"Səs-küy salanlar əlavə nə isə qazanmaq istəyənlərdir" - Anar Xəlilov


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov Böyük Qayıdış prosesi ilə bağlı "Unikal"a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Anar müəllim, öncə Böyük Qayıdış prosesi barədə məlumat verərdiniz. Hazırda proses necə gedir?

- Hal-hazırda işğaldan azad olunmuş ərazilərimizdə geniş bərpa-quruculuq işləri böyük sürətlə, cənab Prezidentin rəhbərliyi altında uğurla davam edir. Dağıdılmış infrastrukur və yaşayış məskənləri müasir standartlara uyğun bərpa edilir. Böyük Qayıdış Dövlət proqramına uyğun olaraq bərpa olunmuş və infrastrukturu bərpa edilmiş yaşayış məskənlərimizə mərhələli şəkildə keçmiş məcburi köçkünlərimizin qayıdışı təmin edilir. Hesab edirəm ki, prosses plana uyğun uğurlu şəkildə davam edir. Proqramın icrasına məsul əlaqədar qurumlar bu istiqamət üzrə üzərlərinə düşən vəzifələrini uğurla icra edirlər.

- Son dövrlər bəzi keçmiş məcburi köçkünlər işğaldan azad olunan ərazilərdə tikilən mənzillər barədə neqativ yüklü paylaşımlar edirlər və bu da ictimai rəydə birmənalı qarşılanmır. Bu barədə nə deyə bilərsiz?

- Çox təəssüflər olsun ki, bəli, sosial şəbəkələrdə bu cür paylaşmalara və rəylərə rast gəlinir. Bəzən haqlı iradlarla yanaşı, əsassız iddiaları da izləyirik. Biz İctimai Şura olaraq bu məsələ ilə maraqlanırıq. Nəzərə alaq ki, bu gün Azərbaycanın 20% torpaqlarını əhatə edən keçmiş işğal olunmuş ərazilərimiz böyük bir tikinti meydanına çevrilib. Paralel olaraq infrastruktur və yaşayış evləri salınır. Əksəriyyət bərpa edilən yaşayış evləri müasir yaraşıqlı mənzillərdir. Ola bilsin ki, tikinti prossesi zamanı müəyyən səbəblərdən bəzi evlərdə neqativ hallar yaranıb. Cənab Prezident də qeyd etdiyi kimi ictimai nəzarət, vətəndaş müraciətləri də bu sahədə vacibdir. Amma bu müraciətlər haqlı və qanuna uyğun olmalıdır.

Bir məsələni qeyd edim ki, Dövlət Komitəsi evlərin tikintisinə cavabdeh deyil. Yalnız evlər inşa olunduqdan sonra Komitəyə köçürülmə üçün təqdim olunur. Amma buna baxmayaraq ictimai rəyin Komitəyə fokuslandığı və şikayətlərin Komitənin ünvanına daxil olunduğu nəzərə alınır və əlaqədar qurumlarla əlaqə saxlanılaraq neqativ hallar aradan qaldırılır. Bu istiqamətdə İctimai Şura olaraq biz də yaxından iştirak edirik vətəndaşlarımızın şikayətlərini qəbul edirik. Digər bir rastlaşdığımız məsələ barəsində qeyd edim ki, evlər heç kimə məcburi verilmir və zorla köçürülmə yoxdur. Yalnız kimlərinsə evlərini zəbt edən məhkəmə qərarı olan ailələrə evlər təklif edilir ki, əgər köçməsə zəbt etdiyi evi dərhal boşaldılması tələbi olduğu üçün vətəndaş köçür. Vətəndaşlara püşkatmalardan sonra evlərinə baxmaq tövsiyə olunur. Əgər ev xoşlarına gəlmirsə, imtina hüquqları vardır. Lakin bəzən rast gəlirik ki, evi qəbul edib köçüb sonra isə narazılığını bildirir. Ümumiyyətlə, İctimai Şura olaraq biz təklif edərdik ki, tikilən evlər tərkibində ictimaiyyət nümayəndəsi də olmaqla əlaqədar qurumlardan təşkil edilmiş xüsusi komissiya tərəfindən qəbul edilsin və bundan sonra püşkatmalara təqdim edilsin. Amma yenə də vurğulayıram ki, əksər evlər çox yaraşıqlı və müasir inşa olunur, nədənsə, bu barədə vətəndaş mövqeyinə də az rast gəlirik. Sözüm düz başa düşülsün: Bir növ narazılıq və şikayətə meyl daha çox hiss olunur. Mən bunun əleyhinə deyiləm, amma reallıq və ədalət prinsipi də nəzərə alınmalıdır. Görülən böyük işlərə məmur və ya vətəndaş tərəfindən kölgə salınmamalıdır.

