Qlobal maliyyə bazarlarının diqqəti Yaponiyaya yönəlib. Yapon yeni ABŞ dolları qarşısında 1986-cı ildən bəri ən aşağı səviyyəsinə enərək son 40 ilə yaxın dövrün ən zəif göstəricisini qeydə alıb.
Turkustan.az xəbər verir ki, analitiklərin fikrincə, yenin ucuzlaşmasına ABŞ və Yaponiya arasında faiz dərəcələri fərqi, geosiyasi risklər və enerji qiymətlərinin yüksəlməsi təsir göstərir.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini yüksək səviyyədə saxlaması, Yaponiya Bankının (BOJ) isə monetar siyasətdə daha ehtiyatlı davranması investorların dollara üstünlük verməsinə səbəb olub. Nəticədə ABŞ dolları möhkəmlənib, Yapon yeni isə təzyiq altında qalıb.
Enerji idxalından böyük ölçüdə asılı olan Yaponiya üçün enerji qiymətlərinin artması da milli valyutanın zəifləməsini sürətləndirən amillərdən biri kimi qiymətləndirilir.
Yenin tarixi minimuma enməsindən sonra bazarlarda Yaponiya hökumətinin valyuta bazarına yenidən müdaxilə edə biləcəyi ilə bağlı gözləntilər güclənib. Ekspertlər xatırladırlar ki, Tokio bundan əvvəl də milyardlarla dollar həcmində müdaxilə etsə də, bunun təsiri məhdud olub. Buna baxmayaraq, yeni müdaxilə ehtimalı istisna edilmir.
Aytən Yaşar/ Turkustan.az