1918-ci ilin qanlı Mart soyqırımı


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

II Yazı

1918-ci ilin Mart hadisəsi

Rusiya İmperiya ordusuna mənsub olub alman, Avstriya və Osmanlı cəbhələrindəki otuz-qırx minə qədər əsgər cəbhəni buraxıb zəngin Azərbaycan torpaqlarına doluşmağa və buraları ələ keçirməyə çalışırdı. Bu vəziyyət qarşısında milli düşüncəli Azərbaycan türklərinə mənsub tələbələr də darülfunları buraxaraq Rusiyanın hər tərəfindən ana vətənlərinə gəlirdilər.Osmanlı cəbhəsindən qaçan ordu Osmanlıdan yedikləri zərbələrin intiqamını silahsız Azərbaycan türklərindən almağı düşünürdü.Rusiyadan qayıdan Azərbaycan tələbələri kitabları ilə birlikdə yol çantasına bir-iki tüfəng də qoymuşdu.Çünki onlar artıq bu dəfə millətə elmləri ilə deyil,canları ilə lazım olduqlarını anlamışdılar.

Bakıda da dərhal “Qafqaz müsəlmanları tələbələri komitəsi” toplandı və vaxt itirmədən fəaliyyətə başladı.Vəziyyət o qədər qorxulu idi ki,artıq dayanmaq zamanı deyildi.İlk toplanışın qərarı ilə hər tələbə öz şəhərinə gedib orada çalışmalı idi.O zaman qarşıda həllini gözləyən üç məsələ dayanırdı: Qafqaz müsəlmanlarının qurultayında iştirak, Nargin adasındakı Osmanlı İmperatorluq ordusuna məxsus əsirləri qaçırmaq və hərbi təlim görməmiş Azərbaycan türklərindən əsgər toplamaq. Bunların ən asanı qurultaydı.Qafqazın hər tərəfindən gələn nümayəndələr “İsmailiyyə”nin böyük salonunu doldurmuşdu.Bu qurultayda hər bir Azərbaycan türkü firqəçi olmadan “Adəmi-mərkəziyyət-Müsavat” firqəsi ilə birlikdə çalışmağa başladı.Bu qurultayda ən sevimli və unudulmaz bir hərəkət Şeyxülislam Axund Məhəmməd Pişnamazzadə ilə Müfti Mirzə Mustafa Əfəndizadənin çıxışı idi.Onlar birlikdə kürsüyə çıxaraq birlikdə nitq söylədilər və ikisi də əskidən bəri türk millətinə minlərlə bəla gətirən məzhəbçiliyin bitdiyini bəyan etdilər və qucaqlaşıb öpüşdülər.

Qurultayda alqışlar bitmək bilmirdi.Bundan sonra həqiqətən də bir Azərbaycan türkünə “sünnisənmi?”, ”şiəsənmi?”-deyə sual vermək böyük bir həqarət və tərbiyəsizlik sayıldı.Azərbaycan rus işğalına keçəndən ruslar Azərbaycan türkləri arasında məzhəb ayrılığı salmaq üçün bol-bol pul sərf edərək iki tərəfin də mollalarına iftiralar atmağa, onların aralarını vurmağa çalışırdılar.Rusiya İmperiyası tərəfindən şiələrə və sünnilərə məxsus ayrı-ayrı məktəblər belə açılmışdı. Şeyxülislam və Müftinin qərarı ilə ayrı-ayrı olan məktəblər birləşdirildi. Azərbaycanın dini cəhətdən bütövlüyü əbədi təmin edildi.

Qurultayın ikinci qərarı Osmanlı əsirlərinə yardım edən gizli cəmiyyət sırf tələbələrin deyildi.Orada yalnız bir neçə tələbə var idi Yüksək təbəqədən olan ailələrin xanımları da yardıma qoşuldular.Onlar yeməklə bərabər əsirlərə bəzi silah və elektrik cib lampaları daşımaqda idilər.

