"Bazarların bağlanması, ilk növbədə, supermarketlərin hazırki inhisarçı mövqeyini möhkəmləndirəcək. Amma düşünmürəm ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bazarları bağlamağı qarşısına məqsəd qoysun”.
Bu sözləri “Yeni Sabah”a iqtisadçı Akif Nəsirli deyib və paytaxtda mövcud bazarların tezliklə ləğv ediləcəyi iddiasını şərh edib.
Hazırda Bakıda məhdud sayda bazar qalıb. Diqqəti bu məqama yönəldən A. Nəsirli Bakı şəhərində yerləşən bazarları əhali üçün daha əlçatan və alternativ yaradan yeganə obyekt adlandırıb:
"Onların bağlanması tamamilə yanlış yoldur. Bu, Azərbaycan iqtisadiyyatı kimi tamamilə inhisarlaşmış iqtisadiyyatın daha bir seqmentində vəziyyəti kəskinləşdiririk. Fermerlər heç olmasa vasitəçilər vasitəsi ilə bu bazarla əlaqə saxlaya bilirlər. Müştərinin seçim imkanlarını məhdudlaşdırmaq bazar iqtisadiyyatının təməl prinsiplərinə daban-dabana ziddir”.
Bununla belə, ekspert vurğulayıb ki, bazarlarda qayda-qanunu yaratmaq vacibdir:
“Bazar iqtisadiyyatının 2 əsas prinsipi var: liberal qiymət və azad rəqabət. Bu ikisi bir-birini tarazlayır. Əgər rəqabət kəskindirsə, sən qiyməti qaldıranda bazar səni kənara atacaq. Ona görə də nə qədər çox alternativ olarsa, bir o qədər yaxşıdır. Amma Bakı bazarlarında antisanitariyanın aradan qalxması, məhsulların girişinin səliqəli formada həyata keçirilməsi mühüm şərtdir. Əhali qida məhsulları alır, niyə kimsə oradan zərər çəkməlidir?! Bazarlarda qayda-qanun vacibdir, lakin bazarların fəaliyyətini davam etdirmək ondan da vacibdir”.
A.Nəsirli qeyd edib ki, fermerlərə bazara birbaşa giriş imkanı yaradılmalıdır:
“Yəni fermer birbaşa bazara girib, orada məhsul satmaq imkanına malik olsun. Nə qədər ki, bunu təmin edə bilməmişik, daimi paytaxta kənd təsərrüfatı məhsullarının axınını təmin edə bilməyəcəyik. Paytaxt və regionlar arasında məhsul qiymətlərindəki fərqi aradan qaldırmaq çətinləşəcək”.