Kommunal xərclərlə bağlı müəmma yarandı – Avqustun 15-dək…


Yeni tikili binalarda yaşayan vətəndaşların ödənişləri ilə bağlı müəmmalı vəziyyət yaranıb. Belə ki, bəzi vətəndaşlar yeni tikili mənzillərdə hər kvadratmetrə görə aylıq kommunal ödəniş etdiklərini bildirsələr də, eyni zamanda bələdiyyə tərəfindən onlardan əmlak vergisinin də tələb olunduğunu qeyd edirlər.

Bu tələb nə dərəcədə əsaslıdır?

Turkustan.az xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Qasım Şaliyev deyib ki, vətəndaşlar arasında bu məsələ ilə bağlı müəyyən fikir qarışıqlığı mövcuddur.

Onun sözlərinə görə, bu xərclər bir-birindən fərqlənir:

“Bunlardan biri Mənzil Məcəlləsi ilə tənzimlənən məsələdir, digəri isə Vergilər Məcəlləsi ilə bağlıdır. Vətəndaşların “kommunal xərclər” dediyi məsələ Mənzil Məcəlləsində binanın ümumi əmlakının saxlanması ilə bağlı nəzərdə tutulan xərclərdir. Bu o deməkdir ki, əvvəllər binalar dövlətin balansında idi və onların saxlanma xərclərini mənzil-kommunal istismar sahələri həyata keçirirdi. Lakin 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinə əsasən, binanın ümumi əmlakı artıq həmin binadakı mülkiyyət sahiblərinin ümumi paylı mülkiyyətinə daxildir. Yəni mənzilin sahibi olmaqla yanaşı, sakinlər binanın ümumi əmlakına – pilləkənlərdən tutmuş həyətyanı sahəyə, şaxtalara qədər ortaq sahibdirlər.

Mənzil Məcəlləsinin 35-ci maddəsində bu məsələlər geniş şəkildə tənzimlənib və həmin əmlakın saxlanması öhdəliyi də birbaşa sakinlərin üzərinə düşür”.

Hüquqşünas əlavə edib ki, Vergilər Məcəlləsinin müvafiq maddələrinə əsasən, fiziki şəxslərin əmlak vergisi bələdiyyə vergilərinə aiddir və mənzilin sahəsinə görə hesablanır:

“Əmlak vergisi bələdiyyə tərəfindən hesablanır və avqustun 1-dən gec olmayaraq vergi ödəyicilərinə bildiriş təqdim olunmalıdır. Vətəndaşlar isə bu məbləği iki hissədə – avqustun və noyabrın 15-dək ödəyə bilərlər. Əgər əmlak vergisi əvvəlki sahib tərəfindən ödənilməyibsə, ödəniş müddətində əmlakın sahibi kimdirsə, həmin şəxs bu vergini ödəməlidir. Verginin məbləğinə gəldikdə isə, yaşayış sahələrinin 30 kvadratmetrə qədər hissəsi güzəştli sayılır, artıq hissə üzrə isə hər kvadratmetr üçün məbləğ şəhərdən asılı olaraq dəyişir. Məsələn, Bakı şəhərində bu göstərici 40 qəpik, Gəncədə isə 30 qəpik təşkil edir. Bundan əlavə, əmlakın yerləşdiyi əraziyə görə müxtəlif əmsallar tətbiq olunur. Məsələn, şəhər mərkəzində əmsal daha yüksək, kənar ərazilərdə isə daha aşağı olur. Beləliklə, əmlak vergisi dövlət tərəfindən müəyyən edilən sabit qaydalar əsasında hesablanır və ildə iki dəfə ödənilir”.

Qasım Şaliyev qeyd edib ki, lakin vətəndaşların “kommunal xərclər” adlandırdığı ödənişlər binanın ümumi əmlakının saxlanması ilə bağlıdır və bu məbləğ binadan-binaya dəyişir:

“Məsələn, eyni ərazidə yerləşən iki binada əmlak vergisi eyni ola bilər. Çünki o, sahəyə görə hesablanır. Amma ümumi saxlanma xərcləri bir binada kvadratmetr üçün 1 manat, digərində 70 qəpik və ya daha çox ola bilər. Bu isə binanın xüsusiyyətlərindən, göstərilən xidmətlərdən və saxlanma xərclərinin səviyyəsindən asılıdır. Həmin xərclər adətən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Bu cəmiyyətə üzv olmayan şəxslər üçün isə ödənişlər idarəedici qurumla bağlanan müqavilə əsasında tənzimlənir. Onu da qeyd edim ki, əmlak vergisi dövlət tərəfindən müəyyən edilir, binanın saxlanma xərcləri isə həmin binanın idarəetmə orqanı tərəfindən təyin olunur. Əsas fərq də məhz bundadır”.


MANŞET XƏBƏRLƏRİ