Kiyevdən Berlinə müraciət: Onlarla Patriot raketi tələb olunur


Ukrayna hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə Almaniyadan əlavə Patriot raketləri almağa çalışır.

Turkustan.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri mənbələrə istinadən xəbər yayıb.

Məlumata əsasən, Kiyev bu il Almaniyadan ehtiyatlarında olan onlarla Patriot raketinin Ukraynaya verilməsini istəyib. Bildirilir ki, bu addım Rusiyanın intensivləşən raket və pilotsuz uçuş aparatları hücumları fonunda Ukraynanın hava müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Adının açıqlanmasını istəməyən mənbələrin sözlərinə görə, Ukrayna Almaniyaya gələcəkdə istehsal ediləcək tutucu raketlərin təhvil verilməsi müqabilində Patriot sistemləri üçün raketlər əldə etməyi təklif edib.

Tərəflər arasında bu məsələ ilə bağlı danışıqların davam etdiyi bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