Avey qoruğunun abidələri: Keçmişin daş yaddaşı, gələcəyin milli sərvəti


Rəna Qocayeva
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi

Azərbaycanın qədim tarixini, mədəni yaddaşını və memarlıq irsini özündə yaşadan nadir məkanlardan biri də Avey Dövlət Tarix-Mədəniyyət Qoruğudur. Qazax rayonunun ərazisində yerləşən bu qoruq yalnız bir coğrafi ərazi deyil, minilliklərin səsini günümüzə daşıyan canlı tarix kitabıdır. Buradakı hər daş, hər mağara, hər qala divarı insanlığın qədim izlərini, xalqımızın formalaşma yolunu və bu torpaqlarda yaranmış sivilizasiyanın zənginliyini özündə əks etdirir. Azərbaycanın maddi-mədəni irs xəzinəsində mühüm yer tutan Avey qoruğu həm arxeoloji, həm tarixi, həm də memarlıq baxımından xüsusi əhəmiyyətə malikdir.

1989-cu ildə yaradılmış Avey Dövlət Tarix-Mədəniyyət Qoruğu zəngin arxeoloji landşaftı ilə seçilir. Ərazidə paleolit dövründən orta əsrlərə qədər müxtəlif tarixi mərhələlərə aid çoxsaylı abidələr yerləşir. Burada qədim insan məskənləri, mağara düşərgələri, kurqanlar, ibtidai yaşayış yerləri, müdafiə tikililəri və qalalar mövcuddur. Xüsusilə Damcılı mağarası bu qoruğun ən mühüm abidələrindən biri kimi tanınır. Aparılmış arxeoloji qazıntılar nəticəsində burada qədim daş dövrünə aid əmək alətləri, heyvan sümükləri və digər maddi sübutlar aşkarlanmışdır. Bu tapıntılar göstərir ki, Avey ərazisi min illər öncə ibtidai insanların yaşayış məkanı olmuş, insan həyatının ilkin mərhələlərinin formalaşdığı əsas ocaqlardan biri kimi tarixə düşmüşdür.


Avey qoruğunun əhəmiyyətini artıran əsas cəhətlərdən biri onun çoxqatlı mədəniyyət qatlarını özündə birləşdirməsidir. Bu ərazidə yalnız bir dövrün deyil, müxtəlif tarixi mərhələlərin izləri qorunub saxlanılmışdır. Məhz buna görə Avey qoruğu tarixçilər, arxeoloqlar, memarlar və tədqiqatçılar üçün mühüm elmi laboratoriya hesab olunur. Burada aparılan araşdırmalar təkcə Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqazın qədim tarixinin öyrənilməsi baxımından da əvəzsiz mənbə rolunu oynayır.
Bu il ölkəmizdə “Şəhərsalma və Memarlıq ili”nin qeyd olunması Avey qoruğunun memarlıq baxımından əhəmiyyətini bir daha ön plana çıxarır. Çünki Avey təkcə arxeoloji qazıntı məkanı deyil, həm də erkən memarlıq düşüncəsinin ilkin izlərini yaşadan nadir sahələrdən biridir. Burada yerləşən qədim müdafiə tikililəri, qala qalıqları, daş konstruksiyalar və qayalar üzərində formalaşmış yaşayış formaları memarlıq tariximizin ilkin mərhələlərini öyrənmək üçün zəngin material verir. Erkən insanın təbiətlə harmoniyada yaratdığı bu tikililər sadə görünsə də, onların arxasında böyük həyat təcrübəsi, mühafizə ehtiyacı və estetik düşüncə dayanır. Bu baxımdan Avey qoruğu memarlığın başlanğıc fəlsəfəsini öyrənmək üçün əvəzsiz irs məkanıdır.
Lakin bu zəngin irsin qorunması bu gün ciddi məsuliyyət tələb edir. Zamanın təsiri, təbii aşınma, eroziya, iqlim dəyişiklikləri, həmçinin insan amili – nəzarətsiz ziyarətlər, laqeyd münasibət və bəzən vandalizm halları abidələrin qorunmasını çətinləşdirən əsas problemlərdəndir. Tarixi abidələrin bir qismi təbiətin sərt təsirləri nəticəsində dağılmaq təhlükəsi ilə üz-üzədir. Xüsusilə açıq hava şəraitində yerləşən daş abidələr və mağara kompleksləri mütəmadi konservasiya və monitorinq tələb edir. Əgər bu tədbirlər vaxtında görülməzsə, bəşər tarixinin nadir nümunələri geri dönüşü olmayan şəkildə itirilə bilər.
Məhz buna görə Avey qoruğunda abidələrin sistemləşdirilməsi və elmi qeydiyyatı mühüm prioritet məsələyə çevrilib. Maddi-mədəni irsin sistemləşdirilməsi dedikdə, ilk növbədə hər bir abidənin tarixi dövrünün, funksional təyinatının, memarlıq xüsusiyyətlərinin və qorunma vəziyyətinin dəqiq müəyyən edilməsi nəzərdə tutulur. Bu proses sadəcə siyahıyaalma deyil, həm də elmi təsnifat, xəritələndirmə, foto və video sənədləşdirmə, rəqəmsal bazaya daxil etmə kimi mərhələləri əhatə edir. Müasir texnologiyaların – 3D modelləşdirmə, GIS xəritələşdirmə, rəqəmsal arxivləşdirmə sistemlərinin tətbiqi bu işin keyfiyyətini artırır və gələcək nəsillər üçün etibarlı məlumat bazası yaradır.