Gecə yarısı Nargin adası sahillərində pusquda duran “Adəmi-mərkəziyyət-Müsavat” üzvlərinin qayıqları lampa işarəsi ilə adaya yaxınlaşaraq heç kəsi duyuq salmadan 10 əsir qaçıra bildi. Sonrakı dəfə 16 türk zabiti qaçırıldı.Zığ burnunda bağlanan qayığı gecə dalğalar qoparıb dənizə aparmışdı.Gündüz rus dənizçiləri bu qayığı qəzaya uğramış hesab etmiş və bu səbəbdən də rus qəzetləri sevinclə belə bir xəbər çap etmişdilər: “Bu gecə Nargin adasından 16 türk zabiti qaçmaq istəmiş,lakin fırtınanın şiddətindən qayıqları çevrilmiş və onların hamısı həlak olmuşlar.Qayıq Nargin adası sahillərində aşkara çıxarılmişdır”.Halbuki həmin vaxtlar qaçırılmış zabitlər “Cəmiyyəti-xeyriyyə” (İsmailiyyə”) binasında istirahətdə idilər.Deməli qaçanların izini Xəzər dənizi yumuşdu.

Cəbhədən çəkilən və türklük əleyhinə beyinləri doldurulmuş ağılsız rus əsgərləri keçdikləri dəmiryol boyunca Azərbaycan kəndlərinə atəş açaraq əhalini öldürməkdə və soymaqda idilər.Hər tərəfdə bu məsələ ilə bağlı böyük hazırlıqlar başladı.Hər kəs varını-yoxunu silaha verməyə başladı və el birliyi ilə bu işə girişildi.Hacı Zeynalabdin Tağıyev kimi zənginlərdən para toplanıldı və İsmailiyyənin bir guşəsində gurultusuz könüllü əsgərlərin qeydiyyatına başlandı.İlk həftəyə 50-60 könüllü yazıldı.

Təşkilatın başında süvari mayoru İsgəndərbəyli dayanırdı.Könüllülərin içərisində dağıstanlı qardaşlarımızdan da kifayət qədər var idi. Bakının Çəmbərəkənd məhəlləsində bir məktəb binasında təcili olaraq qışla düzəldildi və dərhal əsgərlərə təlimlər başlandı.Qışla tapıldıqdan sonra 20-30 yeni əsgər də cəlb edildi.Onlar arasında Bakı milyonçusu Hacı Zeynalabdinin oğlu Məhəmməd də var idi.Bu gənc tələbə millət yolunda özünü qurban etməyə öz əsgəri birliyi qarşısında and içdi.Yeni yaradilan əsgəri birlikdə silah,eyni zamanda zabit yoxluğu böyük nöqsanlardan biri idi.Zabit məsələsini həll etmək üçün polkovnik Tabasaranskinin rəhbərliyi altında Çəmbərəkənddə bir hərbi məktəb quruldu.Girişilən bu ciddi hazırlıq işləri Bakıda olan Sovdepin heç də xoşuna gəlmirdi.Nəhayət göz önündən yaradılan hərbi birliyi çəkmək qərarı verildi.Buna ən uyğun yer kimi Lənkəran şəhəri seçildi.Bu günlərin bir günü axşama yaxın Lənkəran 80 nəfərə qədər nizami əsgər kütləsinə sahib oldu.İlk dəfə olaraq Lənkəran əhalisi sevinclə,göz yaşları içərisində öz milli əsgərlərini salamlayırdı.

Lənkəran ərazisində aparılan kəşfiyyat nəticəsində burada yerləşən rus ordusunun qışlalarında çoxlu tüfəng və pulemyotu olduğu öyrənildi.Bu isə çox mühüm idi,çünki Bakıdan silah əldə etmək ümidi artıq itirilmişdi.

