Dünyanı birləşdirən folklor


Famil Hacısoy
Filoloq-pedaqoq
Azərbaycan Mətbuat Şurasının Fikrət Mursaqulov
mükafatı laureatı

Tarix boyu hələ, bəlkə də, dünya böyük dinlərə (İslam, Xristianlıq) bölünməzdən əvvəl bütün xalqları, eləcə də Türk millətini ayaqda tutan onun törəsi ilə birlikdə dəfələrlə dönə-dönə təcrübədən keçirdiyi sınamaları, inandığı diləklərinə doğru inamla yürüməsi və düşüncəsi olub. Bu sərvət xalqın mənsubiyyətini, kimliyini, dünənini və gələcəyini müəyyənləşdirdiyindən hər bir xalqın milli-mənəvi sərvəti ilk növbədə öz övladlarına çatdırılmalıdır. Bu mənəvi sərvətin qorunub saxlanıldığı yerdə ilk öncə ağız ədəbiyyatı olmuşdur. Folklor nümunələri xalqın ruhudur. Bu nümunələr məxsus olduğu xalqın bütövlükdə mədəni yaddaşına misilsiz qatqılar verdiyindən bu ruhu öyrənmək, üzə çıxarmaq və onu yaşatmaq hər kəsin milli borcudur. Bu bizə belə qənaətə gəlməyimizə bir daha əsas verir ki, hər bir xalqın folkloru onun özüdür. Sınama və inanclar da bu qəbildən olmaqla xalqın özünün yaratdığı və nəsildən-nəsilə şifahi olaraq ötürdüyü düşüncələrin məhsuludur. Lap daha dəqiq, mədəniyyətdir və bura söz, rəqs, adət və ənənələr,bayatı və laylalar, nağıllar, dastanlar, inanclar, türkəçarələr və s. aiddir. Bu nümunələr içərisində günümüzə gəlib çatan inanc və sınamalar bir xalqın kollektiv şüuru, yaddaşıdır.

El arasında tez-tez rastlaşdığımız sınanc və inanclar illər uzunu neçə-neçə nəslin müşahidəsindən və tədbiqindən keçdikdən sonra ağızlardan-ağızlara düşərək arıtlanmış, damcı-damcı yaddaşlara süzülə-süzülə şüurlarda özünə möhkəm yer edərək durulmuş, məxsus olduğu xalqın öz həyat tərzini, məişət şəraitini qurmasına xidmət göstərmişdir. Bu sınama və inanclar həm hikmətamiz kəlamlar vasitəsilə, həm də əmək və mərasim nəğmələrində, əfsanələrdə, rəvayətlərdə və dastanlarda xüsusilə geniş yayılıb, bugünkü nəsillərə ötürülmüşdür. Bu proses həyat durduqca insanı bələkdən kəfənədək müşayiət etməkdədir. Neçə min illərdir ki, insan doğulur, nəsil artırır, nəhayət, həyatdan köçür. Bu üç mərhələnin özü də folklorda doğum, toy, yas mərasimləri şəklində, onlarda oxunan nəğmələrin tərkibində nəsillərin yaddaşında əbədiləşdirilmişdir. İnsanların həmdəmi olan bir qism mərasim nəğmələri müşahidələr zamanı qəm, qüssə, kədər, hüznlə bağlı yaranıb. Başqa bir qism nəğmələr məqamına görə adamların arzu-diləklərini, rastlaşıb aciz qaldıqları problemləri dəf etmək üçün çarələr arayıb axtarmaq, şadlıq, sevinc əhval-ruhiyyəsini yaxşılaşdırmaqdan ötrü dini və dünyəvi inanclara tapınmaqla əks etdirmək, həyat düzənini müəyyənləşdirmək ehtiyacından meydana gəlmişdir. Bu kimi xüsusiyyətlər onların istifadə və tətbiq imkanlarını artırmaqla geniş yayılmasının başlıca səbəblərindən biri kimi qiymətləndirilməlidir.
