“Demokratiyanı Öyrənmə” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aztəminatlı ailələrə hüquqi yardım” layihəsi çərçivəsində Kürdəmir şəhərində yerli vətəndaş cəmiyyəti fəalları və aztəminatlı ailələr üçün məlumatlandırma sessiyaları təşkil edib.
Birliyin sədri Mirəli Hüseynov bildirib ki, layihə aztəminatlı ailələrin sosial proqramlar ilə məlumatlılığın artırılmasına və bu proqramlara müraciət üçün pulsuz hüquqi yardım xidmətinin göstərilməsi məqsədlərinə xidmət edir. O, təklif olunan xidmətlərdən faydalanmaları üçün bu məlumatların hədəf qruplar arasında daha çox paylaşılmasının vacibliyini bildirib və iştirakçıları bu məsələdə dəstək olmağa səsləyib.
Layihə eksperti Vüqar Hüseynov tədbir iştirakçılarına ölkədə aztıminatlı ailələrin sosial müdafiəsinin güclənməsinə yönəlmiş və həyata keçirilməkdə olan sosial proqramlar haqqında məlumat verib. Təcrübədən və yaratdığı fürsətlərdən çıxış edərək daha çox ünvanlı sosial yardım və özünəməşğulluq proqramlarına fokuslanan ekspert iştirakçıları hər iki proqramın əsas xüsusiyyətləri ilə tanış edib.
Daha sonra iştirakçılara təklif edilən pulsuz hüquqi yardım xidməti ilə bağlı məlumat verilib. Bildirilib ki, üzbə-üz və onlayn qaydada təşkil edilən hüquqi yardım üçün hər bir maraqlı şəxs müraciət edə bilər. Əlaqə vasitələri təqdim edilməklə yanaşı, qarşıdakı aylarda qəbul günlərinin təşkil ediləcəyi və bu barədə öncədən məlumatların paylaşılması da iştirakçıların diqqətinə çatdırıb.