Çox az bir zamanda bu işdə də müvəffəq olundu.Lənkəranın qaranlıq,yağmurlu palçıqlı gecələrindən birində əvvəlcə bələdlənmiş yollarla gizli hücuma keçildi.Bir damla qan axıdılmadan qışlalar ələ keçirildi.Təslim olan rus soldatlarına heç bir şey edilmədi.Yalnız silahları alınıb buraxıldı.Qışlalarla birlikdə 200-dən çox tüfəng, saysız patron, 11 pulemyot, yük arabaları, bir neçə əsgəri mətbəx, 40-a qədər minik atı keçdi.Artıq vaxt itirmədən bu silahlarla müvafiq əsgər toplanmağa başlandı.Süvari və pulemyot bölükləri ayrıldı.Topçu zabiti yeni yaradılan milli ordu hissəsində vardısa da, yalnız topu yoxdu.Bir gün sevincli bir xəbər gətirdilər.Astara dəniz limanında ruslar sərhəddən çıxardıqları topları gəmilərə yükləyərək Bakı Sovdepinə göndərmək niyyətində idilər.Dərhal hərbi şura toplandı və topların ələ keçirilməsi qərara alındı.Bu qərarın icraçısı topçu yüzbaşısı,mənşəcə polyak olan mərhum Kaçmaryevski öz üzərinə götürdü və dərhal on iki nəfər seçmə əsgərlə Astaraya yollandı.Dan yeri işıqlananda Astaraya çatmışdı. “Evelina” gəmisi yola düşməyə hazırlaşırdı.Vəziyyəti yerindəcə qiymətləndirən Kaçmaryevski dərhal gəmini ələ keçirmiş və onun Lənkərana istiqamət almasını əmr etmişdi.Əsgərlərinin bir hissəsi ilə Lənkərana xəbər göndərmiş, özü isə bir neçə əsgərlə gəmidə qalmışdı.Əlində bomba tutaraq ruslara “Gəminin yolunun dəyişdiyini bilsəm,son bombanı top mərmilərinin üstünə atacam,canına qıyan varsa, ortaya çıxsın”-demişdi. Beləliklə topçu bölüyü də quruldu.Milli Ordu təşkilatı ad qazandıqdan sonra təəssüf ki,sıralarına bir qisim şıq geyimli fəqət fitnə-fəsadlı gənclər də yol tapmağa başladılar.Bakı milyonçularının oğulları quru yerdə, atlarının yəhərini başlarının altına qoyub, paltolarına bürünüb yatdıqları halda bu yeni gəlmə gənclər özləri ilə ipək yorğan-döşəklərini də gətirmişdilər.Bunların şıq geyimləri,inqilab içərisində olan Bakıya tez-tez gedib-gəlmələri,düşmən gözünə görünmələri hər iki tərəfdə də çox fəna təsirlər buraxırdı.Odur ki, zavallı Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin vaxtsız ölümü fəlakətlərimizin başlanğıcı oldu.Silahla ehtiyatsız davranaraq özünü həlak etmişdi.Məhəmmədin cənazəsinin Bakıya “Evelina” gəmisi ilə göndərilməsi qərara alındı.Cənazə mərasimində zabitlərimizdən leytenant Əsədullazadə ilə 18 əsgər vardı.Bu azlıq belə ruslar arasında çox böyük həyacan doğurdu.Onlar kinlərindən başlarını itirmişdilər və “tez bir zamanda bu vəhşilərdən belə nizami əsgərlər?”-deyə heyrətlərini gizlədə bilmirdilər.Bu hal dişlərinə qədər silahlanmış rusları yarıbolşevik rus soldatlarını bərk düşüncəyə saldı. Qara buludlar zavvalı vətənimizin üzərini almaqda idi.Hamımıza bəlli olan mart günləri gəldi.Silahsız başıpozuq kütləyə,bir neçə zabit və 18 əsgərə qarşı hərbi təlim görmüş,ən müasir düşmən alayları vəziyyət aldılar.Onlar da bu nifrətin acısını Bakı əhalisindən çıxarmağa qaixdılar. Bu surətdə Bakı Kommunasının rus və erməni əsgərləri Moskvadan göndərilən proqram daxilində müntəzəm şəkildə Azərbaycan türklərini qırdı.Bu qırğına “bolşevik-müsavat firqə mübarizəsi” adı verildi və qətl edilənlərin malları yağma edildi və yandırıldı.Martın 31-də başlayan bu qırğın üç gün davam elədi.”İsmailiyyə” deyilən böyük və gözəl milli saray yandırıldı.”Təzə pir” və sair camelər də bombardman edildi.Şəhidlərin miqdarı 20 minə qədər təxmin edilməkdədir.Qətllərdən qurtulan Azərbaycan türkləri ətraf kəndlərə və dağlara çəkildilər.

