Azərbaycan Türk ictimai-fəlsəfi fikir tarixinə töhfə vermiş qadınlar: ÜMGÜLSÜM SADIQZADƏ


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

I yazı

Azərbaycan Türk şair-ədibi Umügülsüm Sadıqzadə (1900-1944) Bakının Novxanı kəndində ruhani ailəsində dünyaya gəlmişdir. Azərbaycan Cümhuriyyətinin qurucusu, milli ideoloq Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı, Cümhuriyyət parlamentinin millət vəkili Məhəmməd Əli Rəsuloğlunun bacısı olan Ümgülsümün milli ruhda yetişmə­sində onların bir həyətdə, eyni ailə mühitində yaşamaları mühüm rol oynamışdır. İlk təhsilini atası molla Əbdüləziz Rəsulzadədən alan Ümgülsüm Türk dili ilə yanaşı, ərəb və fars dillərini də öyrənmiş, doqquz yaşından etibarən şeirlər yazmağa başlamışdır.[1] Ümgülsümün 1914-cü ildən “İqbal”, “Yeni iqbal”, “Açıq söz”, “Qurtuluş”, “Dirilik”, “Məktəb”, “Qardaş köməyi”, “Azərbaycan” və başqa mətbuat orqanlarında hekayə və şeirləri dərc edilmişdir. Onun “Solğun çiçək” hekayəsi “Qurtuluş” jurnalının elan etdiyi müsabiqədə mükafata layiq görülmüşdür. O, 200-dən artıq şeirin, bir poemanın və bir neçə heka­yənin müəllifidir.[2]

Ümgülsüm 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaranmasını sevinclə qarşılamış, milli dövlətimizi vəsf etmiş, bu böyük hadisəyə “Türk Ordusuna”, “Ey Türk oğlu”, “Çəkil, dəf ol”, “Əsgər anasına”, “Dərdli nəğmə”, “Yurdumuzun qəhrəmanlığına”, “Yollarını bəklədim” adlı şeirlər həsr etmişdir.[3] Onun millim ruhlu şeirlərində türklük-turançılıq və azərbaycanlılıq qoşa qanad idi. M.Ə.Rəsulzadənin Azərbaycan türkçülüyü ideyasını dərindən mənimsəyən Ümgülsüm hər bir yazısında, şeirində bunu ifadə etməyə çalışmışdır.

O, 1920-1930-cu illərdə qələmə aldığı “Hicran” və “Bayrağın enərkən”, “Bən” şeirlərinə görə “xalq düşməni”, “sosializmin düşməni”, “müsavatçı” kimi ittihamlara məruz qalmışdır. Bu şeirlər Azərbaycan siyasi mühacirləri arasında dillər əzbəri olmuş, M.Ə.Rəsulzadə mühacirətdə yazdığı əsərlərində onlardan xüsusi bəhs etmişdir.[4]

1937-ci ilin iyununda həyat yoldaşı Seyid Hüseyn həbs edildikdən sonra Ümügülsüm də “xalq düşməni”nin, “vətən xainin həyat yoldaşı” kimi qələmə verilmişdir. O, həmin ilin noyabrın 10-da həbs edilərək bir müddət Bayıl həbsxanasında saxlanıldıqdan sonra, Rusiyanın Mordva vilayətinə 7 illik Telmaq həbs düşərgə­sinə göndərilmişdir.[5] Ümügülsüm sürgündən sonra Bakıya dönsə də, onun burada yaşamasına icazə verilməmiş, Şamaxıya getməyə məcbur olunmuşdur. Qızı Qumralla birgə Şamaxıda yaşamağa başlayan Ümgülsüm, bir müddətdən sonra 1944-cü ilin sentyabr­ın­da vəfat etmiş, Şahxəndan qəbristanlığında dəfn olunmuşdur.

Hələ, yeniyetmə yaşlarından türklük və vətənpərvərlik ruhunda böyüyən Ümgülsümün belə bir formada yetişməsində Rəsulzadələr nəslinin mühüm rolu olmuşdur. Ümgülsümün atası (Molla Əbdüləziz Rəsulzadə) və əmisi (Molla Axund Ələkbər Rəsulzadə) İslam ruhlu mömün müsəlman olduqları qədər də, Türk ruhlu şəxsiyyətlər olub. Şübhəsiz, onların övladları da islamlıqdan heç də az olmayaraq türklüklərini bilir və vətənə bağlı yetişirdilər. Bu baxımdan Ümgülsümün yeniyetmə yaşlarında olarkən Vətənə və Türklüyə aid şeirlər, hekayələr yazması təbii idi.

