2026-cı ildə Brent və WTI markalı neftin qiymətlərinin hazırkı 63 və 60 dollar səviyyələrindən aşağı düşəcəyi gözlənilir.
Turkustan.az xəbər verir ki, bu barədə dünyanın ən böyük analitik mərkəzlərinin proqnozlarında qeyd edilib.
Ekspertlərə görə, qlobal tələbin zəif artması, OPEC+ və kartelə daxil olmayan ölkələrdən təklifin çoxalması bazarın artıq həddindən artıq doyma halına səbəb olub. Bundan başqa, Rusiyaya qarşı sanksiyalar, ABŞ və Venesuela arasında artan gərginlik və İranla bağlı geosiyasi amillər də neftin proqnozuna təsirsiz ötüşməyib.
Qeyd olunan neft proqnozu hansı bazar şoklarına səbəb ola bilər? Neftin ucuzlaşması neftdən asılı olan ölkələr və Azərbaycan iqtisadiyyatı üçün nələr vəd edir?
Mövzu ilə bağlı iqtisadçı Razi Abasbəyli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, dünyanın əsas üst iqtisadi münasibətlər sistemində ciddi dəyişikliklər baş verməkdədir.
Onun sözlərinə görə, xüsusilə də leqal neft bazarlarında əsas tədarükçülərin iştirakı getdikcə zəifləyir:
"Çin və Hindistanın leqal bazarlardan çəkilməsi, Rusiya ilə neft ticarətini daha da genişləndirməsi nəticə etibarilə bazarlardakı tələbin azalmasına yol açır. Neftə olan tələbin azalması fonunda təklifin artması qiymətlərin ucuzlaşmasına səbəb olur. Neftin qiymətinin ucuzlaşması gözləniləndir. ABŞ prezidenti Donald Trampın "Politico" nəşrinə açıqlamasında da bu mövzuya toxunulub. Xüsusən də Trampın yaxın günlərdə Meksika ilə bağlı hərbi quru əməliyyatlarına başlanılacağı və Venesuela Prezidenti Nikolas Maduronun son günlər yaşaması ilə bağlı açıqlaması bazarlarda şok effekti yaradıb. Meksika neftinin Amerika nəzarəti altında bazarlara çıxarılması prosesi baş verərsə, bu, neft qiymətlərinin ciddi şəkildə aşağı düşməsinə yol açacaq".
İqtisadçı qeyd edib ki, ABŞ OPEC və OPEC+ üzvü olan ölkələrin neft hasilatını artırmasına çalışır. Nəticədə neftin qiyməti aşağı səviyyədə saxlanılsın. Amerika özü də neft ehtiyatları üzrə satışa təqdim etdiyi həcmi 1.5 milyon barelə qədər artırmağı planlaşdırır. Bu addımlar isə qiymətin ucuzlaşması ilə nəticələnəcək.
"Neftin kəskin şəkildə ucuzlaşması ortaya çox ciddi fəsadlar çıxaracaq. Azərbaycan kimi neftdən asılı olan ölkələrdə neftin qiymətinin 60 dollardan aşağı düşməsi və ya daha ucuzlaşması büdcə kəsirləri riskini artırır. Həmçinin valyuta ehtiyatlarını təzyiq altında saxlayır, milli valyutanın dəyər itirməsi prosesi sürətlənir, hökumət məcburi olaraq sosial layihələri təxirə salır”.

Razi Abasbəyli: Leqal neft bazarlarında əsas tədarükçülərin iştirakı getdikcə zəifləyir
Müsahibimiz qeyd edib ki, belə olan halda iqtisadi artım templəri zəifləyir və ya ümumiyyətlə, dayanır. 2026-cı ilin dövlət büdcəsinə nəzər yetirsək, sosial xərclərlə bağlı ciddi artımlar nəzərdə tutulmayıb və sosial layihələrə müəyyən qədər məhudiyyətlər tətbiq olunub. Eyni zamanda risklərin qarşısını almaq üçün gələn ilin büdcə kəsiri 1.5 milyard manata yaxın nəzərdə tutulub.
R.Abasbəyli deyib ki, neftin ucuzlaşması ilə bağlı proqnozlar getdikcə artır. Gözlənilən odur ki, 2026-cı ildə neftin qiyməti aşağı düşəcək:
"Ona görə də hökumət büdcə proqnozlaşdırmasında büdcə gəlirlərinin formalaşmasına xüsusi diqqət ayırmalıdır. Neftin qiymətinə yenidən baxılmalı və neftin qiyməti ən azı 50 dollar götürülməlidir. Bu halda büdcə defisitinin həcmini azaltmaq mümkün ola bilər".