El arasında yayılmış inanc və sınamalar da əmək və mərasim nəğmələri kimi zəruri ehtiyacdan yaranmışdır. Bu şifahi xalq nümunələri hər bir xalqın qədim milli adət və ənənələrini, məişət şəraitini, genofondunu, məşğuliyyətini, dini baxışlarını özündə qoruyub saxlamaqdadır. Bunu aşağıda ruhla bağlı qeyd olunan sitatlarda da görmək olar:
* Uşağı yatmış vaxtı öpməzlər, deyilənə görə, insan yatanda ruh bədəni tərk edir. Əgər uşaq yatmış vəziyyətdə öpülərsə, üzündə ləkə qalar, ruh qayıdanda sahibini tanımaz. (Azərbaycan radiosu “Söz naxışı” verilişindən)
* İnanclara görə, insan gözüaçıq şəkildə dünyadan köçəndə onun ruhu gözü vasitəsilə cismindən çıxıb yaşamağa davam edir. (Varis yolçuyev “Yetmiş yeddinci gün” əsərindən)
* Hind inancına görə isə, hər fərd öldükdən sonra başqa biçimdə dünyaya gəlmiş olur. Daha öncəki həyatının nitəliyinə görə yaxşı ya da kötü surət qazanmış olur. Bu həyat təkrarlanması ruhun kamala ulaşıb Tanrıya varışına qədər davam edər. Ruh öz bütün evrimini gerçəkləşdirdikdən sonra artıq yer üzündə həyat bulma sona çatar.
Yaxud:
“Hind inancına görə hər kəsin ruhu dörd evrədən keçər. Bu dörd evrənin hər biri bir “əşrama” adlanır. Bu dörd mərhələ bunlardır:
1. Mütaliə və şəxsi disiplin.
2. Ailə qurma və dünya işləri ilə uğraşma.
3. Düşünmə, dalğınlıq və dünya təmayüllərindən qopma.
4. İmtina və dünyadan tam qopuş.”
(Mahatma Qandi, “Bütün insanlar qardaşdır” fəlsəfi əsərindən)
Göründüyü kimi, verilən statlarda ruha münasibət məxsus olduğu xalqda cüzi fərq olmaqla demək olar ki, müəyyən mənada eyni məna yükünə malikdir. Bu isə onların qədimliyindən və insanların dünyaya baxışının ümumbəşəriliyindən məlumat verir.
Məlumdur ki, qədim insanların yaratdığı söykənclər - əfsanələr, əsatirlər, nəğmələr, inanclar və sınamalar bütün xalqlarda mədəniyyətin, təhsilin, siyasətin, fəlsəfə, incəsənət və elmin dilində nəzərə çarpacaq iz buraxıb. Adamlar hələ də min illər bundan əvvəl deyilmiş kəlamlara arxalanmaqla neçə-neçə əfsanə və rəvayətin kökünə varmış, araşdırmalar sayəsində bir sıra etimoloji nəticələr əldə edərək bəzi faydalı vərdişlərə yiyələnmişlər. Dəfələrlə zamanın sınaqlarından çıxmış, bugün inanc adlandırdığımız sınanclartürkəçarələr dövrlərinin neçə-neçə insanına həyat vermiş, dərdlərinə əlac olmuş, yaşamağa ümidləndirmişdir. Günümüzdə də bir bölüm insanlar arasında təsadüf etdiyimiz inanclardan sayılan səbrə (asqırmağa), əsnəməyə münasibətin olduğu belə sınanclardandır. Bizə görə, göstərildiyi kimi, bunun (asqırmanın) müqəddəs sayılma səbəblərindən biri dini rəvayətlərdə Allah-taala tərəfindən palçıqdan yapılmış Adəmin ruh üfürüldükdən sonra asqırıb ayılmasıdır.
