Ermənistanda Rusiyanın ölkənin dəmir yolları üzərindəki uzunmüddətli nəzarətinin gələcəyi yenidən müzakirə mövzusuna çevrilib.
Turkustan.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin dəmir yolu şəbəkəsinin yalnız Ermənistanın milli maraqlarına xidmət etməli olduğunu bəyan edib.
Hökumətin iclasından sonra jurnalistlərə açıqlama verən Paşinyan bildirib ki, Gümrü-Axurik və Yerasx dəmir yolu xətlərinin bərpası istiqamətində işlərə artıq başlanılıb və bu layihələr həyata keçiriləcək.
Rusiya ilə aparılan müzakirələrə toxunan baş nazir vurğulayıb ki, Ermənistan öz ərazisindən keçəcək beynəlxalq tranzit marşrutlarında kənar müşahidəçi rolunda qalmaq niyyətində deyil.
"Bu, bizim dəmir yolumuzdur. O, Ermənistan Respublikasının mülkiyyətidir və biz öz mülkiyyətimizi özümüz idarə etməliyik. Dəmir yolları yalnız Ermənistan Respublikasının maraqlarına xidmət etməlidir. Başqa cür ola bilməz", – deyə Paşinyan bildirib.
O əlavə edib ki, hazırda Ermənistan dəmir yollarını konsessiya əsasında idarə edən "Cənubi Qafqaz Dəmir Yolu" şirkəti bütün proseslər barədə məlumatlandırılıb və müzakirələrə cəlb olunub.
Erməni mediasının yazdığına görə, son aylarda Ermənistan dəmir yollarının konsessiya idarəçiliyinin Rusiyadan alınaraq başqa dost ölkəyə, xüsusilə Qazaxıstana verilməsi ehtimalı fəal şəkildə müzakirə olunur. Bildirilir ki, məqsəd strateji infrastrukturun idarəçiliyini şaxələndirmək, xidmət keyfiyyətini artırmaq və yeni investisiyalar cəlb etməkdir.
Məlumata görə, bu perspektiv Moskvada ciddi narazılıq doğurub. Rusiya belə bir addımı Ermənistan-Rusiya iqtisadi və strateji əlaqələrinin zəiflədilməsi, həmçinin Cənubi Qafqazdakı rus iqtisadi təsirinin məhdudlaşdırılması cəhdi kimi qiymətləndirir. /Musavat.com/