Yeni il bayramında qar yağacaq? - AÇIQLAMA


Yeni ilə sayılı günlər qalmışkən, paytaxt sakinlərini ən çox maraqlandıran suallardan biri Bakıya qarın yağıb-yağmayacağıdır. Xüsusilə 2015-2016-cı illərin məşhur qarlı günlərini xatırlayanlar bu dəfə də eyni ab-havanın olacağına ümid edirlər.

Bəs qarşıdan gələn bayram günlərində ölkə ərazisində hava necə olacaq? Paytaxt və regionlarda qar ehtimalı varmı?

Turkustan.az xəbər verir ki, sfera.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli bildirib ki, bizim yerləşdiyimiz subtropik-mülayim qurşağına nəzər yetirsək, bu qurşaq əsasən isti olan ərazidir. Onun sözlərinə görə, biz çox zaman qışı Bakıda görmək istəyirik, amma Bakı yarım-səhra şəhəridir:

"Yəni, bu ərazi dənizin sahilində yerləşdiyinə görə, yarım səhra ərazi olduğuna görə, burda qar çox yağmır. Qışda, xüsusən dekabr ayının sonları və yanvarın əvvəllərində, bəzən də fevral ayında təsadüfən qar yağması müşahidə olunur. Qar yağması yeni il üçün olmur. Dünyanın bir çox ölkələri yeni ili qarsız qarşılayırlar. Şaxta baba personajı isə Şimal yarımkürəsinə məxsusdur. Santa Klaus Amerikada yaranan personajdır. Şaxta baba da onun alternativi olaraq, Rusiyada, Sovet dövlətində yaranmış personajdır. Yəni, daha çox qarın yağdığı ərazilərdə olur. Bizdə yeni ildə qar olmaya da bilər. Çünki, biz suptropik-mulayim iqlim qurşağında yerləşirik. Yəni, yeni illə bağlı ehtimal etmək də düzgün olmaz".

Ekoloq qeyd edib ki, ən sərt və şaxtalı qışlardan biri 2012-ci ildə olub:

"Hətta, Xəzər dənizinin bir hissəsi donmuşdu. 1989-cu ildən 1990-na keçən il də bir qədər soyuq keçmişdi. Çox şaxtalı qış müşahidə olundu. Güclü qar yağmışdı. Ayrı-ayrı illərdə belə hallar olur. Mülayim qurşaqda yalnız yüksək dağlıq ərazilərdə qar görürük. Türkiyə və Yunanıstanla eyni qurşaqda yerləşirik və onlar da qar görmür. Yalnız yüksək dağlıq ərazilərdə qar müşahidə olunur. Dekabrın sonu, yanvarın əvvəllərində qar yağması arktik və Sibir hava kütlələrinin Azərbaycan ərazisinə, Cənubi Qafqaza daxil olması səbəbindən olur. Uzun illərin hesablamasına görə, aparılan müşahidələrə görə bilinir ki, ölkəyə arktik, soyuq hava kütlələri daxil olacaq və qar yağacaq. Ona görə də tarixlər bəzən dəyişir. Yəni, iqlim dəyişikliyini günahlandırmaq olmaz".

Müsahibimiz vurğulayıb ki, Bakıda qar yağma ehtimalı var, amma güclü olmayacaq:

"Güclü qar yarım metrdən yuxarı olan, aylarla həftələrlə yerin don qalmasına səbəb olan, qarın yer səthindən getməməsinə səbəb olan qardır. Bu da Bakıda demək olar ki, olmayan şeydir. Uzaqbaşı 2012-ci ildəki kimi 1 həftəyə yaxın mənfi temperatur müşahidə oluna bilər. Digər qar yağıntılarını 1-2 gün görürük. Sonra əriyib gedir. Bu il də qar yağma ehtimalı var. Hazırda Naxçıvan və dağlıq ərazilərdə qar yağması müşahidə olunur. Yüksək dağlıq ərazilərimizə, dağətəyi rayonlarımıza qar yağacaq. Yeni ildə bunun şahidi ola bilərik. Bu, daxil olan soyuq hava kütlələrinə bağlıdır".


MANŞET XƏBƏRLƏRİ