Məhəmməd İsrafiloğlu
Almaniya
Rasim Balayev də dünyasını dəyişdi. Filmlərdə oynadığı möhtəşəm rolları ilə tamaşaçı yaddaşında silinməz izlər buraxdı. Aktyor, sənətkar kimi Sovet mühitindən fərqli bir mühitdə olsaydı, bəlkə də dünyaca məşhur bir sənətçi olardı. Bu üzdən onun şöhrəti keçmiş Sovet məkanının hüdudlarını aşa bilmədi – çox təəssüf ki...
Çox vaxt toplum özünün həll edə bilmədiyi məsələlərdə məşhurları qəddarcasına hədəf alır. Rasim Balayev də bu önyarğının hədəfində oldu. Nəsimi rolunu oynadığı üçün tamaşaçı onu Nəsimi gözündə gördü – sanki cəmiyyətin qüsurlarına qarşı dərisi soyulanadək savaşmalı idi bu aktyor. Hələ Babək kimi şaqqalanmağı demirəm...

Bu mövzuda heç vaxt rasional düşünmədik. Nəsimi, Babək, Beyrək rollarını oynayanın sadəcə bir aktyor olduğunu unutduq. Rasim Balayev də digər məşhurlar kimi öz zəmanəsinin bir insanı idi. Sadəcə aktyor kimi filmlərdə gah orta əsrlərdə Babək, Beyrək olurdu, gah da Cümhuriyyət dövründə müsavatçı Əziz...
Hətta özü də bir dəfə demişdi: “Axı mən Babək deyiləm, sadəcə onun rolunu oynamış aktyoram.”
Bir aktyordan gözlənilən nə idisə, Rasim Balayev onun öhdəsindən artıqlaması ilə gəldi.
“Babək” filmi mənim doğulduğum Culfa şəhərinin müxtəlif yerlərində çəkilmişdi. O vaxt mənim 7 yaşım var idi. Yayın qızmar çağında ayaqyalın məhəllə uşaqları ilə ora-bura qaçırdıq. Bir dəfə Culfada “İran dükanı” deyilən tərəfə gedən ağ “Jiquli”də Babəkin – yəni Rasim Balayevin olduğunu eşitdik.
Maşının arxasınca bir dəstə uşaq var gücümüzlə “Babək! Babək!” qışqıra-qışqıra qaçırdıq. Birdən möcüzə baş verdi… Maşın dayandı. İçindən ağappaq yay kostyumunda, uca boylu Rasim Balayev düşdü. Təsəvvür edin – hamımızla əl görüşdü, üzümüzdən öpdü.
Hamımız sevincdən donmuşduq. Həmin gün bizdən xoşbəxti yox idi. Bu görüşü bəlkə də hər gün bir-birimizə danışırdıq.
İllər sonra Ukraynada bir tədbirdə təsadüfən yenidən rastlaşdıq. İrəli gedib salam verdim. Təbii ki, şəxsi tanışlığımız yox idi. Qucaqlaşdıq. Dedim: “Rasim müəllim, bu ikinci görüşümüzdür...” və uşaqlıq xatirəmi danışdım.
Necə kövrəlib bir də mənə sarıldısa... Elə bil uşaqlıqda olduğu kimi. O an yenə özümü dünyanın ən xoşbəxt insanı kimi hiss etdim...
Nur içində yatsın, Böyük Sənətkar, Gözəl İnsan...