Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqlarına hazır olduqlarını, lakin bunun yalnız döyüş meydanında formalaşmış reallıqlar əsasında mümkün olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Putin bunu “Vesti” informasiya xidmətinin müxbiri Pavel Zarubinə açıqlamasında deyib.
Rusiya liderinin sözlərinə görə, Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı hazırda irəli sürülən təkliflər Moskva üçün qəbuledilməzdir.
Putin bildirib ki, Kiyev Rusiya qarşısında heç bir üstünlük əldə etməyib və gələcəkdə də buna nail olmayacaq.
Rusiya prezidenti Kiyevin mülki obyektlərə zərbələr endirməklə Pandoranın qutusunu açdığını və indi bunun qarşılığında cavab aldığını deyib.
O, Rusiyanı 40 gün ərzində məğlubiyyətə uğratmaq cəhdini Kiyevin və onun Qərbdəki kuratorlarının növbəti avantürası adlandırıb. Putinin sözlərinə görə, Kiyev hücumlarla qarşıdurmanın gedişində dönüş yarada bilməyib.
Putin həmçinin bildirib ki, Rusiya Ukraynanın müdafiə-sənaye kompleksi müəssisələrinə, o cümlədən Kiyevdə yerləşən obyektlərə zərbələri artırıb. O, bunu Rusiyanın logistika obyektlərinə endirilən zərbələrə cavab kimi təqdim edib.
Rusiya lideri Moskvanın cavab tədbirlərinin daha həssas və dağıdıcı olduğunu vurğulayıb.
Putin, eyni zamanda, Rusiyanı qorxutmaq və ölkədə seçkiləri pozmaq cəhdlərinin olduğunu bildirərək, Moskvanın buna imkan verməyəcəyini deyib.
/Musavat.com