Bax,Azərbaycan istiqlalı yolunda ilk qurbanlar burada Bakıda verildi.Qatillər ətrafa hücum edərək Şamaxı şəhərini yandırdı və əhalisini tamamilə qırdı.

Səngəri birinci gecədən buraxıb gedənlər yenə də o şıq geyimli gənclər oldular.Nizam əsgərlik görməmiş əhalidə daha çox cəsarət və təhəmmül olduğu bu qanlı günlərdə anlaşıldı.Eyni zamanda,Azərbaycanın Muğan çölündə qara yara olan rus kəndləri də rus ordusu ilə birləşərək Lənkərandakı əsgərlərimizə hücum etdilər.Gəncə tərəfdən yardıma gələnlər yetişməmişdilər.Bolşeviklər Gəncə ilə aranı kəsə bildilər.Axşama qədər çəkən qeyri-bərabər savaşdan sonra qalan əsgərlərimiz Qacar dövləti sərhədlərini keçmək məcburiyyətində qaldılar və min bir bəladan sonra dağınıq bir halda Qacar dövlətinin Gilan vilayətinə getdilər.Yoxsulluğa baxmayaraq, burada da tutduğumuz yoldan çəkinmədilər.Gilanda Küçük xan ilə birlikdə Rəşt-Ənzəli yolu ilə Bakıya, rus bolşevik ordularına yardıma gedən qüvvətlərin yolunu kəsməyə çalışdılar.

Beləcə,Azərbaycanın istiqlalı uğrunda çalışmanın qanlı səhnəsinin birinci pərdəsi Lənkəran hadisələri ilə bitdi.

Bundan sonra fəaliyyət Gəncə ilə Gilan tərəfə keçmişdi və bir neçə ay sonra Azərbaycanın istiqlal ulduzu burada-Gəncədə doğdu.

31 Mart

Rus mütləqiyyəti istibdadını kökündən yıxmış olan Rus inqilabi-kəbiri, mütləqiyyətin zənciri-əsarətinə kiriftar olmuş olan millətləri azad etdi. Əsrlərcə zəncirində qalmış olan zavallı millətlər, uyuşmuş bədənlərinə bir hərəkət verib qol-qanadını açmaq istəyirdi ki, mütləqiyyət istibdadı əvəzinə Rusiyada bolşevizm istibdadı çaykir olub bədbəxt millətləri təkrar əsarət zəncirinə vurmaq əməlinə girişdi.

Bolşevizm amalına qarşı müqavimət göstərmək istəyənlərlə “qrajdan” müharibəsi açan və istiqlal üzrə yaşamaq istəyən və böylə yaşamağa həqqi olanlarla dəxi milli cəngə girişən Rus bolşevizmi, “azad millətlər” şüarını həqarətlə tapdalayıb bu millətlər füqarayi-kəsibənin və demokratiyasının canını və malını əsir etdi.

Onda ki, Rus bolşevizmi araya bir “qrajdanski” və bir də milli olmaq üzrə iki rəngli müharibə salıb çaylarca qanlar axıtdı, milyonlarca bəşər övladını tələf etdi,yüz minlərcə evləri viranə qoydu və bu qanlı vaqeədən hasil olan təsirat, təbii, böylə bir əqidə törənməsinə səbəb oldu ki, Rus inqilabı, yalnız bir rusluğa müxtəss olub çarizm, istibdadını qaldırmaqla deyil , ümumi millətləri, bəlkə Rus xalqını bu istibdad təhtindən qurtarıb,digər millətləri təkrar əsarət altında saxladı.Yalnız bir fərq bu oldu ki,bu əsirlərin keşikçiləri əvvəl rus çarizmi idi,bu səfər isə rus bolşevizmi oldu.Hər halda əsirlik aradan götürülmədi-qurd əlindən qurtulmuş quzu,qurtaranın yemi olmaq məcburiyyətində qaldı.

