlalın ocağında böyümüş, sazın və sözün hikmətini ilk dəfə ata nəfəsindən öyrənmişdi. O, evin böyük oğlu kimi yalnız ailə məsuliyyətini deyil, həm də sənət ənənəsinin davamçısı olmaq yükünü daşıyırdı. Aşıq Cəlal Azərbaycan aşıq məktəbinin özünəməxsus ifa tərzi, bənzərsiz şeirləri və bu gün də dillər əzbəri olan saz havaları ilə yaddaşlarda yaşayan ustad sənətkar idi. Şöhrət müəllim də bu məktəbin yetirməsi olaraq klassik saz havalarının mahir ifaçısı, ağır məclislərin aparıcısı, kamil aşıq kimi yetişmişdi. Bu səbəbdən onun poeziyasında yazılı ədəbiyyatla şifahi xalq yaradıcılığı arasında möhkəm mənəvi körpü mövcuddur.

Açıklama yok.

1954-cü ildə Qazaxın qədim Kəmərli kəndində dünyaya gələn şair, 1976-cı ildə Azərbaycan Dövlət Dillər Universitetinin ingilis dili fakültəsini bitirmiş, müasir ingilis və Amerika poeziyasından tərcümələr etmiş, hətta ingilis dilində də şeir və hekayələr yazmışdı. O, bədii tərcüməni milli ədəbiyyatın zənginləşməsi üçün mühüm vasitə hesab edirdi. Lakin bütün bu intellektual zənginliklərin mərkəzində yenə də doğma el, saz və xalq ruhu dayanırdı. Onun “Bizim ellər yerindədi”, “Yurd yerində axtar məni”, “Bir ömür yaşadım” kitabları və tərtib etdiyi “Sədəfli saz məni dindir”, “Mən aşıq, İncədənəm” topluları bu mənəvi bağlılığın sənət nümunələridir.

Şöhrət Cəlal Qəhrəmanlı məndən 6 yaş böyük olsa da çox səmimi dostluğumuz var idi. Hər görüşümüz sazlı-sözlü bir dünya təsiri yaradırdı.Onun sazı ilə poeziyası elə elə bir dünya yaradırdı ki, indi həmin hissləri ifadə etmək çox çətindir. Elə bil biz deyişirdik. Həm saz havalarının təhlilini aparırdıq, həm də şeirlərinin mənasını açmağa, dəyərini göstərməyə çalışırdıq. Hər görüşümüz növbəti görüşədək unudulmayan tarixə çevrilirdi. Poeziyasından danışmazdan əvvəl deməliyəm ki, Şöhrət Cəlal Qəhrəmanlının poeziyasında diqqəti çəkən əsas xüsusiyyət dilin sadəliyi və fikrin dərinliyidir. O, mürəkkəb fəlsəfi həqiqətləri xalq danışıq üslubunun səmimiyyəti ilə ifadə etməyi bacaran sənətkarlardandır. Onun "Gərək" şeirində insan ömrünün mənəvi yükü və kamillik fəlsəfəsi sadə, lakin təsirli şəkildə təqdim olunur:

Bu dünyada insan olan yüz çəkə zəhmət gərək,

Süfrəsində halal-halal kəsilə qismət gərək.

Addımbaşı zikr eyləyə dilində min bir adı,

Öyrənib-öyrətmək üçün özündə hikmət gərək.

Açıklama yok.

Bu misralarda müəllif insan həyatının əsas meyarlarını müəyyənləşdirir. Əmək, halal ruzi, Tanrı sevgisi və hikmət onun mənəvi dünyasının sütunlarına çevrilir. Burada xalq müdrikliyi ilə sufiyanə baxışın qovuşduğunu görürük. Şair üçün yaşamaq sadəcə mövcud olmaq deyil, özünü kamilləşdirmək və başqalarına fayda vermək missiyasıdır.