* İslamaqədərki cəmiyyətdə ən çox sınamalara məruz qalan cəhətlər insan və heyvanların asqırma və əsnəmələri olmuşdur. Onlar həm asqırığı, həm də əsnəməni şeytandan gəlmə bir hal sayıb hər ikisini pis yozurdular. İmruul Qeys şerlərindən birində göstərir ki, səhərlər camaat yatarkən tezdən ova çıxır ki, heç kəs qarşısına çıxıb asqırmasın. Bəzən asqırıq müqabilində “Mənə yox, özünə qayıtsın!” və s. kimi sözlər işlədib, onun şərindən qurtarmaq istəmişlər. Heyvanların asqırması da pis yozulurdu. Sonra İslamda asqırıq bəyənilmiş, ancaq əsnəmək bəyənilməmişdir. Belə ki, asqırığın mələkdən, əsnəməyin şeytandan gəlməsi düşünülmüşdür. (A.Qasımova “Quran qissələri” əsərindən)
Bizlərdə isə tək və cüt səbrin bir sıra regionlarda böyük əhəmiyyət daşıdığı bugün hamımıza məlumdur. Bəzi insanların Atacağı addımı səbrlə tənzimləyənlərin mövcudluğu fikrimizi təsdiq edər. Əsnəməklə isə bağlı aşağıdakı misala diqqət edək:
* Uşaq xəstələndikdə tez-tez əsnəsə, güman edilərdi ki, o bədnəzərə gəlib. Belə olduqda duz, pambıq və üzərrik götürüb ana uşağın başına dolandırıb onları birlikdə yandırar ki, uşağa dəymiş nəzərlər götürülsün.
Yaxud:
* Adam tez-tez əsnəyərsə, deyirlər ki, həmin adamın yuxusu gəlir, ya da bu onun acdığını bildirir. (Azərbaycan radiosu “Söz naxışı” verilişindən)
* Ərəblər qarğanın ancaq bir dəfə qarıldamasında uğursuzluq görürdülər. Əgər o iki dəfə qarıldayardısa bunu yaxşılığa yozardılar. (A.Qasımova “Quran qissələri” əsərindən)
Bayquş bir sıra sibir xalqlarında uğurlu quş sayıldığı halda, bizlərdə bayquşun həyətə gəlməsi və ulaması pis yozularaq onun ulamasından bəd hadisənin baş verəcəyi gözlənilir. Buna görə də bayquşa daha çox uğursuzluq rəmzi kimi baxılır.
Bu cür ziddiyyətli mistik təcrübəyə söykənən təsəvvürlərə sınama və inanclarda sıx-sıx rast gəlmək olur. Yaranma tarixi qədim olan inam və sınamaların əksəriyyətinə ikili yanaşmanın bu kimi məsələlərlə bağlı olması da yuxarıda qeyd etdiyimiz səbəblə bağlıdır. Deyilənə görə, səfərə çıxarkən qarşından qara pişik keçməsi uğursuzluq əlaməti sayılır.
Ərəblərdə isə qarğanın lələklərini sirkəyə salıb saçlarına çəkir və saçların qaralacağına inanırdılar. Bizə görə, bu bəlkə də qara rəngin ətrafa buraxdığı neqativ aura ilə bağlıdır. Bunu digər xalqların da qara rəngə olan münasibətində də görürük. İbranilər, yunanlar, romalılar və ərəblər lap qədim zamanlardan qaraciyərə böyük əhəmiyyət verdiklərindən bəzi xəstəliklərin müalicəsində ondan istifadə etmələrinə baxmayaraq onları qaraciyərin qara rəngli olması, onun nifrət və qəzəbdən qaralması fikrinə gətirib çıxarmışdır.
Bu sayaq inanclardan bəzilərinin mənşəyi hələ də qaranlıq olmasıyla araşdırılmasını gözləməkdə olsa da, bəzilərinin mənşəyi bu gün bəllidir. Bənövşə ilə bağlı XVIII əsrdə baş vermiş bir maraqlı tarixi faktda deyilir ki, imperator Napoleonun gələcək arvadı Jozefina dustaq edilərkən ona bir dəstə bənövşə ötürülür. Hər saniyə gilyotində ölüm cəzasını gözləməsinə baxmayaraq, bənövşələri görərkən xilas olmağa onda dəli bir inam baş qaldırır və həqiqətən, o xilas olur. O gündən sonra Jozefina bütün paltarlarında bənövşə şəkli çəkdirib onlara bənövşə cövhərli ətir vurur, darda olanlara, köməyə möhtaclara bənövşə verib inamlarını artırır. Bu hadisə bənövşənin Avropada bir xilaskar bitki kimi sevilməsinə səbəb olaraq inanca çevrilmiş, bəzi xalqlar arasında bu gün də adət kimi yaşadılır.
