Kəlbəcər qatili Melkonyanın adını daşıyan hərbi lisey: Ermənistanın sülh iddiaları ilə ziddiyyət təşkil edən təhlükəli mesaj


Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, Ermənistan rəhbərliyi regionda “sülh və əməkdaşlıq” ritorikasından danışsa da, real addımlar tam əksini göstərir. Ermənistanın Kəlbəcərdə mülki əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdə adı hallanan, ASALA terror təşkilatının üzvü Monte Melkonyanın adını daşıyan hərbi-idman liseyinin fəaliyyəti bu ziddiyyətlərin ən bariz nümunəsidir.

Məlumata görə, liseyin rəhbəri Aleksandr Manuçaryan yaxın günlərdə Avropa İttifaqının Hərbi-İdman Məktəbləri Assosiasiyasına qoşulmaq üçün İtaliyada xüsusi memorandum imzalayacaqlarını açıqlayıb. Bu addım Avropa strukturlarının Ermənistanın radikal simvolları yaşatmasına dolayısı ilə legitimlik verməsi kimi ciddi narahatlıq doğurur.

Musavat.com bildirir ki, Ermənistan 21 noyabr 2017-ci ildə Dilicanda Monte Melkonyanın adına hərbi məktəb açaraq onu dövlət səviyyəsində “milli qəhrəman” kimi təqdim edib. Açılışda prezident Serj Sarkisyan, Müdafiə Nazirliyi rəhbərliyi və yüksək rütbəli şəxslər iştirak edib. Məktəbdə Melkonyanın adına abidə ucaldılıb, onun silahdaşlarına “şərəf lövhəsi” təqdim olunub.

Halbuki Melkonyan Birinci Qarabağ müharibəsində Kəlbəcərdə mülki azərbaycanlıların qətlə yetirilməsində, qadın və uşaqların öldürülməsində, tuneldə mülki şəxslərin diri-diri yandırılması kimi vəhşiliklərdə, mülki insanlara işgəncə verilməsi və əsirlərin qətli kimi faktlarda birbaşa iştirak etmiş terrorçu kimi tanınır.

Buna baxmayaraq, Ermənistan onu hərbi məktəblərdə təbliğ edir, yeni nəsillərə qəhrəman kimi təqdim edir və beləliklə, keçmişdəki barbarlıq ənənəsini davam etdirir. Bu cür addımlar sülhə deyil, qarşıdurmaya xidmət edir.

Əgər Ermənistan həqiqətən də bölgədə yeni səhifə açmaq və dayanıqlı sülh qurmaq istəyirsə, mülki insanlara qarşı kütləvi vəhşiliklərlə tanınan şəxslərin adlarını hərbi məktəblərə verməkdən imtina etməlidir.

Bu cür adlandırmalar gələcək nəsillərə “mülki insanlara qarşı zorakılıq qəhrəmanlıqdır” mesajı verir, Ermənistanın sülh iddialarını tamamilə paradoksal hala salır, Qafqazda təhlükəsizliyi və etimadı zəiflədir.

Melkonyanın adının hərbi liseydən götürülməsi həm Azərbaycanla dialoqun qurulması, həm də Ermənistanın “sülh tərəfdarı” imicinin doğruluğu üçün vacib şərtdir.


MANŞET XƏBƏRLƏRİ