01.07.2026-cı il tarixdən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qarabağ Dirçəliş Fondu ilə birgə həyata keçirdiyi proqram üzrə "Şəfa" Psixoloji-Sosial Yardım İctimai Birliyi tərəfindən "Mina və partlamamış hərbi sursatlardan (PHS) zərərçəkənlərin psixoloji və sosial reabilitasiyasına dəstək" layihəsinin icrasına başlanılıb.
Layihənin əsas məqsədi mina və PHS-dən zərərçəkmiş uşaqların, qadınların və böyüklərin psixoloji və sosial reabilitasiyasına dəstək göstərmək, onların cəmiyyətə reinteqrasiyasını sürətləndirmək, sosial rifahını və psixoloji dayanıqlığını gücləndirməkdir.
Qeyd edək ki, müharibənin təsirləri yalnız fiziki itkilərlə məhdudlaşmır, onun insanların psixologiyasında buraxdığı izlər uzun illər qalır. Bu səbəbdən zərərçəkmiş insanların psixoloji sağlamlığının bərpası, cəmiyyətə uyğunlaşması və sosial aktivliyinin artırılması xüsusi əhəmiyyət daşıyır.
Layihə çərçivəsində mina və PHS-dən birbaşa zərərçəkmiş, yaralanmış və ya əlilliyi olan ümumilikdə 50 nəfər üçün peşəkar psixoloq və sosial işçilərin iştirakı ilə təlim və psixoloji xidmətlər həyata keçiriləcək.
Layihənin icrası nəticəsində iştirakçılarda emosional sabitliyin güclənməsi, stress və travma reaksiyalarının azalması, uşaq və gənclərin sosial bacarıqlarının inkişafı, icma həyatında fəal iştirakın təşviqi, mina təhlükəsizliyi ilə bağlı bilik və davranışların formalaşdırılması, eləcə də cəmiyyət daxilində sosial həmrəyliyin və qarşılıqlı dəstəyin güclənməsi nəzərdə tutulur.
Xəlil Süleymanov vurğulayıb ki, layihənin əsas məqsədi yalnız psixoloji yardım göstərmək deyil, həm də mina və PHS-dən zərərçəkmiş insanların cəmiyyətə inamla qayıtmasına, onların sosial inteqrasiyasına və həyat keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir.
Qeyd edək ki, layihə Azərbaycanın mina təhlükəsindən zərər çəkmiş bölgələrində (Füzuli, Cəbrayıl, Ağdam, Laçın və Tərtər) yaşayan ailələrin psixososial rifahının yaxşılaşdırılmasına və cəmiyyətə daha fəal inteqrasiyasına xidmət edir.