- Bəzən o iddialar da səslənir ki, müraciətlərin qeydiyyata alınması və püşkatma mərhələsində də müəyyən narazılıqlar olur. Bəzi ailələr otaqların sayı ilə bağlı narahatlıqlarını ifadə edirlər. Ümumiyyətlə, bu proses necə tənzimlənir?

- Bu təbiidir və köçmək arzusunda olan vətəndaşlarımızın istəyini dərhal yerinə yetirmək obyektiv səbəbdən mümkün deyil. Köç prosesi mərhələləli şəkildə həyata keçirilir. İlkin olaraq köçürülməyə ağır şəraitdə yaşayanlar, yataqxanalarda, düşərgələrdə, müxtəlif inzibati binalarda məskunlaşanlar, kirayədə olanlar, şəhid ailələri (burada da müəyyən kriteriyalar nəzərə alınır), məhkəmə qərarı olan zəbt edilmiş mənzillərin sakinləri və istisna hal olaraq (hansı ki, əksər hallarda vətəndaşlarımız bunu irad tutur) işğaldan azad olunmuş ərazilərimizdə müxtəlif ixtisaslar üzrə (müəllim, həkim, mühəndis, kommunal sahələrin əməkdaşları və s.) artıq işlə təmin olunub işləyənlər aiddirlər. Bu kateqoriya üzrə məskunlaşma bitdikdən sonra ardıcıl olaraq digər köçmək istəyənlər də köçürüləcək.

Bəli, burada zaman məsələsi var. Mən vətəndaşlarımızı başa düşürəm, amma reallığı da nəzərə almalarını xahiş edirəm. Əminəm ki, cənab Prezidentin torpaqlarımızın azad edilməsi siyasətinin davamı olan bərpa-quruculuq siyasəti nəticəsində hər bir keçmiş məcburi köçkün ailəsi öz Vətəninə geri dönəcək. Püşkatma prosesi İctimai Şura üzvləri tərəfindən yaxından izlənilir. Komitəyə təqdim edilən evlərin vətəndaşlara paylanılması prosesi tam şəffaf və ədalətli qaydada həyata keçirilir. Biz İctimai Şura olaraq neqativ hala rast gəlmirik. Vətəndaş şikayətləri də dərhal tərəfimizdən araşdırılır. Əminliklə deyirəm ki, İctimai Şura da vətəndaşlarımızın inamını qazanmışdır. Əsas vətəndaş şikayəti daha çox verilən mənzillərdə otaq sayları ilə əlaqədardır. Hazırda Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, ailə 1 nəfərdirsə 1 otaq, 2 və 3 nəfər 2 otaq, 4 və 5 nəfər 3 otaq, 6 nəfər 4 otaq, 7 və ya ondan yuxarı 5 otaqla təmin olunur. Düzü, bu qərarla bağlı vətəndaşların iradlarını mən də bölüşürəm və İctimai Şura adından əlaqədar qurumdan bu qərara yenidən baxılmasını xahiş edirəm. Ən azı sayla bağlı əlavə normativlər təyin edilsin. Məsələn bir ailədə ata, ana və bir yetkinlik yaşına çatmış oğul var bunlara iki otaq verilməsi məncə düzgün deyil. Axı, biz daha çox o ərazilərdə üstünlüyü gənclərə verməliyik. Belə olan halda bu gənc oğlan iki otaqda necə ailə qursun? Belə məsələlər nəzərə alınmayıb. Bu da vətəndaşların narazılıq ifadə etməsinə gətirib çıxarır və Komitənin də bunun həllinə səlahiyyəti çatmır.

Püşkatmalarda ən çox rast gəldiyimiz narazılıq isə bəzi vətəndaşlarımızın təkid və israrla, bəzən də hədə ilə istədiyi yerdə mənzil seçməyinə icazə verilməsini istəməsidir. Təbii ki, onun bu istəyi qəbul edilmir. Nəticədə sosial şəbəkədə şər, böhtan kampaniyası başlayır. Seçim hüququ Komitə tərəfindən yalnız şəhid statusunu daşıyan ailəyə və bir qrup müharibə iştirakçılarına verilir. Bəzən istisna hallarda püşkatma iştirakçılarının ümumi razılığı ilə ağır xəstəliyi olan şəxslərə də bu hüquq verilir. Məsələn, yuxarı mərtəbəni istəmir, birinci mərtəbəni seçmək istəyir. Digər bir səs-küylü məsələlər isə boşanmış qız övladlarına (son vaxtlar statistikada bu rəqəm keçmiş işğal olunmuş rayonlarımızda artan istiqamətdə gedir) ayrıca ev tələb edilməsi ilə bağlıdır. Məncə hüquq müstəvisində bu məsələyə qiymət verilməsinin vaxtı çatıb. Süni boşanmalar da var. Məhkəmələrdən də xahiş edərdik ki, boşanma prosesində xanımların həyat yoldaşlarının (əgər varsa) mənzillərindən pay almaq hüququnu əgər iddia belə qaldırmayıbsa, təmin etsin. Mən hüquqşünas deyiləm. Hesab edirəm ki, bu məsələdə ekspert rəylərinə ehtiyac var. Daha çox rast gəlinən isə valideynlərin öz övladları ilə yaşamaq istəməməsi və ayrıca ev tələbləridir. Bu da qəbul ediləsi şikayət deyil. Ümumiyyətlə, daha çox hallarda səs-küy salanlar əlavə nə isə qazanmaq istəyənlərdir. Haqlı şikayətlər dinlənilir və həllinə çalışılır.