Ümgülsüm 1914-cü ildə “Dirilik” jurnalında nəşr olunan “Vətən sevgisi” adlı kiçik həcmli hekayəsində Vətən anlayışını başa düşdüyü bir şəkildə izah etməyə çalışmışdır. Onun düşüncəsindəki Vətən anlayışı gözəlliyi və xarabalıqları ilə bir bütün idi. Ananın gözəl və çirkinliyindən asılı olmayaraq övlad üçün eyni dərəcədə əziz, möhtərəm olduğu qədər, Vətəndə acısı-şirinisi ilə bütünlükdə onun qoynunda yaşayan hər bir fərd üçün dəyərlidir. Ümgülsüm yazırdı: “Ey daşlar.. Kim bilir, siz kimləri doğmuş, dərağüş etmiş (qucaqlamış), böyütmüş, sonradan sərdabaya göndərmişsiniz. Babalarımızın min dürlü səfaları ilə fərəhlənmişs­iniz, min dürlü əzab və əziyyətin şahidi olmuşsunuz. Babalarımız­dan mənə hekayələr söyləyiniz, məlumatlar veriniz... Siz mükəddər və mühəqqər görünürsünüz. Fəqət nə vaxt şənlənəcək, şadlanacaq­sınız?... Görünən evlərin qapısından çıxan qırmızı dumanlı işıqlar qəlbimə alov saçırlar. Daşlar, qumlar, sular, ağaclar xırda uşaqlardan eşidilən qəhqəhə və xırda danışıqlarla əlbir olub bir soyuqluq, istilik yəni türklük aləm edirlər. Bu vaxt ürəyimdə bağların məhəbbəti yanımdakı anamın məhəbbətindən az deyildi desəm, qabildi. Bu məhəbbət ürəyimdə həyəcanlı bir sıxıntı hasil etdi. Boğazımı acı bir ağrı bürüdü... Bütün kainatı məzhun könlümdən keçirdim. Qəlbimdə yeganə bir eşq, məhəbbət vardı. Əcaba bu eşq kimə və nəyə idi... Gözəlliklərəmi? Yaxud insanlara­mı? Xayır. Mən gözəllikləri də, babalarımı, qardaşlarımı, bacılarımı da doğan, Vətənimə aşiq və məftun idim”.[6]

Təyyar Salamoğluna görə “Vətən sevgisi” və “Solğun çiçək” hekayələri ilk qələm təcrübələri olsa da, Umgülsümün həyatda duyduqlarını və düşündüklərini romantik bir pafosda, lakin olduqca şirin bir dillə ifadə etmək bacarığı maraq doğururdu: “14-15 yaşlı qızcığazın vətən, doğma yurd anlayışının kamilliyi, bütövlüyü, ən ümdəsi, bunu yüksək sənət dili ilə oxucuya təqdim etməsi ilk hekayənin uğurlu cəhəti idi və həm də onun müəllifinin güclü istedadından xəbər verirdi. İkinci hekayədə isə vətən təbiətinin lətif mənzərələrinin canlanması fonunda əsrin əvvəllərinin kəskin sosial problemlərindən biri olan yetim uşaqların taleyinin bədii inikasına səy edilirdi”.[7]

Beləliklə, vətənə və millətə məhəbbət hissi ilə böyüyən Ümgülsüm qarşımıza türkçü, turançı biri kimi çıxır. Bu baxımdan onun 1917-ci ildə qələmə aldığı “Turan düdüyü” şeiri çox ibrətamizdir. O, bu şerini Osmanlının 1-ci Dünya müharibəsi dövründə çar Rusiyasına əsir düşüb Nargin adasında saxlanan Türk əsgərlərinə ithaf etmişdir.[8] Bizcə, şair-ədibimiz bu şeirində türkün ruhunun əsarətlə barışmayacağına və yenidən qurtuluş yolu tapacağına inamını göstərməyə çalışmışdır. Eyni zamanda, Ümgülsümün bu şeirində iki Türk xalqının dar gündə bir-birinə arxa çıxmasının mahiyyəti də ifadə olumaqdadır. O, yazırdı:

Dərdli-dərdli sürükləndim, inlədim,

Acı-acı fəryadları dinlədim.

