Qlobal Jurnalistlər Şurasının (Küresel Gazeteciler Konseyi) növbəti Baş Assambleyası başa çatıb. Qurumun sədri Mehmet Ali Dim yenidən bu vəzifəyə seçilib, eyni zamanda idarəetmə və digər qurumların yeni tərkibi müəyyənləşdirilib.
Turkustan.az xəbər verir ki, 2019-cu ildə beynəlxalq birlik statusunda yaradılan Küresel Jurnalistlər Şurasının III Baş Assambleyası aprelin 8-də başlayıb və iyulun 4-də idarə heyəti, nəzarət, etika və fəxri şuralar, həmçinin ixtisas komitələri və işçi qruplarının seçilməsi ilə yekunlaşıb.
Bildirilir ki, hazırda 84 ölkə və Türkiyənin 81 vilayətində nümayəndəliyi olan təşkilatın Baş Assambleyası Daxili İşlər Nazirliyi tərəfindən akkreditə olunmuş şirkətin təşkilatçılığı ilə "Zoom" platforması üzərindən onlayn keçirilib.
Səsvermənin nəticələrinə əsasən, Mehmet Ali Dim növbəti üç il müddətinə yenidən Küresel Jurnalistlər Şurasının sədri seçilib. Assambleyada həmçinin Yayım, Yerli, Xarici və Rəqəmsal Media məclislərinin rəhbərləri, idarə heyətləri, eləcə də ilk dəfə yaradılan regional işçi qrupları formalaşdırılıb.
Baş Assambleyada keçirilən səsvermənin nəticələrinə əsasən, Yayım Media Məclisinin sədri vəzifəsinə Özgenur Reyhan Güler, Yerli Media Məclisinin sədri vəzifəsinə İsrafil Avcı, Xarici Media Məclisinin sədri vəzifəsinə isə azərbaycanlı jurnalist Elşad Eyvazlı seçilib.Səsvermənin nəticələrinə əsasən, Rəqəmsal Media Məclisinə isə Güven Hasbaş rəhbərlik edəcək.
Qərara əsasən, Yayım Media Məclisində sədr müavini Dursun Eker, Xarici Media Məclisində Ahmet Coşkunaydın, Yerli Media Məclisində İbrahim Arslan, Rəqəmsal Media Məclisində isə Denizhan Erkoç seçilib. Hər dörd məclisin idarə heyətləri və digər üzvləri də Baş Assambleyada təsdiqlənib.
Qeyd edək ki, yeni seçilən rəhbərlik 2026-2029-cu illər ərzində fəaliyyət göstərəcək.
Baş Assambleyada çıxış edən Mehmet Ali Dim təşkilatın yaradıldığı ilk illərdə onun uğur qazanacağına inanmayanların olduğunu xatırladaraq, bu gün KGK-nın dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən geniş jurnalist şəbəkəsinə çevrildiyini bildirib.
Onun sözlərinə görə, təşkilatın əsas məqsədi Türk dünyası, Balkanlar, Yaxın Şərq, Avropa və Afrika arasında media əməkdaşlığını gücləndirmək, beynəlxalq nüfuza malik peşəkar jurnalist təşkilatı kimi fəaliyyətini daha da genişləndirməkdir. /modern.az/