Bu inanc və sınamaların bəziləri var ki, tarixi yükü baxımdan çox qədimdir. Bunlar qədimliyi ilə yanaşı özlərini gerçək həyatda doğrultduğundan bu gün də yaşam tərzində türkəçarələr şəklində yaşadılmaqla istifadə olunur. Bu inam və sınamaların içərisində istifadə edilənlər var ki, bu gün onların faydalı olmaları elmi cəhətdən əsaslı surətdə sübut edilmişdir. Zeytun, əncir və xurma ağaclarının meyvələri ilə yanaşı yarpaqları müsəlman aləmində bəlkə də elə buna görə qədimdən müqəddəs sayılır. Bu meyvələrin zəngin kalorili olması insanlara ta qədimdən məlum imiş. Xurmanın vitaminlərlə zəngin olması səbəbindən qədim ərəblər uşaq anadan olanda xurmanı çeynəyib onun ağzına qoyurdular ki, körpə güclü olsun.
Bugün də tibbi baxımdan faydalı bitkilərdən olan reyhanı ərəblər ziddiyyətli olsa da, aşağıdakı kimi dəyərləndirirdilər: A.Qasımova “Quran qissələri” əsərində göstərir ki: “ərəblər reyhan barədə yozumlar edirdilər. Reyhan gözəl ətir sözündən olduğundan, onu uğurlu bitki sayırdılar. Ancaq gözəl görsənib, yaxşı ətir verməsinə baxmayaraq, tamı acı olduğundan bəzən onun bədbəxtlik gətirəcəyini düşünürdülər.”
Dəyişən dünyamızın bu qədər inkişaf etməsinə, insanların düşüncə və dünyagörüşünü sürətlə zənginləşməsinə baxmayaraq, bu sınama və inamlar öz dəyərini günümüzədək itirməmişdir. Qədim insanların öz həyatlarını bu türkəçarələr və sınanclar əsasında qurmaları danılmazdır. Bunlar müxtəlif dövrlərdə insanların öz sağlamlıqlarını qorumağında, mövcud mühitlə davranmalarında və məişət şəraitlərini daim yaxşılaşdırmaqlarında əvəzsiz rol oynamışdır:
* Ruslarda elçi gediləndə söhbətdən öncə getdiyin evin süpürgəsinin çöpündən imkan tapıb oğurlasan qızı verməyə razı olarlar. (M. Şoloxov “Sakit don” əsərindən )
* Bizlərdə isə qız evindən gəlini bəy evinə apararkən bəyin adamları oradan nəysə bir şey götürür ki, gənc ailə dövlətli olsun. (toy adətlərindən)
Bütün bu sınamalar, yozumlar və çarələr yuxarıda qeyd olunduğu kimi mənşəyi hələ də məlum olmasa da illərin sınağından keçmiş praktik təcrübələrə əsaslanırdı. Elə buna görə də bir çox sınamalar daşlaşaraq aforizmlər, məsəllər yaxud türkəçarələr şəklində bu və digər çalarda dövrümüzə gəlib çatmışdır. Müxtəlif mənbələrdən götürülmüş aşağıdakı misallar mistik olsa da, fikrimizə söykək sayıla bilər:

* İlan qabığdan çıxan zaman nəqədər ki, təzə qabığı cilalanıb gözəlləşməyib çox acıqlı və əsəbi olur. (R.Kiplinq “Brakli” əsərindən)
* İlanı görənə cürət, görüb öldürməyənə lənət.
* Deyilənə görə, ilan ulduz görməyincə ölmməz. (Cəbrayıl sakininin dilindən)
* Bir ilan öldürərsənsə bir günahın bağışlanar. (M. Şoloxov “Sakit don” əsərindən)
* Yaşlı adamların dediyinə görə, maral buynuzu yandırılan yerə heç bir ilan gəlməz. İlanın o tüstünün iyindən zəhləsi gedir. (Zaqatala sakinlərinin dilindən)
* Hindistanda qırmızı xoşbəxtlik nişanı - ərli qadınların taxdığı nişan.
