Putin Osmanlının gizli taktikasına əl atdı – Gündəm olan detallar


Rusiya Prezidenti Vladimir Putinin İnsan Hüquqları Şurasının iclasında səsləndirdiyi fikir maraqla qarşılanıb. O, bəzən heç bir kortej olmadan, sakitcə şəhərdə gəzə bildiyini deyib. Bu açıqlama qədim dövrlərdən bəri mövcud olan bir ənənəni yenidən gündəmə gətirib. Osmanlı sultanlarından tutmuş bu günün prezident və baş nazirlərinə qədər, bir çox liderin gecələr, gizli marşrutlarla paytaxt küçələrini gəzib, ictimai rəyi şəxsən müşahidə etməsinə dair müxtəlif məlumatlar dolaşır. Putinin açıqlaması isə bu iddiaların təsadüfi deyil, real siyasi praktikanı ortaya qoyduğunu sübut edir.

Tarixən və hazırda ölkə başçılarının bu cür davranışları nəyə əsaslanır? Belə vaxtlarda onların təhlükəsizliyi necə qorunur?

Globalinfo.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı, tarixçi-alim Faiq Ələkbərli deyib ki, tarix boyu dövlət başçılarının və hökmdarların təğyir-libas geyinərək xalq arasına çıxması, problemləri birbaşa öyrənməsi geniş yayılan ənənə olub:

“Bu, xüsusilə türk və türk-müsəlman dövlətlərinin tarixində daha çox müşahidə edilir. Xaqan və hökmdarlar sadə insan kimi geyinərək əsasən axşam saatlarında, bəzən isə günün müxtəlif vaxtlarında şəhərdə dolaşır, əhalinin dövlət siyasətindən nə dərəcədə razı və ya narazı olduğunu öyrənirdilər. Belə praktika daha çox Osmanlı və Səfəvilərdə geniş yayılıb. Osmanlı sultanları II Mehmet, Süleyman Qanuni, II Əbdülhəmid və başqaları bu üsuldan istifadə ediblər. Bununla bağlı Səfəvi hökmdarları arasında xüsusilə Şah Abbasın adı da tez-tez çəkilir, lakin digər hökmdarlar da oxşar yanaşmadan yararlanıblar”.

Putin Osmanlının gizli taktikasına əl atdı – Gündəm olan detallar
Faiq Ələkbərli

Tarixçi bildirib ki, Vladimir Putinin bu ənənədən danışması təsadüfi deyil:

“O, bununla həm xalqın içində olduğunu göstərməyə, həm də özünü sadə bir rus kimi təqdim etməyə çalışır. Bu isə Rusiya liderinin ictimai nüfuzunu artırmaq məqsədi daşıya bilər. Əlbəttə, belə addımlar dövlət başçısının təhlükəsizliyi məsələsini də gündəmə gətirir. Tarixdə də oxşar hallarda hökmdarların təhlükəsizliyinə görə onlara bənzəyən şəxslərdən istifadə edildiyinə dair nümunələr var. Ona görə də Putinin şəhərdə təğyir-libas dolaşması ilə bağlı məlumatlarda onun özününmü, yoxsa oxşarınınmı olduğu dəqiq deyil. Düşünürəm ki, bənzərinin olması daha inandırıcıdır. Ümumilikdə, Putin bu açıqlama ilə müəyyən tarixi ənənəyə söykəndiyini göstərir və ictimai imicini gücləndirməyə çalışır”.


MANŞET XƏBƏRLƏRİ