Şairin “Edər” şeiri insanın öz əməlləri qarşısında məsuliyyətini ön plana çıxarır:

Ey insan kəs, doğru dolan, ruhun canı tərk edər,

Ulu Tanrı əyri olan bir insanı görk edər.

Çoxsa onun rəhmi, səbri gen olsan ondan fəqət,

Alar səni el gözündən, hər divanı bərk edər.

Bu misralarda xalq hikməti ilə dini-əxlaqi düşüncə qovuşur. Şair göstərir ki, ilahi mərhəmət sonsuz olsa da, insan vicdanı və cəmiyyət hökmü də həyatın ayrılmaz həqiqətləridir. Doğruluq onun yaradıcılığında əxlaqi ideal səviyyəsinə yüksəlir.

Aşıq poeziyasında bağ obrazı həmişə mənəvi saflığın və sevginin rəmzi olmuşdur. Şöhrət Cəlal Qəhrəmanlı da bu ənənəni davam etdirir:

Dəli eşqim ola, ağıllı başım,

Bir də qoynunuzda yaranam bağlar.

Zövqü-səfasını çəkəm dünyanın,

Biləm ki, dəstinnən yar ənam bağlar.

Şeirdə təbiət canlı varlıq kimi təqdim olunur. Şairin bağlara müraciəti sadəcə poetik vasitə deyil, insanın öz köklərinə, təbiətə və həyata yenidən qovuşmaq istəyinin ifadəsidir. Dəli eşqlə ağıllı başın bir arada verilməsi isə klassik aşıq fəlsəfəsinin mühüm xüsusiyyətidir. Onun yaradıcılığında həqiqətə bağlılıq xüsusi yer tutur.

"Yeridi" şeirində həyatın dəyişkənliyi və insanın vicdan qarşısındakı məsuliyyəti ifadə edilir:

Bu fələyin gərdişinə nə deyim,

Gör kimlər dayandı, kimlər yeridi.

Mənnən öc olbdur, gəcinə çəkir,

Çünki düz demişəm harda yeridi.

Burada xalq poeziyasına məxsus üsyankar ruh hiss olunur. Şair həqiqəti deməyin ağır nəticələrindən çəkinmir. Onun üçün doğru söz ən böyük mənəvi sərvətdir. Bu isə ustad aşıq məktəbinin əsrlərlə yaşatdığı əxlaqi prinsipin davamıdır. Şeirin son bəndində isə müəllif özünə müraciət edərək poetik vəsiyyətini ifadə edir:

Cəlaloğlu, sözlərinlə düzü düz,

Seli sel yaz, dağı dağ yaz, düzü düz.

İlqarınla öyünürdün düzü düz,

Dəydi oxun qara daşa yeridi.

Bu, əslində sənətkarın həyat kredosudur. Həqiqəti olduğu kimi yazmaq, saxtalığa güzəşt etməmək onun yaradıcılıq prinsipidir.

Aşıq sənətində bineyi-başdan ustada ehtiram ən müqəddəs dəyərlərdəndir. Şairin Dərya Məhəmmədə müraciəti də bu ənənənin davamıdır:

Keçmişin sorağı, elin yaddaşı,

Ustadlar ustadı Dərya Məhəmməd.

Müşküllər açarı, qəmlər sirdaşı,

Xalq verib bu adı: Dərya Məhəmməd.

Burada ustad sənətkar xalq yaddaşının daşıyıcısı kimi təqdim edilir. O, təkcə ifaçı yox, həm də mənəvi rəhbər obrazıdır. Digər bənddə isə sənətin əbədiliyi vurğulanır:

Sənət meydanında vardır öz yerin,

Sərraf olan bilir nədir hünərin.

Köhnə havaların, təzə sözlərin,

Öz ləzzəti, dadı Dərya Məhəmməd.

Açıklama yok.

Bu misralar Şöhrət Cəlal Qəhrəmanlının sənətə münasibətini də ifadə edir. O, ənənəni qoruyaraq yenilik yaratmağı əsl sənətkarlıq hesab edir.

