İrandan bəyanət: Livan ərazisindən çəkilmədən sülh olmayacaq!


İran İnqilab Keşikçiləri Korpusu İsrail ilə Livan arasında əldə olunan atəşkəs razılaşmasına münasibət bildirib.

Turkustan.az xəbər verir ki, qurumun yaydığı bəyanatda qeyd olunub ki, İsrail işğal etdiyi Livan ərazilərindən geri çəkilmədiyi müddətdə bölgədə davamlı sülhün bərqərar olması mümkün deyil.

İran dövlət televiziyasının məlumatına görə, İnqilab Keşikçiləri Korpusu İsrailin Livana qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı yazılı açıqlama yayıb.

Bəyanatda vurğulanıb ki, beynəlxalq təşkilatların, müxtəlif dövlətlərin və dünya ictimaiyyətinin etirazları Təl-Əvivin siyasətinə ciddi təsir göstərməyib. Həmçinin ABŞ-ın bölgəyə müdaxilələrinin İsrailin hərbi əməliyyatlarının və zorakılıq hallarının artmasına şərait yaratdığı iddia olunub.

Açıqlamada qeyd edilib ki, ABŞ və bəzi Avropa ölkələrinin dəstəyinə baxmayaraq, İsrail bölgə xalqlarının rəğbətini qazana bilməyib. Bildirilib ki, İsrailin nəzarətində olan ərazilərdə dağıntılar davam edir və hər gün fələstinli və livanlı ailələrin evləri məhv edilir.

İnqilab Keşikçiləri Korpusu hesab edir ki, bölgədə sabitliyin və davamlı sülhün təmin olunması üçün İsrail işğal etdiyi ərazilərdən tam şəkildə geri çəkilməlidir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