2 iyul Azərbaycanda Polis əməkdaşlarının Peşə Bayramıdır. Bu tarix təsadüfi seçilməyib. Bu tarix 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Daxili İşlər Nazirliyinin tərkibində polis orqanlarının yaradılması barədə qərar qəbul etməsi ilə bağlıdır. Bu il Azərbaycan daxili işlər orqanlarının yaradılmasının 108 ili tamam olur. Bir əsrdən artıq müddətdə daxili işlər orqanları ölkədə qanunçuluğun təmin edilməsi, ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində mühüm xidmətlər göstərib və göstərir.
Bu gün Azərbaycan polisi müasir texnologiyalarla təchiz olunmuş, peşəkar kadr potensialına malik hüquq-mühafizə sistemi kimi fəaliyyət göstərir. Daxili işlər orqanlarının əməkdaşları dövlətin təhlükəsizliyinin, ictimai sabitliyin və vətəndaşların hüquq və azadlıqlarının qorunmasında mühüm missiya yerinə yetirirlər. Azərbaycan polisi torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə də fədakarlıq göstərib sıralarından şəhidlər verib.

Azərbaycanın ilk daxili işlər naziri Fətəli Xan Xoyski olub. Fətəli xan Xoyski – 28 may–17 iyun 1918, Behbud xan Cavanşir – 17 iyun–26 dekabr 1918, Xəlil bəy Xasməmmədov – 26 dekabr 1918–16 iyun 1919, Nəsib bəy Yusifbəyli – 16 iyun–22 dekabr 1919, Məmmədhəsən Hacınski – 22 dekabr 1919–15 fevral 1920, Mustafa Vəkilov – 15 fevral–28 aprel 1920-ci il aralığında daxili işlər nazirləri olublar. Cümhuriyyətin süqutundan sonra nazirlik uzun müddət – müstəqilliyimiz bərpa edilənə kimi SSRİ-nin tabeliyinə olub. SSRİ zamanında Azərbaycan daxili işlər orqanlarına 17 şəxs müxtəlif müddətlərdə rəhbərlik edib.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Daxili İşlər Nazirliyi də keçmiş SSRİ-nin tabeliyindən çıxaraq müstəqil dövlətin tərkibində fəaliyyət göstərməyə başlayıb. Artıq 25 ildir müstəqil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ölkədə təhlükəsizlik və asayişin qorunması naminə fəaliyyət göstərməkdədir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk daxili işlər naziri Məhəmməd Nəbi oğlu Əsədov olub. 1941-ci il dekabrın 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olan M.Əsədov 1990-cı ilin may ayında daxili şlər naziri vəzifəsinə təyin edilib. Mərhum nazir müstəqillikdən sonra yalnız 1 ay bu postda qala bilib. 1991-ci il 20 noyabrında erməni terrorunun qurbanı olub. M.Əsədov 1991-ci il noyabrın 20-də dövlət xadimləri ilə birlikdə Qarakənd kəndi üzərində ermənilər tərəfindən vertolyotun vurulması zamanı şəhid olub. Məhəmməd Əsədovun faciəli ölümündən sonra onun yerinə Tofiq Mirzə oğlu Kərimov nazir təyin edilib. Lakin T.Kərimov da daxili işlər naziri olaraq cəmi 3 ay fəaliyyət göstərə bilib.

Sonra bu vəzifəyə Tahir Yunus oğlu Əliyev təyinat alıb. Əslən Qubadlı rayonunun Cılfır kəndindən olan T.Əliyev 1992-ci il martın 17-də daxili işlər naziri təyin olunub. T.Əliyevin də nazir kimi fəaliyyəti 3 ay davam edib. Daha sonra prezidentin sərəncamı ilə o, Gömrük Komitəsinin sədri vəzifəsində çalışıb. Hazırda ehtiyatda olan generaldır.
Müstəqilliyin bərpasından sonra Azərbaycanın 4-cü daxili işlər naziri Həmidov İsgəndər Məcid oğlu olub. 1948-ci ildə Kəlbəcər rayonunda anadan olan İsgəndər Həmidov 1992-ci il 16 may tarixindən 1993-cü ilin aprelin 16-dək daxili işlər naziri vəzifəsində çalışıb.

İsgəndər Həmidovdan sonra daxili işlər naziri vəzifəsinə Allahverdiyev Abdulla Museyib oğlu təyin edilib. Abdulla Allahverdiyev nazir olaraq 2 ay fəaliyyət göstərə bilib. A.Allahverdiyev 1993-cü ilin aprelin 21-dən iyunun 25-dək Azərbaycanın daxili işlər naziri olub.
Bir ay sonra isə Novruzov Vaqif Yusif oğlu nazir təyin edilib. V.Novruzov isə 1994-cü ilin aprelin 29-da nazir vəzifəsindən kənarlaşdırılıb.
Ramil İdris oğlu Usubov müstəqil Azərbaycanın sayca yeddinci daxili işlər naziri olub. General-polkovnik Ramil Usubov 1994-cü ilin aprelin 29-dan 2019-cu ilin kimi daxili işlər naziri işləyib. O, 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1970-ci ildən daxili işlər orqanlarında xidmət edib. Nazir təyinatınadək müxtəlif vəzifələrdə çalışıb. Prezidentin 29 aprel 1994-cü il tarixli 140 nömrəli fərmanı ilə daxili işlər naziri təyin edilib. General-polkovnik Ramil Usubov hazırda Azərbaycanın Təhlükəsizlik Şurasının katibidir.
![]()
Ramil Usubovdan sonra Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 20 iyun tarixli 1278 nömrəli Sərəncamı ilə daxili işlər naziri vəzifəsinə Vilayət Süleyman oğlu Eyvazov təyin edilib. O, 1968-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 1994-cü ildən daxili işlər orqanlarında fəaliyyətə başlayıb. Daxili işlər naziri təyin olunanadək sözügedən sistemdə bir çox vəzifələrdə, həmçinin daxili işlər nazirinin birinci müavini vəzifəsində işləyib. Müstəqil Azərbaycanın 8-ci daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov hazırda bu vəzifəsini davam etdirir./Musavat.com