İran viran olsa, bölgədə nələr yaşanar? – Qorxunc ssenari işə düşür


İranda davam edən etiraz aksiyalarına Güney Azərbayan bölgəsinin də qoşulması gərginliyi artırıb. Beləliklə mövcud rejimə qarşı mitinqlər bütün ölkəni bürüyüb.

Analitiklərin fikrincə, İranda baş verən proseslər bu ölkə ilə məhdudlaşmayacaq və regiona da təsir göstərəcək. Etirazçıların bir qismi Pəhləvi hökmdarlığının qayıtmasını dəstəkləsə də, xüsusilə Güney Azərbaycan bölgəsi buna qarşı çıxır və mövcud rejimlə yanaşı, şah rejiminin bərpasına da etiraz edilir.

İranda meydana gələn kütləvi etirazlar nə ilə nəticələnəcək? Rejim dəyişikliyi ola, ölkə parçalana bilərmi?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, İran Yaxın Şərqdə olduqca həssas mövqedə yerləşən ölkədir:

“Buradakı hakimiyyət region ölkələrinin demək olar ki, hamısının daxili işlərinə müxtəlif formalarda müdaxilə edir. Müdaxilə etmədiyi yeganə dövlət İsrail idi. Lakin sonradan İsrail hakimiyyəti ölkə daxilində İran casuslarının fəaliyyət göstərdiyinə dair məlumat yaydı və Tehranın buradakı casus şəbəkəsi ifşa olundu.

Bu baxımdan İranda müsbət istiqamətdə dəyişiklik baş verərsə, qonşu ölkələrlə münasibətləri normallaşa, iqtisadi, mədəni və sosial əlaqələr, əməkdaşlıq inkişaf edə bilər. Səudiyyə Ərəbistanı ilə İran arasında səfirlik və konsulluqlara edilən hücumlar nəticəsində münasibətlər pozulmuş, uzun müddət iki ölkə arasında diplomatik və siyasi əlaqələr olmamışdı. Hətta İran zəvvarlarının Məkkəyə getməsi ilə bağlı ciddi problemlər yaşanmışdı.

Təxminən üç il öncə bu münasibətlər Çinin vasitəçiliyi ilə bərpa olundu. Azərbaycanla İran arasında da üç il səfirliyimə qarşı terror hücumu nəticəsində dövlətlərarası münasibətlər pozuldu. Tehran hakimiyyəti hələ də Azərbaycanın etimadını qazanmağa çalışır. Əfqanıstanla da vəziyyət oxşardır. İstər əvvəlki dünyəvi hakimiyyət dövründə, istərsə də indiki Taliban hakimiyyəti zamanı Tehranla münasibətlər gərgin olub.

Pakistanla da münasibətlər yaxşı deyil. İran Pakistan ərazisində, Pakistan isə İran ərazisində hərbi əməliyyatlar həyata keçirib. İraq ərazisində İranın “Həşti-Şəbi” adlı silahlı qruplaşmaları qalmaqdadır. Bəhreyn isə İran tərəfindən davamlı şəkildə təhdid edilir”.

Türkiyə-İran münasibətləri zahirdə yaxşı görünsə də, mahiyyət etibarilə iki ölkə arasında gərginlik qalmaqdadır”.

İran viran olsa, bölgədə nələr yaşanar? - Qorxunc ssenari işə düşür
Sədrəddin Soltan

Siyasi şərhçi bildirib ki, Tehran hakimiyyəti Ermənistanın daxili işlərinə də müdaxilə edir.

“Məsələn, Zəngəzur dəhlizi ilə bağlı Tehran rəsmilərinin açıqlamalarını xatırlamaq kifayətdir.

Bu baxımdan, İranda baş verən proseslər nəticəsində bu ölkədə normal, demokratik hakimiyyətin qurulması, türklər başda olmaqla fars olmayan etnik qrupların hüquqlarının bərpa edilməsi buranı regionda nümunəvi bir dövlətə çevirə bilər. Belə bir ölkə ilə qonşular və dünya dövlətləri əlaqə qurmağa çalışar.

Hazırkı proseslər nə əvvəldir, nə də son. Lakin hələlik bu aksiyaların bəlli siyasi şüarları yoxdur. Etirazlar əsasən iqtisadi, maliyyə və sosial məzmun daşıyır. Burada açıq siyasi xarakterli etirazlardan söhbət getmir. Aksiyaların təşkilatçıları və liderləri də bəlli deyil. Bu səbəbdən mitinqlərdə istiqamət müxtəlifdir.

Aksiyalardan həm Tehran hakimiyyəti, həm də Qərbdə İrana müxalif olan xaricdəki təşkilatlar yararlanmağa çalışır. Prosesin birmənalı şəkildə rejim dəyişikliyinə yönəldiyini demək hələ tezdir, etirazlar davam edir, lakin uzunmüddətli olacağı ehtimalı azdır.

Birincisi, rejimi qoruyan SEPAH güclü, diri və aktivdir.

İkincisi, Tehran hakimiyyəti ölkənin bütün ərazilərinə nəzarət edə bilir, sərhədlərini qoruyur. Hakimiyyətdə təmsil olunan şəxslərdən heç biri istefa verməyib. Deməli, hələlik hamı gözləmə mövqeyindədir və mövcud aksiyalar hakimiyyəti laxladacaq gücdə deyil”.


MANŞET XƏBƏRLƏRİ