Avey qoruğunun mühafizəsində ictimai iştirak da vacib rol oynayır. Tarixi irsi yalnız dövlət qurumlarının səyi ilə qorumaq mümkün deyil. Cəmiyyətin bu prosesdə fəal iştirakı, yerli əhalinin və gənclərin maarifləndirilməsi, məktəblərdə və ali təhsil müəssisələrində mədəni irs mövzusunda maarif proqramlarının təşkili mühüm əhəmiyyət daşıyır. Xüsusilə qoruq tərəfindən gənc nəslə tarixi abidələrin milli kimliyimizin ayrılmaz hissəsi olduğu aşılanır. Çünki öz irsini tanımayan və qorumayan cəmiyyət gələcəyini də etibarlı qura bilməz. Abidələrin qorunması kimi mühüm bir vəzifənin öhtəsindən Avey qoruğu uğurla gəlir.
Avey qoruğu bizim keçmişimizin daş yaddaşıdır. Burada qorunan hər abidə xalqımızın tarixi köklərinin, həyat tərzinin, estetik düşüncəsinin və yaradıcılıq potensialının canlı sübutudur. Bu abidələrə sahib çıxmaq yalnız keçmişə ehtiram deyil, həm də gələcəyə verilən dəyərdir. Çünki milli irsini qoruyan xalq öz kimliyini, yaddaşını və mənəvi dayaqlarını qoruyur.
Bu gün Avey qoruğunun qarşısında duran əsas vəzifələrdən biri abidələrin yalnız qorunması deyil, həm də onların elmi şəkildə öyrənilməsi, sistemləşdirilməsi və geniş ictimaiyyətə tanıdılmasıdır. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində qoruğun abidələrinin təbliği istiqamətində mühüm işlər həyata keçirilir, elmi araşdırmalar aparılır, konfranslar təşkil olunur, məqalələr yazılır və tarixi irsin təbliğinə xidmət edən müxtəlif layihələr gerçəkləşdirilir. Bütün bunlar Avey qoruğunun zəngin mədəni irsinin daha geniş miqyasda tanınmasına, onun elmi və tarixi əhəmiyyətinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Avey qoruğu bu gün də Azərbaycanın qədim irsinin qorunması və yaşadılması istiqamətində öz missiyasını uğurla davam etdirir.


MANŞET XƏBƏRLƏRİ