Yunanıstanın “Kathimerini” qəzeti 7–8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Zirvə Toplantısı ərəfəsində Türkiyənin alyansdakı rolunun güclənməsi ehtimalının İsraildə narahatlıq yaratdığını yazıb.
Turkustan.az xəbər verir ki, nəşrin iddiasına görə, bu narahatlıq İsrailin Baş naziri Benyamin Netanyahunun son dövrlərdə atdığı addımlarda da özünü göstərir.
Məqalədə qeyd olunur ki, İsrail hökumətinin ötən həftə 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını tanıması da bu kontekstdə qiymətləndirilir.
Qəzet həmçinin Netanyahunun "Prezident Rəcəb Tayyib Ərdoğanın İsrailin məhvini istəmədiyi bir gün belə yoxdur" fikrinin həqiqəti əks etdirmədiyini iddia edib. Məqalədə vurğulanır ki, Ərdoğan heç vaxt İsrailin məhv edilməsinə çağırış etməyib, lakin NATO-nun yeganə müsəlman üzvü olan Türkiyənin lideri kimi Qəzzada İsrailin hərbi əməliyyatlarını sərt tənqid edib.
Yazıda, həmçinin 1492-ci ildə Katolik İspaniyasından qovulan yəhudilərin Osmanlı İmperiyasında sığınacaq tapdığı xatırladılaraq, Türkiyədə antisemitizmin tarixən xristian Avropasındakı səviyyədə olmadığı iddia olunur.
Aytən Yaşar/ Turkustan.az