Bir əsr bundan əvvəl müstəqil yaşamaqda olan Azəri Türkləri rus istibdadının yıxıldığını görüb təkrar müstəqil yaşamaq üçün fərəhi bəxşilə şad olub istiqlala hazırlaşmaq üçün tədarükatda bulunmağa başlar. Lakin yeni hakimlərimiz bu fikrimizi həmandan duyub əks tədarükat görməyə iqdam edib. “Biz sizə istiqlal əvəzində xərabəzar verərik,torpağınızda daşı daş üstə qoymarıq”-deyə barmaq işarəsilə hədələdilər.

İstiqlalımıza qarşı ittixaz edilmiş olan suyi-qəsdlərində özlərini “inqilabçı” nöqteyi-nəzərindən həqli göstərmək niyyətilə, adınızı “kontrrevolysaner” qoyub hücuma hazırlaşdılar; hazırlanıb da başımıza Mart fəlakətini gətirib, hədələrinə müvafiq olaraq paytaxtımızı xərabəzarə döndərdilər.

Çarizmin zənciri əsarətindən yenicə qurtulmuş olan Azəri türkləri bir əsr müddətində əsarətin ağırlıqlarından o qədər zəif düşmüşdü ki,istiqlalını müdafiə etməyə və istiqlal düşmənlərinə qalib gəlməyə qüdrəti yox idi.Bu zəiflik deyil yalnız maddi və cismani qüvvətimizi, bəlkə bütün mənəvi və ruhani qüvvələrimizə şamil olub bədənimizin bütün qəvvayi-ruhaniyyə və cismaniyyəsinə atil qoymuşdu. Bu ətalət o dərəcə idi ki,özümüzü müdafiə vəziyyətinə salmağa dəxi qüdrətimiz olmayıb düşmənin hücum və tərizləri qarşısında üryan bir bədəndə əli-qolu bağlı yıxılıb “ölüm-dirim məsələmizin o tövr və ya bu tövr həlli düşmənin rəhminə,ya rəhimsizliyinə bağlı idi.

Bundan fəna bir hal olmaz ki, sənə qarşı təcavüz edilsə və sənin də bu təcavüzü dəf etməyə heç bir vəsilən olmaya.

Bakı müsəlmanları mart günlərində bu halda idilər.

Və əgər Türklər, Osmanlı türk qəhrəmanları vaxtlı-vaxtında gəlməsə idilər,Azəri türkləri Bakı həzimətindən sonra özlərini yığışdırıb müdafiəyə hazır olmağa fürsət tapınca deyil bir Bakıda, Şamaxıda, bəlkə də ümum Azərbaycanda daş daş üstə qalmadı...

Keçənlər keşdi və olan oldu; mart hadisatı Azərbaycan tarixində mühüm bir səhifə işğal edib Azərbaycan türklərinin istiqlal yolunda can verib qan tökdüklərini gələcək nəslə oxutduracaqdır: bugünki vəzifəmiz isə,o qara günləri yaddan çıxartmamaq və buna görə də həmişə və hər an hazır olmalıdır. Böylə hazırlıq ki, bu hadisələr bir də təkrar edersə, müdafiəsinə qadir olalım; bunun üçün həm hökumətimizin həm də milətimizin yaşaması lazımdır.

Bu gün istiqlal ilə yaşayıb da bu neməti-əzəmətdən itifadə ediriksə də, özümüzü xaricə əmin- amanlıqla bilmək və istiqlalımızın iqbasını təmin etmək üçün müdafiəyə hər an hazır olmalıyıq. Biz indi öz müqəddaratımızı öz əlimizə aldıq, borcumuz bu müqəddaratı gələcəkdə zühuri-mütəhəmmid olan hər növ təcavüzatdan qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır.

Hacıbəyli Üzeyir

“Azərbaycan “ qəzeti N 147, 31 mart 1919

Ardı var


MANŞET XƏBƏRLƏRİ