Müddətli həqiqi hərbi xidmət keçən şəxslərin vaxtından əvvəl tərxis olunması ilə bağlı qaydalar vaxtaşırı müzakirə mövzusuna çevrilir. Xüsusilə ailə vəziyyəti, sağlamlıq problemləri və digər səbəblərlə xidmətini daha tez başa vurmaq istəyən hərbi qulluqçular üçün bunun mümkün olub-olmadığı maraq doğurur.
Bəs qanunvericilik hərbi xidmətdən vaxtından əvvəl tərxis olunmağa hansı hallarda icazə verir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, qanunvericiliyə əsasən, vaxtından əvvəl hərbi xidmətdən tərxis yalnız məhdud hallarda mümkündür.
Onun sözlərinə görə, əsas səbəb hərbi qulluqçunun səhhəti ilə bağlı xidmət vəzifələrini yerinə yetirə bilməməsidir:
“Əgər hərbi qulluqçu xidmət dövründə səhhəti ilə əlaqədar xidməti vəzifələrini icra edə bilmirsə, o, qanunvericiliyin tələblərinə uyğun olaraq Hərbi Həkim Komissiyasına təqdim edilir. Komissiyanın rəyi əsasında həmin şəxs – istər əsgər, çavuş, gizir, maxe, yaxud zabit olsun – hərbi xidmətdən tərxis edilir”.
Ü. Cəfərovun sözlərinə görə, müqaviləli hərbi qulluqçuların da xidməti müəyyən hallarda dayandırıla bilər:
“Maxe, gizir və zabitlər müəyyən müddətə bağlaşma əsasında xidmət keçirlər. Əgər onlar xidmət dövründə Hərbi Həkim Komissiyası tərəfindən xidmətə yararsız hesab edilərlərsə və ya törətdikləri cinayətə görə cəzaçəkmə müəssisəsinə göndərilərlərsə, onların xidmətinə xitam verilir və qanunvericiliyə uyğun şəkildə hərbi xidmətdən tərxis olunurlar”.
Hərbi ekspert vurğulayıb ki, hazırkı qanunvericilik ailə vəziyyəti və ya digər sosial səbəblərə görə hərbi xidmətdən vaxtından əvvəl tərxis olunmanı nəzərdə tutmur.
“Əvvəlki illərdə hərbi qulluqçunun xidmət dövründə övladı dünyaya gəldiyi halda, müvafiq arayış hərbi hissəyə təqdim edildikdən sonra onun vaxtından əvvəl tərxis olunması mümkün idi. Lakin hazırda belə bir norma qüvvədə deyil”, – deyə Üzeyir Cəfərov əlavə edib.