* Hinduların etiqadına görə ilanın başında qiymətli daşqaş vardır. (Mahatma Qandi “Bütün insanlar qardaşdır” fəlsəfi əsərindən.)
* Parklarda görülən atlı heykəllərin ön iki ayağı havadadırsa, heykəldəki adam döyüşdə ölmüşdür. Əgər bir ayağı havadadırsa, döyüşdə yaralanmışdır. Əgər 4 ayağı da yerdədirsə, o insan normal səbəblərdən ölmüşdür. (X.Hüseyn “Çərpələng uçuranlar” romanından)
* Adətən, atlar ölülərdən qorxurlar. Onlar heç vaxt meyidi tapdalamazlar. (Svetlana Alekseyeviç “Müharibənin qadın üzü yoxdur” əsərindən)
* Məşğuliyyəti boyu əsasən çanaqlıbağa balığı tutan balıqçıların gözü tez zəifləyir. (Ernest Heminquyey “Qoca və dəniz” povestindən)
* İnsanlar və itlər digərlərinin gözündə ifadə oxuyan yeganə canlılardır. İtlər bu xüsusiyyətdən insanlarla ünsiyyət üçün istifadə edirlər.
* Mayalılar çəpgözlüyü cazibədarlıq simvolu hesab edirdilər. Bu səbəbdən onlar övladlarının çəpgöz olması üçün əllərindən gələni edirdilər. (Milli.Az saytından)
* Efyopalılara görə meymunlar insan tərəfindən buyrulmasınlar deyə danışmırlar.
* Qədim ərəblər Qarğanın qanını qurudub bədənlərindəki şişlərin üstünə qoyur və şəfa tapacaqlarına inanardılar. Onlar ölü cəsədlə qidalanan qarğanın ətini yeməsələr də, bağırsaq xəstəliklərinin müalicəsində ondan istifadə edirdilər.
* Qədim Romada döyüşə getməzdən öncə hətta toyuq və xoruzlarla fal açır, bəzən xoruz döyüşdürürdülər.
* Ərəblər bədnəzərdən qorunmaq üçün üstlərindən qarğa dimdiyi asardılar.
* Rəvayətə görə, ibn Abbas qarğa səsi eşidərkən deyərmiş: Allahım, Səndən başqa heç kəs xeyir verə bilməz. Səndən özgə İlahi qüvvə yoxdur.
(A.Qasımova “Quran qissələri” əsərindən)
* Mayalılara görə müntəzəm olaraq səhər yeməyi yeyən ailələr, qaydasında səhər yeməyi yeməyən ailələrə nisbətən daha xoşbəxt və anlayışlı olurdular. (Elif Şəfəq “Eşq” romanından)
* Rahibələr mənim deməzlər. Onların özlərinə aid heç bir şeyləri olmadığından, heç bir şeyi əziz tutmazlar. Onlar hər şeyə bizim deyərlər. Məsələn: bizim örpəyimiz, bizim təsbehimiz. Öz köynəklərindən bəhs etdikləri zaman belə, onlar “bizim köynəyimiz” deyirlər. Bəzən onlar əhəmiyyətsiz bir şeyə, bir dua kitabına, bir dini xatirəyə, bir surətə öyrəşirlər. Lakin bu şeyi əziz tutmağa başladıqlarını hiss edən kimi dərhal onu verməyə borcludurlar. Onlar müqəddəs Terezanın sözlərini xatırlayırlar. Bir dəfə kübar bir xanım rahibəliyə daxil olduğu zaman: “Ana, icazə verin, mənim çox əziz tutduğum müqəddəs İncilin dalınca adam göndərim!” dedikdə, müqəddəs Tereza ona belə bir cavab vermişdi: “Ah! Demək, sizin əziz tutduğunuz bir şey varmış? Elə isə bizim sıramıza daxil olmaya bilərsiniz!”.
