Prezident İlham Əliyev Şahin Əliyevi Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edib.
Digər sərəncamla Rövşən Rəhim oğlu İsmayılov Ədliyyə Akademiyasının yeni rektoru təyin edilib.
Yeni rektorun dosyesini təqdim edirik:
Rövşən Rəhim oğlu İsmayılov 1971-ci il mayın 8-də Bakı şəhərində anadan olub.
1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1994-cü ildən BDU-nun Konstitusiya hüququ kafedrasında müəllim, 2006-cı ildən dosentdir.
1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasının Hazırlanması Komissiyasının işçi qrupunun üzvü olub.
2000-ci ildə Odessa Milli Hüquq Akademiyasında hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. Elmi işinin mövzusu “Azərbaycan Vətəndaşlıq İnstitutu” olub.
1996-2001-ci illərdə Avropa İnsan Hüquqları Mərkəzi (Bakı) Şurasının üzvü olub.
1997-ci ilin fevralından 2003-cü ilə kimi Xəzər Universitetində müəllimi işləyib.
2002 və 2005-ci illərdə ABŞ-nin İndiana Universitetində elmi məzuniyyətdə olub, orada tədqiqat aparıb.
2006-cı ilin fevral ayında Milli Məclisin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin olunub.
2008-2017-ci illərdə Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRI) üzvü olub.
22 iyun 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. 2017-ci ildən Avropa Şurası Venesiya Komissiyasının üzvüdür.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı (27 may 2019-cu il), Azərbaycanın əməkdar hüquqşünası (10 iyul 2018-ci il) fəxri adı, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı (02 fevral 2024-cü il) ilə təltif olunub./modern.az