“Cənubi Qafqazın da daxil olduğu Xəzər-Qaradəniz regionu, Azərbaycanla birbaşa əlaqəli olan Böyük Yaxın Şərq meqaregionu ciddi dəyişikliklər mərhələsinə qədəm qoyub. Əvvəl Astanasında idik, amma artıq yeni epoxal dəyişikliklər mərhələsindəyik”.
Turkustan.az xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.
Ekspert bildirib ki, Azərbaycan üçün risk və imkanlar da artır:
“Azərbaycan bu mürəkkəb coğrafiyada artıq periferik oyunçu deyil, proseslərə fəal təsir potensialı olan “geosiyasi qovşaq” statusundadır. Azərbaycan üçün risk və imkanlar da artır. İranada baş verən hadisələr ölkəni əhəmiyyətli dərəcədə dəyişəcək. Bu transformasiya artıq tarixi zərurətdir. Transformasiya ssenarilərinin hanısının reallaşması bilavasitə bütün Yaxın Şərq və Cənubi Qafqaza təsir göstərəcək. Azərbaycan bu prosesdən daha da güclənərək çıxa bilər.
Bu istiqamətdə Bakı-Ankara koordinasiyası həyativacib əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə üçün İranda dünyəvi, respublika idarəetmə modelinə tədricən keçid və konstitusion islahatların həyata keçirilməsi, ölkənin daxili və ərazi bütövlüyünün saxlanılması starteji vacib məsələdir. İranda bütün xalqlar və soydaşlarımızın haqq və hüquqlarının təmin edildiyi, qorunduğu, milli birliyi, həmrəyliyi əsas götürən siyasi rejimin qurulması bölgəmizdə geosiyasi tarazlığı qorumaq üçün çox vacibdir”.
Zaur İbrahimlinin fikrincə, bu dəyişiklik İranı regionda Azərbaycan və Türkiyə, həmçinin digər qonşularla konstruktiv əməkdaşlıq edən strateji tərəfdaşa çevirəcək:
“İranın tamamilə xarici idarəetmədən asılı vəziyyətə düşməsi qətiyyən yolverilməzdir. Fars millətçiliyinin yeni formada dirçəlişi qətiyyən arzuolunmazdır. Əgər xarici oyunçular bu istiqaməti seçsə, hazırda bunun ilkin işartıları görünür, İranda uzunmüddətli sabitliyi təmin etmək mümkün olmayacaq.
İranın rifah və inkişafı fars millətçiliyi, teokratik avtoritarizm modellərindən tamamilə imtinadan keçir. Əks halda parçalama prosesləri reallığa çeviriləcək, bütün Yaxın Şərqi partladacaq proseslər start götürə bilər. İndi XIX-XX əsr deyil, XX əsrdir və müstəqil, güclü Azərbaycan Respublikası tarix səhnəsində ön plandadır”./teleqraf