Sabiq məmurlarla bağlı əməliyyat başlaya bilər – Siyahıda kimlər var?


Xaricdə böyük biznes şəbəkələri quran sabiq məmurların fəaliyyəti son vaxtlar yenidən diqqət mərkəzinə düşüb. İddialara görə, bu sırada keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev, sabiq nəqliyyat naziri Ziya Məmmədov, Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadə, keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasov, sabiq Bakı meri Hacıbala Abutalıbov, sabiq baş nazirin birinci müavini Abbas Abbasov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri,Əli Həsənov, Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri Ramiz Mehdiyev və sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov kimi adlar yer alır.

Onların xaricdəki iri maliyyə dövriyyələri dövlət nəzarətindən kənarda qaldığı üçün həm iqtisadi təhlükəsizlik, həm də şəffaflıq baxımından ciddi suallar yaradır.

Bu vəsaitlər üzərində nəzarəti necə təmin etmək mümkündür?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı bildirib ki, adları çəkilən keçmiş məmurların xaricdə əmlak və ya biznesə sahib olmaları ilə bağlı mediada müxtəlif məlumatlar dərc edilsə də, bu iddialar rəsmi sübutlarla təsdiqlənmədiyi halda hüquqi qiymət vermək mümkün deyil:

“İctimaiyyət mediadan hansısa əmlak və ya biznes barəsində məlumat əldə edir, lakin ortada rəsmi təsdiq yoxdur, nəticədə məsələ yalnız iddia kimi qalır. Şirkətlərin yaxud digər əmlak siyahısının doğrudan da adıçəkilən şəxslərə bağlı olub-olmadığını bilmirik. Əgər belə biznes şəbəkələrinin mövcudluğu faktiki olaraq təsdiqlənsə və həmin şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanarsa, bu zaman Baş Prokurorluğun Xüsusi Müsadirə İdarəsi prosesi nəzarətə götürə bilər. Beynəlxalq əməkdaşlıq kanalları vasitəsilə xaricdəki əmlakların və mümkün qanunsuz maliyyə axınlarının qarşısının alınması təmin edilir”.

Sabiq məmurlarla bağlı əməliyyat başlaya bilər - Siyahıda kimlər var?

Mehman Muradlı

Vəkil deyib ki, belə məsələlərin şəffaf və obyektiv araşdırılması üçün həm mediada deyilən iddialar dəqiqləşdirilməli, həm də faktlar hüquqi prosedurlar çərçivəsində təsbit olunmalıdır:

“İddialar rəsmi şəkildə sübuta yetirilərsə, dövlət orqanları həm maliyyə monitorinqi, həm də beynəlxalq hüquqi mexanizmlər vasitəsilə araşdırma aparmağa tam hüquqludur. Bu proses təkcə ölkədə deyil, beynəlxalq müstəvidə də əlaqələndirilir. İnterpol, xarici prokurorluqlar və maliyyə nəzarəti qurumları ilə əməkdaşlıq nəticəsində xaricdəki aktivlərin izlənməsi, qanunsuz gəlirlərin dövriyyədən çıxarılması mümkündür”.


MANŞET XƏBƏRLƏRİ