İstanbulda Azərbaycan Turizm Bürosunun rəsmi açılışı olub


Dekabrın 9-da Türkiyənin İstanbul şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılışı olub. Açılışda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyənin Mədəniyyət və Turizm Nazirinin müavini Sərdar Çam, Azərbaycanın İstanbuldakı Baş Konsulu Nərminə Mustafayeva, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, eləcə də Türkiyənin və Azərbaycanın turizm sənayesinin təmsilçiləri və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Fuad Nağıyev nümayəndəliyin fəaliyyətə başlamasının ölkələrimiz arasında əməkdaşlığın inkişafında yeni mərhələ olduğunu, ikitərəfli münasibətlərin sistemli və səmərəli şəkildə davam etdirilməsi üçün mühüm platforma rolunu oynayacağını, Azərbaycanın turizm brendinin Türkiyədə daha geniş tanıdılmasına töhfə verəcəyini bildirdi. Tədbirdə çıxış edən Türkiyənin Mədəniyyət və Turizm Nazirinin müavini Serdar Çam bu büronun iki qardaş ölkə xalqlarının bir-birini daha yaxından tanımasına xidmət edəcəyini vurğuladı. Baş konsul Nərminə Mustafayeva çıxışında büronun Türkiyə ilə Azərbaycan arasındakı bağların daha da dərinləşməsinə vəsilə olacağını ifadə edərək hər kəsi Azərbaycana dəvət etdi. İki ölkə arasındakı mədəni əlaqələrin inkişafından danışan İstanbul Bürosunun direktoru Ruslan Əlizadə qardaş Türkiyədəki gələcək fəaliyyətlərində yeni-yeni uğurlara imza atacaqlarına inamını ifadə etdi.

Azərbaycan Respublikası Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə “Şərq” qəzetinə açıqlamasında bildirdi ki, stratejı müttəfiqimiz olan qardaş Türkəyədə rəsmi Turizm nümayəndəliyinin açılması çox əlamətdar hadisədir: "Məqsədimiz Türkiyəli turistlərə Azərbaycan qastronomiyasını, mədəniyyətini, tarixini, ekoturizm imkanlarını və digər turizm sahələrini tanıtmaq və turst sayının daha da artırılmasına nail olmaqdır. Məlumat üçün deyim ki, bu ilin statistikasına baxanda 11 ay ərzində 416 min Türkiyə vətəndaşı Azərbaycana gəlib ki, bu da ötən il ilə müqayisədə 7 faiz artımdır. Turizm sektorunda Türkiyə bütün dünya üzrə Rusiyadan sonra ən çox turistin Azərbaycana gəldiyi ölkəidir. Məsələn 10 ay ərzində ölkələrimiz arasında 5300 uçuş olub və bu uçuşları 4 şirkət həyata keçirdib. Biz bu aktiv mübadiləni daha da inkişaf etdirmək istəyirik. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə bizim ikitərəfli komissiyamız var, işçi qrupu çalışır, təcrübə mübadiləsi aparılır, beynəlxalq platformalarda birgə fəaliyyət göstəririk. Biz Türkiyə ilə rəqib deyil, tərəfdaşıq, burada Türizm Bürosu açmağımızın əsas məqsədi də bu əlaqələri gücləndirməkdir”.

Yaqut Misirxanlı,


MANŞET XƏBƏRLƏRİ