Şöhrət Cəlal Qəhrəmanlı poeziyasında yurd sevgisi isə ayrıca bir fəlsəfi və mənəvi dəyər daşıyır. O, doğma İncə dərəsini sadəcə coğrafi məkan kimi yox, milli xarakterin, mənəvi bütövlüyün simvolu kimi təqdim edir:

Sərtdir qışı, xoşdur yazı,

Yayda yaylaq edər nazı.

Payızda gəlir avazı –

Hamı toyda-nişandadır.

Bu misralarda təbiət və insan bir-birini tamamlayan bütöv bir aləmə çevrilir. Burada kənd həyatı, el adətləri, toy-büsat və insanların birliyi milli kimliyin poetik ifadəsinə dönür. Bu bənddə təbiət və insan münasibətləri bir vəhdət təşkil edir. Dörd fəslin təsviri əslində el həyatının ritmini əks etdirir. Digər bənd isə bu diyarın mənəvi xəritəsini yaradır:

Hal əhli bil bu diyarı,

Kəsilməz əhdi-ilqarı.

Sazlı-sözlü aşıqları,

Xoşa gəlir hər yandadır.

Açıklama yok.

Göründüyü kimi burada İncə dərəsi sazın və sözün vətəni kimi təqdim edilir. Bu, həm də müəllifin öz köklərinə bağlılığının poetik ifadəsidir.

Şairin "Bizim ellər yerindədi" deyə səslənməsi də əslində torpağa, yurda və milli yaddaşa sədaqətin bədii manifestidir. Onun şeirlərində ölüm, zaman və fanilik mövzuları da dərin fəlsəfi çalarlarla təqdim edilir. "Keçib" şeirində insan ömrünün mənası haqqında düşündürücü qənaətlər irəli sürülür:

Şöhrət, dərdi bol istərəm,

Mən “olum...” yox, “ol” istərəm.

Bir əbədi yol istərəm,

Yüz gəldi-gedərdən keçib!

Bu misralar şairin mənəvi kamillik idealını göstərir. O, keçici şöhrəti deyil, əbədiyyətə gedən yolu seçir. Buradakı "ol" fəlsəfəsi türk-islam düşüncəsindəki kamilləşmə və mənəvi yüksəliş ideyasını xatırladır. Şairin ən dərin fəlsəfi düşüncələri bu şeirdə özünü daha aydın göstərir:

Ölüm Allah qədəridir,

Mənimki qədərdən keçib...

Könlümü güldürə bilmir,

Sevincim kədərdən keçib.

Burada tale ilə barışıq və həyatın faniliyini qəbul etmək düşüncəsi hakimdir. Digər bənddə isə həyatın mənası sorğulanır:

Alnımdakı tər deyilsə,

Qayğım xeyi-şər deyilsə,

Sözlərim əsgər deyilsə,

Ömür-gün hədərdən keçib.

Şair sözü müqəddəs missiya hesab edir. Onun üçün söz cəmiyyətə xidmət etmirsə, yaşanan ömür də öz mənasını itirir.

Şöhrət Cəlal Qəhrəmanlı ustad sənətkara olan övlad məhəbbətini də yüksək poetik səviyyədə ifadə etmişdir. Atası Aşıq Cəlala həsr etdiyi şeirdə həm sənətkara, həm də mənəviyyata ehtiram hiss olunur:

Məclisə şah oldu, sənətə nökər,

Coşdu çaylar kimi çağladı Cəlal.

Dərdlinin halına yandı sərasər,

Hər ağlar görəndə ağladı Cəlal.

Bu misralar yalnız bir oğulun atasına sevgisi deyil, həm də ustad sənətkara verilən mənəvi qiymətdir. Burada aşıq sənətinin humanist mahiyyəti, el adamına xidmət fəlsəfəsi öz əksini tapır. Digər bənddə sənət məktəbinin davamlılığı vurğulanır:

Ustaddan dərsini təmiz almışdı,

Artırdı, təmiz də saxladı Cəlal.