- Köçürülən keçmiş məcburi köçkünlər yerləşdirilməsindən sonra onların işlə təmini məsələləri barədə hansı yeniliklər var?

- Ən həssas və vacib məsələ məşğulluq problemidir. Bu istiqamətdə hesab edirəm ki, işlər görülür. Nəzərə almaq lazımdır ki, infrastruktur tam bərpa olunmayıb, kənd təssərrüfatı sahələri yenidən dirçəldilir, ən ağrılı problem olan mina təhlukəsi hələ də mövcuddur. Çətinliklərə baxmayaraq, bu gün biz yeni sənaye park və müəssisələrin yarandığının şahidiyik. Cənab Prezidentin etdiyi hər səfərdə açılan müəssisələrin şahidi oluruq. Turizm sənayesi yüksək səviyyədə inkişaf edir, ictimai iaşə obyektləri tikilir.

Dövlət strukturları qayıdır və bərpa olunur. Təhsil və səhiyyə müəssisələri fəaliyyətə başlayır. Kommunal sahələr, loqistika inkişaf edir. Eyni zamanda əlaqədar qurumlarla yanaşı Komitənin də kiçik və orta biznesin yaradılması ilə bağlı həyata keçirdiyi böyük layihələr hazırda icra olunur. Bütün bunlar tədricən məşğulluq probleminin aradan qaldırılmasına kömək edəcək. Biz yenə də əlaqədar qurumlardan işə götürülmə zamanı köçən yerli əhaliyə üstünlük verilməsini xahiş edərdik. DİM-dən də müsabiqədə daha çox yerli mütəxəssislərə üstünlük verilməsi və test imtahanı istisna olmaqla müsahibə zamanı onlara müəyyən güzəşt edilməsini xahiş edərdik. Bu, çox vacibdir.

- Ölkə başçısının tapşırıqlarına əsasən mərhələli şəkildə qayıdış prosesi icra olunur, amma hələ də bəzi keçmiş məcburi köçkünlərin onlara növbə çatmamasından gileylənirlər. Sizcə, qayıdış prosesinin daha sürətlənməsi, Vətənə dönüşün daha tez gerçəkləşməsi üçün hansı addımlar atmaq mümkündür?

- Bir qədər öncə bu suala uyğun bəzi məqamlara toxunmuşdum. Bəli, ölkə rəhbərinin həm tapşırığı həm də rəhbərliyi ilə bu prosses uğurla davam etməkdədir. Qeyd etdiyiniz kimi, proses mərhələli şəkildə gedir. Ardıcıllığı isə əvvəldə söylədim, amma sürətləndirmək üçün təbii olaraq ilk öncə dağıdılmış infrastruktur yenidən tam qurulmalı, minalar tam təmizlənməlidir. Sərt iqlimi də nəzərə alsaq, bütün bunlar sürətə mane olan əsas səbəblərdir. Buna baxmayaraq çox böyük işlər görülüb. Bu gün də bərpa quruculuq işləri davam edir.

Əsas odur ki, tikintinin sənayeləşməsi prossesi uğurla davam edir. Bunun nəticəsində mənzillərin tikintisi tezliklə daha da sürətlənəcək. İctimai Şura olaraq bizim də aidiyyəti qurumlara təkliflərimiz var. Fürsətdən istifafə edib sizin media orqanı vasitəsilə təklifimizi əlaqədar qurumlara çatdırardıq.

ictimai Şura olaraq keçmiş məcburi köçkünlərimizlə sıx dialoqda olduğumuza görə onların fikirləri əsasında təklif edərdik ki, infrastrukturu bərpa edilmiş, mina təhlükəsi olmayan yaşayış məskənlərimizdə imkanlı ailələrə torpaq verilsin və eyni zamanda tikintinin memarlığa və baş plana uyğun layihəsi də təqdim edilsin. Vətəndaş evinin fasadını həmin layihəyə uyğun olaraq tiksin. Hesab edirik ki, təxminən 20-30% faiz ailələr öz mənzillərini ilkin mərhələdə bərpa edəcəklər. Bu da həm qayıdış prossesinin sürətinə, məşğulluğa, dövlətin yükünün azaldılmasına və ən əsası zamana xeyli kömək edəcək.


MANŞET XƏBƏRLƏRİ