Cəsarət Camalov
Texnika elmləri doktoru
1993-cü ilin 2 aprel tarixi Kəlbəcər rayonu üçün təkcə bir işğal günü deyil, həm də insanlıq tarixində silinməz iz buraxmış faciələrin başlanğıcı kimi yadda qaldı. Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində bölgədə yaşayan dinc əhali – körpələrdən tutmuş qadınlara, yaşlı insanlara qədər – ağır zorakılıqlara məruz qaldı. Bu hadisələr beynəlxalq humanitar hüququn və Birləşmiş Millətlər Təşkilatı prinsiplərinin açıq şəkildə pozulması idi.
İşğal zamanı yüzlərlə mülki şəxs qətlə yetirildi, girov götürüldü, ailələr parçalandı. Milli kəndində və digər yaşayış məntəqələrində dinc sakinlərin amansızcasına öldürülməsi bu vəhşiliyin ən acı nümunələrindəndir. Həmin günlərdə Şəhid babalarım 82 yaşlı Mirzəyev Əli Camal oğlu, 82 yaşlı Nəcəfov Yunis Kərim oğlu, Şəhid nənələrim Mirzəyeva Badam Abdüləzım qızı, Nəcəfova Zərnigar Məhəmməd qızı, Mirzəyeva Güllü Camal qızı kimi günahsız insanlar və onlarla digər qocalar yalnız azərbaycanlı olduqları üçün qətlə yetirildi. Bu adlar bir kəndin deyil, bütöv bir xalqın çəkdiyi iztirabın rəmzidir.
Bu faciələrin içində Azərbaycan qadınının qeyrət və ləyaqət nümunəsi kimi tarixə düşən hadisələr də var. Əsir düşməkdənsə, şərəfini qorumağı üstün tutan Şəhid bibim Camalova Zərnişan Mehdi qızı düşmən əlinə keçməmək üçün özünü çaya ataraq faciəli, lakin qürurverici bir qəhrəmanlıq nümunəsi göstərmişdir. Onun bu addımı Azərbaycan qadınının əyilməz iradəsinin və mənəvi gücünün simvoluna çevrilmişdir.
Kəlbəcərdə baş verənlər tək hadisə deyildi. Ağdaban faciəsi və Başlıbel qətliamı kimi qanlı hadisələr eyni siyasətin davamı olaraq dinc əhaliyə qarşı törədilmiş ağır cinayətlər kimi tarixə həkk olundu. Bu faciələrdə insanlar diri-diri yandırıldı, kəndlər yerlə-yeksan edildi, sağ qalanlar isə didərgin düşdü.
Bu hadisələr yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayətlərdir. Onların beynəlxalq səviyyədə tanıdılması, hüquqi-siyasi qiymət verilməsi və gələcək nəsillərə çatdırılması böyük əhəmiyyət daşıyır. Unutmaq isə bu cür faciələrin təkrarlanmasına zəmin yarada bilər.
Bu gün Kəlbəcər rayonu və digər vaxtilə işğal altında olmuş ərazilərimiz Cənab İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyətli rəhbərliyi, uzaqgörən və ardıcıl siyasəti, Azərbaycan Ordusunun şücaəti, şəhid əsgər və zabitlərimizin qanı, eləcə də qazilərimizin fədakarlığı və sağlamlığı bahasına azad edilmiş, ölkəmizin ərazi bütövlüyü beynəlxalq hüquqa uyğun olaraq bərpa olunmuşdur. Bu tarixi Zəfər Azərbaycan dövlətinin gücünün, xalq–ordu–lider birliyinin və ədalətin təntənəsinin bariz nümunəsidir.