Türkiyənin Milli Müdafiə Nazirliyinin (MSB) Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə müşaviri, nazirliyin sözçüsü kontr-admiral Zeki Aktürk Ankarada keçiriləcək NATO Zirvə Görüşünün Alyansın gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Turkustan.az xəbər verir ki, Aypara və Ulduz Birgə Qərargahında təşkil olunan həftəlik mətbuat brifinqində çıxış edən Aktürk deyib: "Biz bu zirvə görüşünü Alyansın gələcəyinə dair ortaq yanaşmanın formalaşacağı mühüm dönüş nöqtəsi kimi qiymətləndiririk."
Aktürk həmçinin qeyd edib ki, ötən həftə daha yeddi PKK üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.
O, Aypara və Ulduz Birgə Qərargah Layihəsinin məqsədinin Milli Müdafiə Nazirliyi, Baş Qərargah, eləcə də Quru, Dəniz və Hava Qüvvələri komandanlıqlarını vahid kompleksdə bir araya gətirmək olduğunu bildirib. Onun sözlərinə görə, bu layihə Silahlı Qüvvələr daxilində koordinasiyanı gücləndirəcək və birgə əməliyyatlar konsepsiyasının daha səmərəli həyata keçirilməsinə töhfə verəcək.
Aytən Yaşar/ Turkustan.az