“İstedadlar Akademiyası”nda aşıq yaradıcılığına həsr olunmuş ustad dərsi keçirilib


"İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi növbəti uğurlu layihəsini həyata keçirib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “İstedadlar Akademiyası” layihəsi çərçivəsində növbəti ustad dərsi aşıq yaradıcılığına həsr edilib.

Ustad dərsini peşəkar musiqiçi, Xəzər rayonu Binə qəsəbəsi 24 nömrəli 11 illik Musiqi Məktəbinin saz ixtisası üzrə müəllimi, Azərbaycan Aşıqlar Birliyinin üzvü Cavanşir Quliyev aparıb. O, öz zəngin təcrübəsini gənc saz ifaçıları ilə bölüşərək onlara aşıq sənətinin sirlərini, ifaçılıq texnikasını və bu qədim milli irsin incəliklərini öyrədib. Maraqlı və interaktiv keçən ustad dərsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə gənc istedadlarla yanaşı, ictimaiyyət nümayəndələri və valideynlər də iştirak ediblər. QHT sədrləri Güllü TomarlıBəsti Nəsibova ustad dərsinə qatılaraq layihəyə və gənc istedadlara dəstəklərini ifadə ediblər.

“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin rəhbərliyi layihənin uğurla həyata keçirilməsi üçün yaradılan şəraitə və göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə dərin minnətdarlığını bildirib.

Eyni zamanda, tədbirin yüksək səviyyədə keçirilməsinə verdiyi töhfəyə görə ustad müəllim Cavanşir Quliyevə, dəvəti qəbul edərək tədbirdə iştirak edən QHT sədrlərinə və övladlarının milli ruhda yetişməsinə xüsusi diqqət göstərən valideynlərə təşəkkür edilib.

Qeyd edək ki, layihə çərçivəsində bundan əvvəl xanəndəlik və ifaçılıq, rəssamlıq və rəqs istiqamətləri üzrə ustad dərsləri keçirilib. Növbəti ustad dərsi 6 iyul tarixində Gədəbəy rayonunda təşkil olunacaq. Daha sonra Bakıda qiraətçilik və müxtəlif instrumental musiqi alətlərində ifaçılıq üzrə ustad dərsləri davam etdiriləcək. Layihə yekun hesabat konserti ilə başa çatacaq.

Birliyin sədri, layihə rəhbəri bildirib ki, “İstedadlar Akademiyası” layihəsinin davamlılığı təşkilatın kollektivi və könüllüləri tərəfindən təmin ediləcək. Onun sözlərinə görə, gənc istedadların üzə çıxarılması və inkişafına xidmət edən bu cür layihələrin il ərzində mütəmadi şəkildə həyata keçirilməsi nəzərdə tutulur.


MANŞET XƏBƏRLƏRİ