Ukraynanın müdafiə naziri Mixail Fyodorov Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin istefasına nail olmağa çalışsa da, ölkə lideri Volodimir Zelenskinin razılığını ala bilməyib.
Turkustan.az xəbər verir ki, bu barədə “The Economist” nəşri Kiyevdəki mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, nazir ilə ali hərbi rəhbərliyin bir hissəsi arasında gərginlik Kiyevin raket və sursat təchizatının müzakirəsi fonunda daha da güclənib.
Yüksəkrütbəli kəşfiyyat rəsmilərindən biri nəşrə bildirib ki, Fyodorovun hərbi rəhbərlərlə birbaşa qarşıdurmada uğur qazanmaq şansı olduqca azdır:
“Sırski təcrübəlidir, sistemi Mişadan (Mixail Fyodorov) daha yaxşı tanıyır və onu üstələyəcək”.
Xatırladaq ki, Fyodorov bu ilin yanvarında texnoloji islahatçı reputasiyası ilə Müdafiə Nazirliyinə rəhbər təyin edilib və qurumda, eləcə də hərbi briqadalarda audit yoxlamalarına başlayıb.
“The Economist”in yazdığına görə, yoxlamalar zamanı təxminən 300 milyard qrivna (6,7 milyard dollar) məbləğində vəsaitin artıqlaması ilə xərcləndiyi aşkarlanıb.
Satınalmaların bir hissəsinin açıq tenderlərə keçirilməsi nəticəsində 155 mm-lik mərmilərin qiymətini təxminən 16% aşağı salmaq mümkün olub.
Mənbələr qeyd edir ki, hərbi rəhbərliyin bir hissəsi Fyodorovu döyüş təcrübəsinin olmamasına görə tənqid etsə də, onun rəqəmsallaşma və pilotsuz uçuş aparatlarının (PUA) inkişafı sahəsindəki uğurlarını etiraf edir.
İyun ayında nazir baş komandan Aleksandr Sırski ilə maliyyələşdirmə və resursların bölüşdürülməsi məsələlərində fikir ayrılıqlarının olduğunu bildirsə də, onların “eyni komandada” çalışdıqlarını vurğulayıb. Fyodorov təyinatından dərhal sonra orduda genişmiqyaslı islahatlar aparacağını və Müdafiə Nazirliyinin rəhbərliyini yeniləyəcəyini vəd edib. /Musavat.com/