Rusiyadan “dost olmayan ölkələr”lə bağlı yeni qərar


Rusiyada telefon və internet dələduzluğuna qarşı mübarizə çərçivəsində xaricdən gələn zənglərin bloklanması gündəmdədir.

Turkustan.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin,Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının iclasında etdiyi çıxışda, “dost olmayan” ölkələrdən edilən zənglərin bloklanacağını bildirib.

Putin zənglərin işarələnməsi sisteminin tətbiq olunacağını, dövlət qurumları, banklar və telekommunikasiya operatorlarının vətəndaşlarla ünsiyyətində daha aydın qaydaların müəyyən ediləcəyini qeyd edib.

Prezident rəqəmsal mühitdə vətəndaşların qorunmasına yönəlmiş ilk tədbirlər paketinin artıq qəbul edildiyini xatırladıb. İkinci paketin hazırlandığını və müzakirə mərhələsində olduğunu, üçüncü paket üzərində də işlərin planlaşdırıldığını bildirib.

Hökumətin bu tənzimləmələri artıq həyata keçirməyə başladığı bildirilir. Lakin daha əvvəl gündəmə gəlmiş beynəlxalq zənglərin avtomatik olaraq bağlanması seçiminin qüvvədə qalıb-qalmayacağı hələ dəqiq deyil.

Bu modelə əsasən, xaricdən zəng qəbul etmək istəyən şəxslərin əvvəlcədən operatora müraciət etməsi tələb oluna bilər.

Hazırda hansı ölkələrdən gələn zənglərin bloklanacağı dəqiqləşməyib. Rusiyada bir neçə “dost olmayan ölkələr” siyahısı mövcuddur. Əsas siyahıya ABŞ, Kanada, Böyük Britaniya, Yaponiya, Avropa İttifaqı ölkələri və Ukrayna daxil olmaqla ümumilikdə 49 ölkə daxildir.

Ən güclü ehtimal, blokajın bu ölkələri əhatə edəcəyi istiqamətindədir. Belə bir addımın, xüsusilə hərbi əməliyyatlardan sonra bu ölkələrə köçən yüz minlərlə rusiyalı ilə Rusiyada qalan yaxınları arasındakı əlaqəyə mənfi təsir göstərəcəyi vurğulanır. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