Sözləri ilə Türkiyəni silkələyən komediyaçı saxlanıldı


Türkiyəli stand-up komediyaçısı Deniz Göktaş konserti zamanı “Qurani-Kərim” və vəhy prosesi ilə bağlı səsləndirdiyi fikirlərə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, xaricdən Türkiyəyə qayıdan Göktaş İstanbul Hava Limanında pasport nəzarəti zamanı saxlanılıb.

İstanbul Baş Prokurorluğu komediyaçının sosial media hesablarında yayımlanan çıxışını araşdırıb və videoda cinayət tərkibi ola biləcəyini əsas gətirərək onun barəsində hüquqi prosedura başlayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Deniz Göktaşın stand-up proqramında müqəddəs kitabları müqayisə etməsi və vəhy prosesi ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş rezonans doğurmuş, müxtəlif reaksiyalara səbəb olmuşdu.

Qeyd edək ki, aktyor stendap proqramında müqəddəs kitablarla bağlı zarafat edib. O, "İlk üç kitab yaxşı idi, amma dördüncü kitabın tərcüməsi o qədər də uğurlu alınmayıb", - deyib.

Bu sözlər bir çoxları tərəfindən "Quran"a hörmətsizlik kimi qiymətləndirilib. /Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