Xəbər verdiyimiz kimi, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Berlində keçirilən panel müzakirəsində Ermənistanın Baş naziri Nikol Paşinyana erməni dilində “Almaniyaya xoş gəlmisiniz” deyə müraciət edərək Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı dövrünü “ən dinc və sabit dövr” adlandırıb.
Turkustan.az xəbər verir ki, səfər Feysbuk səhifəsində bununla bağlı paylaşım edib.
O, dünən Berlində DGAP təşkilatında Ermənistan baş naziri N.Paşinyanın iştirakı ilə keçirilən tədbirə qatıldığını təsdiq edib:
“Çıxışlardan sonra mənə söz verildi. Regionda baş verən sülh və transformasiyadan, Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı olmasından danışdım.
Həmçinin Vaşinqtonda əldə olunmuş razılaşmalara tam şəkildə əməl olunmasının, xüsusilə TRİPP marşrutunun açılmasının və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin yaradılmasının vacibliyini qeyd etdim.Sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasına müvafiq dəyişikliklərin edilməsinin zəruriliyini diqqətə çatdırdım”.
Səfir sülhün rəmzi və təzahürü olaraq, Ermənistan baş nazirini ermənicə salamladığını qeyd edib:
“Erməni səfirlərinə də müraciət edərək onları Azərbaycan dilində kəlimələr öyrənməyə və azərbaycanlılarla rastlaşarkən bu kəlimələrdən istifadə etməyə çağırıram. Davamlı sülh və barışıq həm də bir-birinin dilinə və mədəniyyətinə hörməti özündə ehtiva edir.
Öz ərazi bütövlüyünü və suverenliyini, eləcə də tarixi ədaləti tam şəkildə bərpa etmiş Azərbaycan yüksək mənəvi dəyərlərə sahib sülhpərvər dövlət olduğunu hər gün bir daha bütün dünyaya sübut edir və bundan sonra da edəcək”./Globalinfo.az
