Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra paytaxt Karakasda müşahidə olunan qan qırmızısı rəngli gün batımı həm ölkə daxilində, həm də sosial mediada geniş müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, şəhərdə çəkilən görüntülərdə səmanın parlaq qırmızı çalara büründüyü görünür.
Məlumata görə, Venesuelanın şimalında baş verən 7,2 və 7,5 bal gücündə iki zəlzələ genişmiqyaslı dağıntılara yol açıb. Xüsusilə La Quayra ştatında çoxsaylı binaların dağıldığı bildirilir. Rəsmi məlumatlara əsasən, ən azı 2300 nəfər həyatını itirib, minlərlə insanın isə hələ də dağıntılar altında qaldığı ehtimal edilir. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Zəlzələlərdən sonra Karakasda qeydə alınan qeyri-adi qırmızı gün batımı görüntüləri qısa müddətdə sosial şəbəkələrdə milyonlarla baxış toplayıb. Bəzi istifadəçilər bu mənzərəni dini mətnlərdə təsvir olunan əlamətlərlə əlaqələndiriblər.
Xüsusilə Müqəddəs Kitabın Yoel kitabının 2:30–31-ci ayələrinə istinad edən paylaşımlarda səmanın qırmızı rəng almasının ilahi xəbərdarlıq ola biləcəyi iddia edilib. Həmin ayələrdə od, tüstü, qan, günəşin qaralması və ayın qana çevrilməsi kimi təsvirlər yer alır.
Bununla belə, bu iddiaları təsdiqləyən hər hansı elmi sübut təqdim olunmayıb. Mütəxəssislər qeyri-adi qırmızı gün batımlarının atmosferdə toz, tüstü, rütubət və işığın səpələnməsi kimi təbii amillərlə bağlı yarana biləcəyini bildirirlər.
Aytən Yaşar/ Turkustan.az