( Viktor Hüqo “Səfillər” romanından)
* Deyirlər ki, Səfəvi şahı I Təhmasib qızını ərə verməyərək bir atı da daim yəhərli saxlayarmış ki, on ikinci imam Mehdi zühur edəndə qızını ona versin. (M.Çəmənli “Ölüm mələyi” romanından)
* Bakıda oğulsuz qoca qarıların bir işi də cavan oğlanları evləndirmək, yetişmiş qızları ərə vermək idi. Bu tip qoca arvadlardan hamamlarda çox olardı. Adətə görə, hamamda bu tip qoca arvadlardan biri evində yetişmiş qızı yaxud gənc oğlu olana yanaşıb yanında oturarsa, ona öz məhəbbətini bildirmək üçüm ailəsində yeniyetmə olan qocanın başına bir satıl (qab) su tökərdi. O bir növ hörmət və etiram əlaməti idi. (Hüseynqulu Sarabski “Köhnə Bakı” əsərindən)
* Qədim yunanlar evlərini və tanrıların heykəllərini bənövşə ilə bəzəməyi sevirmişlər. Həmçinin bənövşədən hazırlanan çələnglə üç yaşına çatmış uşaqların başına tac qoyurlarmış, bununla da körpə ölkənin kiçik vətəndaşı hesab edilirdi. (Rəna Kərimova, “Bənövşə haqqında” yazısından)
* Odun müqəddəsliyinə inanılan əski iranda əfsanələrin rəvayətinə görə suçluların müqəddəs oddan keçirmək adəti varmış. Təqsirli sayılan günahsızsa, od onu yaxmazmış. (Ə. Firdovsi “Şahnamə” əsərindən).
* Mən yaman gözləri yaxşı bilirəm,
Onunçün gözümdən qorxuram bu dəm.
Pisdir öz gözünə gələrsə insan,
Uğrasın nəzərə bir başqasından.

(Nizami Gəncəvi “Leyli və Məcnun” poemasından)

Göründüyü kimi, rastlaşdığımız mənbələrdən götürülmüş bu misallar içərisində ayrı-ayrı dinlərə və xalqlara məxsus müxtəlif xarakterli qədim inanc və sınanclar mentalitetlərə qismən uyğunlaşmaqla əsas yer tutur. Bu da inam və sınamaların ortaqlığını araya gətirərək mental dəyərləri özündə qorumaqla bərabər onların ümumbəşəri olduğunu ortaya qoyur, multikulturallığından xəbər verir. Bundan əlavə, bu sınamalar, inanc və inamlar məxsus olduqları xalqın unudulmaqda olan qədim milli adət və ənənələrini, davranış qaydalarını özündə hifz etməklə günümüzə çatdırmaqda körpü rolu oynayır. Hamımızın sevimli milli bayramı olan çərşənbələrlə bağlı adətlərimiz də dünyanı birləşdirən sınanc və inanclardan sayıla bilər. Təbiətin dörd ünsürünü (su, od, yel və torpaq) özündə əks etdirən bu mərasimin hər birinin ayrılıqda xüsusi məna özəlliyi var. Bu rituallar zamanı təbiətlə cəmiyyət vəhdət təşkil etdiyindəndir ki, unudulmayaraq bu gün də ölkəmizlə yanaşı, digər ölkələrin bəzi xalqları tərəfindən inanılaraq yaşadılmaqdadır.
Diqqəti çəkən önəmli bir cəhətdə deyildiyi kimi, topladığımız bu nümunələrin səs cildini dəyişsə də, məna özəlliyini saxlamaqla məqamına uyğun dünəndən bugünümüzə xəbər ötürməsi ilə yanaşı, onların aktuallığını itirməmələridir. Məna yükü etibarı ilə demək olar ki, eyni olan lakin müxtəlif dillərdə özünəməxsus səsləndirilən sınanc və inanclarda müvafiq xarakterli məlumatlar əsasında ailə-məişət münasibətlərinin qurulması və insan sağlamlığının qorunması yolları öz əksini tapmışdır ki, indi də bu sınanılmış üsulların bəzilərindən xalq təbabətində, məişətdə hamı tərəfindən istifadə olunmaqdadır. Göründüyü kimi, bu sınanc və inanclar sadəcə bir xalqın deyil, bəşəriyyətin ortaq mirasıdır.


MANŞET XƏBƏRLƏRİ