New York Times qəzeti İsrail kəşfiyyat xidməti Mossadın İranın keçmiş prezidenti Mahmud Əhmədinejadla gizli təmaslar qurduğunu iddia edib.
Tukustan.az xəbər verir ki, nəşrin məlumatına görə, bu əlaqələrin əsası 2023-cü ildə qoyulub. İddia olunur ki, 2024 və 2025-ci illərdə Macarıstanın paytaxtı Budapeştdə keçirilən konfranslar çərçivəsində Əhmədinejadla İsrail kəşfiyyat rəsmiləri arasında məxfi görüşlər baş tutub.
Hesabatda həmçinin Mossadın direktoru David Barneanın 2024-cü ildə Budapeştdə Əhmədinejadla görüşdüyü iddia edilir. Keçmiş ABŞ rəsmilərinə istinadən bildirilir ki, Mossad həmin görüşdən sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) bu təmaslar barədə məlumatlandırıb.
Qəzetə danışan ABŞ, İsrail və İran rəsmilərinə istinadən qeyd olunur ki, İsrail rəhbərliyi İranda mümkün hakimiyyət dəyişikliyi halında keçid hökumətinə rəhbərlik edə biləcək fiqurlar arasında Mahmud Əhmədinejadın namizədliyini də nəzərdən keçirib.
Hesabatda daha bir iddia kimi bildirilir ki, İsrail Əhmədinejadın bəzi xarici səfərləri və yaşayış xərclərinin bir hissəsini gizli şəkildə maliyyələşdirib, həmçinin onunla müxtəlif ölkələrdə bir neçə dəfə görüş keçirib.
Qeyd edək ki, New York Times-ın irəli sürdüyü bu iddialarla bağlı İsrail və ya Mahmud Əhmədinejad tərəfindən rəsmi təsdiq verilməyib.
Aytən Yaşar/ Turkustan.az