Əslində bu sözlər həm də Şöhrət müəllimin öz yaradıcılıq taleyinə aiddir. O, atasından aldığı saz-söz məktəbini qoruyub gələcək nəsillərə ötürən sənətkar olmuşdur. Son bənddə isə ustadın mənəvi ucalığı əks olunur:

Həqiqət axtardı, çatdı qaşını,

Saz-sözlə qandırdı neçə naşını.

Qayğılı ömrünün əlli yaşını,

Haqqın dərgahında haqladı Cəlal.

Burada saz sənəti ilahi həqiqətə aparan yol kimi təqdim edilir və ustad Cəlalı nəsillərə tanıdır.

Şairin lirik duyğuları da aşıq poeziyasının ənənəvi gözəlliyini yaşadır:

Bir gözələ gözəl dedim incidi,

Çirkin desəm barışarmı görəsən?

Ürəyimdən xəbər tutsa ürəyi,

Eşq oduna alışarmı görəsən?!

Bu misralarda xalq yumoru ilə məhəbbət lirizmi birləşir. Şair sevgini həyatın ən təbii və ən ülvi hissi kimi təqdim edir. Digər bənddə saz yenidən məhəbbətin vasitəçisinə çevrilir:

Saçı bənzər çiçəklərin çətrinə,

Hər keçdikcə bələnirəm ətrinə.

Əlimdəki telli sazın xətrinə,

Bu məclisə qarışarmı görəsən?

Açıklama yok.

Beləcə də saz burada sadəcə musiqi aləti deyil, sevginin və mənəviyyatın daşıyıcısıdır. Şairin öz yaradıcılığında bu mənəvi irsi davam etdirməsi onun sənətkar taleyinin ən böyük uğurlarından biri sayıla bilər. Onun qıfılbəndləri, təcnisləri, deyişmələri, divaniləri və satirik şeirləri, ən əsası da bayatıları xalq poeziyası ənənələrinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. O, klassik formaları qorumaqla yanaşı, onlara müasir duyğular və yeni poetik nəfəs gətirməyi bacarmışdı. Düşünürəm ki, Şöhrət Cəlal Qəhrəmanlı kimi sənət adamları haqqında yazarkən insan yalnız ədəbi mətnlə deyil, həm də bir ömrün, bir ocağın, bir el yaddaşının qarşısında dayanır. Onun misralarında Kəmərlinin nəfəsi, İncə dərəsinin ruhu, ustad Aşıq Cəlalın sazının səsi yaşayır. Elə buna görə də şeirlərinin hər biri sadəcə poetik nümunə yox, həm də xalq ruhunun daşıyıcısı kimi görünür.

Təəssüf ki, yaradıcılığının ən məhsuldar, ən çiçəklənən çağında əcəl onun qələmini susdurdu. Əgər tale ona bir qədər də möhlət versəydi, Azərbaycan ədəbiyyatı və aşıq sənəti daha zəngin bir irs qazanardı. Lakin sənətkarların ömrü illərlə yox, qoyduqları sözlə ölçülür. Şöhrət Cəlal Qəhrəmanlı bu gün aramızda olmasa da, onun misralarında İncə dərəsinin küləyi əsir, sazın səsi eşidilir, ata ocağının işığı görünür. O, bir ömür yaşadı, amma o ömrün ən böyük mənası yurdun, elin və sözün xidmətində keçməsi oldu. Bu da bir həqiqətdir ki, bəzən yarımçıq qalan ömürlər tamamlanmış talelərdən daha böyük iz qoyur. Çünki onlar insan yaddaşında bitməmiş bir nəğmə kimi yaşayır. Şöhrət Cəlal Qəhrəmanlı da elə həmin nəğmələrdəndir. Vaxtsız susan, amma xalqın yaddaşında əbədi səslənən bir saz nəfəsi, bir söz ocağı, bir el nisgili kimi...

Açıklama yok.

Qalib Rəhimli.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