Belçika baş nazirinin müavini və xarici işlər naziri Maksim Prevot Avropa İttifaqı (Aİ) Komissiyasının ölkədəki maliyyə qurumlarından birində saxlanılan dondurulmuş Rusiya aktivlərinin Ukraynanın istifadəsinə verilməsi planını tənqid edib.
Turkustan.az xəbər verir ki, Prevot Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısı öncəsi jurnalistlərə açıqlama verib.
O bildirib ki, hüquqi mətnləri bu gün açıqlanacaq Aİ Komissiyasının Rusiyaya məxsus dondurulmuş aktivlərin girov kimi istifadə olunaraq Ukraynaya kredit verilməsi təklifi Belçikanın gözləntilərinə uyğun deyil. “Səslərimizin eşidilməməsi bizi məyus edir. Narahatlıqlarımıza lazımi diqqət göstərilmir”, – deyə Prevot vurğulayıb.
Belçikanın xarici işlər naziri Rusiyanın dondurulmuş aktivlərindən istifadə edərək Ukraynaya kompensasiya kreditləri verilməsini “ən pis variant” adlandırıb. O, bu praktikanın əvvəl heç vaxt tətbiq olunmadığını və çox böyük risk daşıdığını qeyd edib.
Aytən Yaşar/ Turkustan.az