Azərbaycan və Türkiyə paxlavanın mənşəyi ilə bağlı uzun illərdir davam edən mübahisələrə son qoymaq üçün güclərini birləşdirib. İki qardaş ölkə bu ənənəvi şirniyyatın ortaq mədəni irs kimi tanınması məqsədilə UNESCO-ya birgə müraciət edib.
Türkiyənin "Türkiye" qəzetinin yazdığına görə, Ankara və Bakı "baklava" və "paxlava" adları altında hazırlanan nominasiya sənədlərini UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına təqdim ediblər.
Məsələ ilə bağlı yekun qərar UNESCO-nun Hökumətlərarası Komitəsinin 30 noyabr – 5 dekabr tarixlərində Çinin Syamen şəhərində keçiriləcək 21-ci sessiyasında veriləcək.

Türkiyə tərəfi hesab edir ki, müraciətin qəbul olunması ehtimalı yüksəkdir. Bu qərar qəbul edilərsə, Yunanıstanın paxlavanı öz milli irsi kimi təqdim etmək cəhdləri zəifləyəcək, eyni zamanda bu məşhur şərq şirniyyatının Azərbaycan və Türkiyənin ortaq mədəni irsi kimi beynəlxalq səviyyədə tanınması möhkəmlənəcək.
Qeyd edək ki, 2013-cü ildə Qaziantep paxlavası Avropa İttifaqı tərəfindən Qorunan Coğrafi Göstərici (PGI) statusu alaraq bu statusa layiq görülən ilk Türkiyə məhsulu olub.
Paxlavanın mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələr mövcud olsa da, bir çox tarixçi onun bugünkü formasını Osmanlı saray mətbəxində aldığını bildirir. Mənbələrdə qeyd olunur ki, Sultan II Mehmed Fatehin dövründən etibarən paxlava saray mətbəxinin əsas təamlarından biri olub. Ramazan ayında keçirilən ənənəvi "Paxlava alayı" mərasimində isə sarayda hazırlanan paxlavalar yeniçəri qoşunlarına təqdim edilirdi. Türkiyədə bu desert ilk növbədə Qaziantep şəhəri ilə assosiasiya olunur. İstanbulun tarixi şirniyyat evləri də əsrlərdir paxlava ənənəsini yaşadır.
Digər tərəfdən, Yunanıstan da paxlavanın öz mədəni irsinə aid olduğunu iddia edir. Afina bu mövqeyini Bizans dövründə və Egey adalarında nazik xəmir, bal və qozdan hazırlanan oxşar şirniyyatların mövcudluğu ilə əsaslandırır. Bu səbəbdən Yunanıstan restoranlarında desert tez-tez "Yunan paxlavası" adı ilə təqdim edilir. Azərbaycan Dövlət Turizm Agentliyindən bildirilib ki, UNESCO-ya təqdim olunan nominasiya dosyesi məhz Agentlik tərəfindən hazırlanaraq təqdim edilib. Qurumdan qeyd olunub ki, bu proses Türkiyə ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir və ilin sonunadək UNESCO-nun paxlavanın siyahıya daxil edilməsi ilə bağlı müsbət qərar verəcəyi gözlənilir.
Qeyd edək ki, paxlava ətrafında mübahisələr yeni deyil. Uzun illərdir Türkiyə və Yunanıstan bu desertin mənşəyi ilə bağlı müxtəlif arqumentlər irəli sürür. Yunanıstan paxlavanın köklərinin Bizans dövrünə aid olduğunu iddia edir. Yunan tarixçiləri hesab edirlər ki, nazik xəmir qatlarından hazırlanan şirniyyatlar Bizans mətbəxində mövcud olub və sonradan Osmanlı dövründə inkişaf etdirilib. Bu səbəbdən ölkənin bir çox restoranlarında desert "Greek Baklava" (Yunan paxlavası) adı ilə təqdim edilir. Türkiyə isə paxlavanın bugünkü formasının Osmanlı saray mətbəxində formalaşdığını bildirir. Xüsusilə Qaziantep paxlavasının 2013-cü ildə Avropa İttifaqı tərəfindən Qorunan Coğrafi Göstərici (PGI) statusu alması Ankaranın əlini daha da gücləndirib. Bununla belə, bu status yalnız "Qaziantep paxlavası"na aiddir və paxlavanın ümumi mənşəyi ilə bağlı mübahisələrə hüquqi nöqtə qoymur.

Ekspertlər qeyd edirlər ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmə məhsulun müəlliflik hüququnu müəyyən etmir. Bu siyahı daha çox ənənənin qorunmasına və yaşadılmasına xidmət edir. Lakin beynəlxalq nüfuz baxımından belə qərarlar ölkələrin mədəni irsi üzərində mövqeyini gücləndirdiyi üçün böyük əhəmiyyət daşıyır.
Son illər region ölkələri arasında kulinariya irsi ilə bağlı mübahisələr artıb. Paxlava ilə yanaşı dolma, lavaş, türk qəhvəsi, humus, küftə və digər ənənəvi yeməklər də müxtəlif ölkələr tərəfindən milli irs kimi təqdim olunur. Buna görə UNESCO-ya edilən müraciətlər artıq təkcə mədəni deyil, həm də turizm, brendinq və iqtisadi maraqlar baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiaslanov mövzu ilə bağlı Musavat.com-a bildirib ki, UNESCO-ya müraciətin təşəbbüskarlarından biri də məhz özü olub: “Bununla bağlı UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm. Azərbaycan Milli Kulinariya Assosiasiyası olaraq Azərbaycan paxlavasının tarixi və mənşəyi ilə bağlı faktları əsaslandıraraq bu məsələni hər zaman gündəmdə saxlamışıq. Hazırda dövlət qurumlarımız da bu istiqamətdə fəal iş aparırlar. Təbii ki, Heydər Əliyev Fondu da hər zaman olduğu kimi, UNESCO ilə bağlı prosesləri diqqətdə saxlayır və bu məsələdə öz nüfuzundan istifadə edir. Məktubda da xüsusi olaraq vurğulamışam ki, Azərbaycanda paxlavanın tarixi Türkiyənin təqdim etdiyi dövrdən xeyli əvvələ gedib çıxır. Qaziantep şəhəri UNESCO tərəfindən Dünya Qastronomiya Şəhəri elan edilməzdən əvvəl mən dəvət olunmuş 12 beynəlxalq ekspertdən biri kimi həmin prosesdə iştirak etmişəm. O zaman Qaziantep paxlavasının UNESCO-ya təqdim olunması prosesində də iştirak etmişdim. İndi türk qardaşlarımız paxlavanın tarixini XV-XVI əsrlərə aid edirlər. Halbuki bizdə Azərbaycan paxlavasının ən azı XII əsrə aid olduğunu təsdiqləyən konkret tarixi mənbələr mövcuddur. UNESCO-ya göndərdiyim müraciət də məhz Azərbaycan Milli Kulinariya Assosiasiyasının topladığı və təqdim etdiyi bu tarixi faktlar əsasında hazırlanıb”.