XXI əsr texnologiyalar əsri olmaqla yanaşı, həm də təhlükəsizlik əsridir. Bu gün dövlətlərin gücü yalnız iqtisadi göstəricilər, təbii sərvətlər və ya hərbi imkanlarla ölçülmür. Rəqəmsal məkanın təhlükəsizliyi, informasiya sistemlərinin etibarlılığı və yüksək texnologiyalar sahəsində formalaşan insan kapitalı da ölkələrin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən biridir.
Dünyada rəqəmsallaşmanın sürətlənməsi həyatın bütün sahələrini əhatə edir. Dövlət idarəçiliyindən bank sektoruna, təhsildən səhiyyəyə, sənayedən enerji təhlükəsizliyinə qədər bütün istiqamətlərdə rəqəmsal texnologiyalar aparıcı rol oynayır. Bu proses yeni imkanlarla yanaşı, yeni risklər də yaradır. Məhz buna görə kibertəhlükəsizlik artıq təkcə informasiya texnologiyaları mütəxəssislərinin məşğul olduğu sahə deyil. Bu gün kibertəhlükəsizlik milli təhlükəsizliyin, iqtisadi dayanıqlılığın və davamlı inkişafın mühüm komponentlərindən birinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov bildirib.
Rektor vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiya siyasəti, innovasiyaların təşviqi və insan kapitalının inkişafına yönəlmiş strateji kurs bu istiqamətdə yeni imkanlar açır. Azərbaycanın rəqəmsal gələcəyinin təmin olunması üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması xüsusi əhəmiyyət daşıyır. Bu vəzifənin icrasında ali təhsil müəssisələrinin rolu olduqca böyükdür.
Anar Eminov diqqətə çatdırıb ki, Mingəçevir Dövlət Universitetində regionun ən böyük və ən müasir Kibertəhlükəsizlik Laboratoriyasının yaradılması məhz bu strateji məqsədlərə xidmət edən mühüm addımdır. Bu mənada, bu gün açılışını etdiyimiz laboratoriya sadəcə texniki avadanlıqlarla təchiz olunmuş yeni bir məkan deyil. Bu laboratoriya gələcəyin mütəxəssislərinin formalaşacağı, nəzəri biliklərin praktiki bacarıqlara çevriləcəyi, innovativ ideyaların meydana çıxacağı və yeni layihələrin yaranacağı bir inkişaf platformasıdır.
Rektor xüsusilə vurğulayıb ki, müasir əmək bazarında artıq diplomla yanaşı, praktiki bacarıqlar da əsas meyarlardan hesab olunur. Xüsusilə kibertəhlükəsizlik sahəsində real təcrübə, operativ qərarvermə qabiliyyəti və müasir texnologiyalarla işləmək bacarığı mühüm əhəmiyyət kəsb edir. Yeni laboratoriya tələbələrimizin kiberhücumların modelləşdirilməsi, informasiya sistemlərinin müdafiəsi, risklərin qiymətləndirilməsi və təhlükəsizlik mexanizmlərinin tətbiqi istiqamətində praktiki biliklər əldə etməsinə imkan yaradacaq.
Son illər universitetimizdə informasiya texnologiyaları və kibertəhlükəsizlik ixtisaslarına marağın əhəmiyyətli dərəcədə artması da sevindirici haldır. Bu, gənclərimizin gələcəyin peşələrini düzgün müəyyənləşdirdiyini və texnoloji inkişaf proseslərində fəal iştirak etmək istədiyini göstərir. Universitet rəhbərliyi olaraq əsas məqsədimiz həmin marağı müasir təhsil imkanları ilə dəstəkləmək, gənclərimizin beynəlxalq rəqabət mühitində uğur qazanmasına şərait yaratmaqdır.
Bu baxımdan bp şirkətinin dəstəyi ilə həyata keçirilən layihə universitet-sənaye əməkdaşlığının uğurlu nümunəsidir. Müasir dövrdə təhsil müəssisələri ilə biznes sektorunun tərəfdaşlığı innovativ inkişafın əsas şərtlərindən biri hesab olunur. Belə əməkdaşlıq tələbələrə real sektorun tələblərini daha yaxından öyrənməyə, əmək bazarına daha hazırlıqlı çıxmağa və gələcəyin peşəkarı kimi formalaşmağa imkan verir.
"Əminəm ki, Mingəçevir Dövlət Universitetində yaradılan Kibertəhlükəsizlik Laboratoriyası təkcə universitetimizin deyil, bütövlükdə regionun elmi, texnoloji və intellektual inkişafına mühüm töhfə verəcək. Burada yetişəcək mütəxəssislər Azərbaycanın rəqəmsal transformasiya prosesində, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsində və innovativ iqtisadiyyatın inkişafında fəal rol oynayacaqlar.
Bu gün kibertəhlükəsizlik sahəsinə qoyulan hər bir sərmayə gələcəyin təhlükəsizliyinə qoyulan sərmayədir. Bu gün yetişdirilən hər bir peşəkar kadr isə Azərbaycanın rəqəmsal inkişafının, texnoloji gücünün və beynəlxalq rəqabət qabiliyyətinin möhkəmlənməsinə xidmət edir. Məhz buna görə hesab edirəm ki, kibertəhlükəsizlik sahəsində insan kapitalının formalaşdırılması ölkəmizin strateji inkişaf prioritetlərindən biri olaraq xüsusi diqqət mərkəzində qalmalıdır", - deyə Anar Eminov fikirlərini yekunlaşdırıb.




