İyulun 16-17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qusarda “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda konfrans keçiriləcək.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, mətbuat nümayəndələri, ilahiyyatçılar, həmçinin din xadimləri iştirak edəcəklər.
Konfransda media subyektlərinin dini sahə ilə bağlı məsələlərin işıqlandırılmasında məsuliyyəti, dini maarifləndirmə işinin təşkilində mətbuatın rolu, radikalizm, ekstremizm, dözümsüzlük kimi mənfi təzahürlərin yayılmasının qarşısının alınması üçün üzərlərinə düşən öhdəliklərin müzakirəsi aparılacaq, habelə bölgədə yerləşən dini ibadətgahlara media-tur təşkil ediləcək.
Qeyd edək ki, konfransın media tərəfdaşı "Global Media Group" və “APA Media Group”dur.