Azərbaycanda uşaqların sosial şəbəkələrə giriş qadağası GÜNDƏMDƏ


Elvin Abbasov:" Qlobal platformalara texniki yoxlama tələbi qoymaq çətindir, amma..."

Avstraliya hökuməti 16 yaşdan kiçik vətəndaşların sosial mediaya çıxışını məhdudlaşdıran qanunvericiliyi sərtləşdirərək siyahıya daha bir populyar platformanı – “Twitch”i daxil edib. Bu barədə məlumatı ölkənin ABC yayım şirkəti yayıb. Rəsmilər bildirirlər ki, addımın əsas məqsədi uşaqları sosial şəbəkələrin manipulyativ təsirlərindən, psixoloji risklərdən və yaşlarına uyğun olmayan real zamanlı məzmunlardan qorumaqdır.

Hazırda qadağa siyahısına “Facebook”, “Instagram”, “Threads”, “Snapchat”, “TikTok”, “X”, “YouTube”, “Reddit”, “Kick” və son olaraq “Twitch” daxil edilib. Avstraliya Rabitə Nazirliyinin nümayəndəsi Anika Uellsin sözlərinə görə, qanunvericilik dəyişiklikləri uşaqlara bu tip platformaların potensial zərərli təsirindən uzaq bir mühit təmin etməyi hədəfləyir.

Bu qərar “Twitch”in hansı xüsusiyyətlərinə görə riskli sayıldığı, platformanın uşaqlar üçün real təhlükə yaradan mexanizmlərinin nədən ibarət olduğu suallarını aktuallaşdırıb. Eyni zamanda, beynəlxalq təcrübənin fonunda belə bir addımın Azərbaycanda da tətbiq olunub-oluna bilməyəcəyi müzakirə mövzusuna çevrilib.

Azərbaycanda isə bir neçə gün əvvəl 13 yaşlı yeniyetmə qızın telefonunda tapılan "Mavi Balina" oyunundan sonra özünə qəsd etməsi şok yaradıb. Bu faciəli hadisə sual doğurur: bəs bu cür oyun və platformalar Azərbaycanda geniş yayılsa, valideyn nəzarəti və mövcud qanunvericilik yetərlidirmi?

Fayl:Elvin Abbasov Miribadet oglu.jpg — Vikipediya

Elvin Abbasov

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov mövzu ilə bağlı Musavat.com-a bunları deyib: "Avstraliya hökumətinin 16 yaşdan kiçik vətəndaşlar üçün "Twitch" də daxil olmaqla sosial media platformalarına çıxışı məhdudlaşdırması qərarı, rəqəmsal təhlükəsizlik və uşaq müdafiəsi baxımından düşünülmüş və faydalı addımdır. Bu qadağanın əsas səbəbi "Twitch"in real zamanlı yayım (Live Stream) formatından irəli gəlir; belə ki, platformada zorakılıq, qeyri-etik dil və ya qumar elementləri ehtiva edən yaşa uyğun olmayan məzmunun yayım anında süzgəcdən keçirilməsi son dərəcə mürəkkəbdir. Kütləvi maliyyələşdirmə (donatelər) mexanizmi uşaqlarda pul xərcləmə vərdişləri yaradır, real zamanlı çat (chat) isə kiber-təqib və yaşıd zorakılığı üçün əlverişli mühit formalaşdırır. Avstraliya bu qadağa ilə uşaqları bu cür manipulyasiya və təcavüz təsirindən azad etmək istəyir".

Ekspert deyib ki, Azərbaycan kontekstində, Avstraliya modelinə bənzər bütün böyük platformaları əhatə edən kütləvi, yaşa görə tam qadağa qanunvericiliyinin qəbul edilməsi ehtimalı aşağıdır:"Lakin uşaq müdafiəsi məqsədilə rəqəmsal tənzimləmənin güclənməsi gözləniləndir. Ölkənin rəqəmsal strategiyası bu cür platformaların tam bloklanmasından daha çox, "Uşaqların zərərli məlumatlardan qorunması" haqqında qanun əsasında zərərli kontentə qarşı mübarizəni və kiber-təhlükəsizliyi gücləndirməyi hədəfləyir. Nəticə etibarı ilə, Azərbaycan daha çox valideyn nəzarəti proqramlarının təşviqinə, məlumat savadlılığının artırılmasına və zərərli kontentin fərdi bloklanmasına fokuslanacaq, çünki qlobal platformalara texniki yoxlama tələbi qoymaq həm çətindir, həm də ölkənin ümumi rəqəmsal inkişaf kursuna uyğun gəlmir".


MANŞET XƏBƏRLƏRİ