Dələduzluqda təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Turkustan.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Namizəd Səfərov vəsatətlər verib.
O, ilk vəsatətində özünün və zərərçəkən kimi tanınan Günel Əfəndiyevanın telefonlarının müəyyən vaxt intervalında danışıqlarının və anten məlumatlarının çıxarılmasını xahiş edib. Digər vəsatəti saxlanılan zaman yanında olanların şahid kimi dindirilməsi və ətrafdakı kameraların görüntülərinin iş materiallarına əlavə edilməsi ilə bağlı olub.
Hər iki vəsatət novbəti baxılmamış saxlanılıb.
Prosesin davamında dövlət ittihamçısı Valeh Ələkbərli ittiham aktını elan edib.
İttihama görə, Günel Əfəndiyeva Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində sosial işçi vəzifəsindən azad edildikdən sonra Namizəd Səfərovla tanış olub. N.Səfərov Vəkillər Kollegiyasından azad olunmasına baxmayaraq G.Əfəndiyevaya hüquqi yardım göstərə biləcəyini deyib. O, zərərçəkən kimi tanınan şəxsə vəd verib ki, yüksək vəzifəli tanışlarının vasitəsi ilə G.Əfəndiyevanı mərhələli şəkildə direktor vəzifəsinə təyin etdirəcək. Buna görə isə ondan 53 min manat pul alıb. Lakin vədinə əməl etməyib.
Namizəd Səfərov elan olunmuş ittihamda özünü təqsirli bilməyib.
O, səhhətinin, yaşının və istintaq təcridxanasından məhkəməyə gedib-gəlməyin çətinliyinin nəzərə alınaraq barəsindəki qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib. Vəsatət təmin edilməyib.
Növbəti proses iyulun 30-na təyin edilib.
N.Səfərova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb./oxu.az