Gəldim iştə, dərdimi sana söylədim,

Ərzimi dinləyən, soran nerədə?

Unudulmaz dərdim, ovunmaz qəlbim,

Gülsə, cahan, gülməz bənim taleyim,

Gəl yaramı sən özün sar, sevgilim,

Duyulmaz, dərdimə dərman nerədə?

Dağıtdılar yuvasını bülbülün,

Xəzan vurdu yaprağını hər gülün,

Susdurdular nəğməsini bir elin,

Cananan can verən o can nerədə?

Məskənimiz həp fəlakət bucağı,

Bəstərimiz (yatağımız) fırtınalar qucağı,

Sönmüşdür əcəb Türkün ocağı,

Anadolu nerdə, Turan nerdə?[9]

Ümgülsümün bu şeirində bir tərəfdən Nargin adasındadkı əsir türklərin harayına çatmaq, digər tərəfdən isə Türk xalqlarının birləşməsinə yönəlmiş çağırış vardır. Şair-ədibimizə görə, Türk xalqları arasında yeni bir güc ortaya çıxaraq bütün türkləri vahid çatı altına birləşdirməli idi. Prof. Alxan Bayramoğluya görə “Turan düdüyü”nün poetik sədasını bütövlükdə Turan elinin qulağına çatdırmağa çalışan Ümgülsüm Türk xalqlarının hər nəfərinin belə qədrini bilməyə, bir-birinə arxa, kömək durmağa səsləyirdi: “O, Türk xalqlarını başladığımız istiqlal savaşının sədasına səs verməyə çağrırıdı ki, qoy bu güc birliyi bizim doğan günəşimizin şəfəqlərinə boy versin, möhkəmlənsin”.[10] Türklərin günəşinin yenidən doğacağına inanaraq o, yazırdı:

Halətimə uğramışız həpimiz:

Cavanlarımız, ixtiyarımız, yigitimiz,

Bir sahil yoxmudur çıxa gəmimiz,

Ağlaşır analar, duyan nerədə?

Qərib, sürgün, öksüz cocuqlar ağlar,

Ninni söylər uğultulu dalğalar:

Mərhəmət namına səni haraylar,

Ədalətin nerdə, vicdan nerədə?

Səba, yetir sevgilimə sözümü,

Mükəddər halımı gülməz üzümü,

Yanıqlı halımı, ağlar üzümü,

Aşiqlərin nerdə, canlar nerədə?[11]

[1] Hüseynzadə Aydın. İstiqlal şairi Ümgülsüm. Bakı, Çaşıoğlu, 2005, s.18-19

[2] Salamoğlu Təyyar (1998). Faciəli talelər (Azərbaycan repressiya və mühacirət şeirinə dair porrret oçerklər). Bakı, Elm, s.88-89

[3] Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. II cild. Bakı: “Lider nəşriyyat”, 2005, s.418

[4]Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991, s.80

[5] Qasımov Cəlal. Məhbus tərcümeyi-halı. Bakı, “Səda” nəşriyyatı, 2003,s.141-142

[6] Ümgülsüm. Əsərləri. Bakı, “Letterpress” nəşriyyatı, 2010, s.84-85

[7] Salamoğlu Təyyar. Müasir Azərbaycan ədəbiyyatı. Bakı, “E. L.” nəşriyyat və poliqrafiya, 2012, s.100

[8] Azərbaycan Xalq Cümhuriyyəti: Ədəbiyyat, dil, mədəni quruculuq (2009). Bakı, “Qoliot Qkup” QSC nəşriyyatı, 2009, s.84-85

[9] Ümgülsüm. Əsərləri. Bakı, “Letterpress” nəşriyyatı, 2010, s.55

[10] Bayramoğlu Alxan. Ümgülsüm Sadıqzadə (1900-1944). Ümgülsüm (2010). Əsərləri. Bakı, “Letterpress” nəşriyyatı, 2010, s.17

[11] Ümgülsüm. Əsərləri. Bakı, “Letterpress” nəşriyyatı, 2010, s.55


MANŞET XƏBƏRLƏRİ