Türk xalqlarının əlifba və ədəbi dil birliyinə yeni töhfə


Ezizaga Necefov.jpg

Əzizağa Nəcəfzadə
Qarabağ Universitetinin Filologiya kafedrasının müdiri, filologiya elmləri doktoru

Elçin İbrahimovun “Birinci Türkoloji Qurultay – 100: ortaq əlifba, imla və ədəbi dil məsələləri” kitabı haqqında

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixində imzaladığı “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamda 1926-cı ilin fevralında Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk tarixində əhəmiyyətli dönüş nöqtəsi olaraq qiymətləndirilir. Bildirilir ki, bu mötəbər toplantı yalnız türkologiya elminin inkişafına xidmət etməmiş, həm də türk xalqları arasında ortaq mədəni kimlik və intellektual birliyin formalaşmasında önəmli rol oynamışdır. Qurultay ilk dəfə olaraq vahid ümumtürk əlifbası və ortaq orfoqrafiya məsələlərini sistemli şəkildə gündəmə gətirmiş, mövzunu elmi, tarixi və praktiki aspektlərdən əhatəli şəkildə müzakirəyə çıxarmışdır.

Sərəncamda qeyd olunan ortaq əlifba ideyası ötən əsrin 20-30-cu illərində elmi dairələrdə geniş rezonans doğurmuş və yalnız linqvistik problem kimi deyil, eyni zamanda mədəni, siyasi və mədəniyyətlərarası inteqrasiyanın vacib elementi kimi qiymətləndirilmişdir. Qurultayda irəli sürülən prinsiplər və tövsiyələr gələcəkdə türk xalqları arasında vahid mədəni layihənin qurulması üçün nəzəri və praktiki əsas yaratmışdır. Bu baxımdan Birinci Türkoloji Qurultay yalnız bir elmi tədbir kimi tarixdə qalmamış, həm də türk dünyasının ortaq gələcəyinə xidmət edən strateji qərarların qəbul edildiyi mədəni-siyasi toplantı olmuşdur.

Bu günlərdə Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru Elçin İbrahimovun “Birinci Türkoloji Qurultay – 100: ortaq əlifba, imla və ədəbi dil məsələləri” adlı monoqrafiyası “MİMTA Yayımları”da nəfis şəkildə nəşr olunub. Qarabağ Universitetinin Elmi Şurasının qərarı ilə işıq üzü görən 474 səhifəlik bu kitab müəllifin çoxillik tədqiqat fəaliyyətinin nəticəsi kimi ərsəyə gəlmişdir. Arxiv materiallarına, əski mətbuat nümunələrinə, şahid qeydlərinə əsasən qələmə alınan bu əsər yalnız məlum tarixi hadisəni sənədləşdirmir, həm də bu hadisənin ideoloji, siyasi və elmi yönlərini dərin təhlilə cəlb edir.

Kitabın ilk bölmələrində türk xalqlarının tarixində dil əlaqələri və əlifba təcrübələri analitik təhlilə cəlb edilir. Göytürk, uyğur, ərəb, fars, latın və kiril qrafikalı əlifba sistemləri arasında baş vermiş keçid və transformasiya mərhələləri araşdırılır, bu proseslərin dil mədəniyyəti və ictimai şüur üzərindəki təsirləri elmi əsaslarla təqdim edilir.

Tədqiqat prosesində ortaq dil ideyasının 1920-ci illərə qədər keçdiyi inkişaf yolu həm ideoloji çərçivədə, həm də regional dil siyasətlərinin və siyasi kontekstin fonunda nəzərdən keçirilir. Müəllif haqlı olaraq vurğulayır ki, ortaq yazı və dil arzusu yalnız Birinci Türkoloji Qurultayın (1926) məhsulu deyil, bu ideya qədim köklərə malik olub, türk xalqları arasında ictimai-intellektual mühitin formalaşması və dil-mədəniyyət sahəsindəki zərurətlərin təbii nəticəsi kimi yetişmişdir.

Bu yanaşma əsərə həm tarixi-nəzəri, həm də komparativ-linqvistik dərinlik qazandırır, türk xalqlarının ortaq yazı və dil məsələlərinin yalnız XIX – XX əsrlərdə deyil, minilliklər boyu davam edən bir proses olduğunu nümayiş etdirir. Müəllifin təqdim etdiyi təhlil, həmçinin ortaq dil ideyasının yalnız linqvistik problem kimi deyil, geniş mədəni, siyasi və sosial kontekstlərlə sıx bağlı olduğunu göstərir.

Əsərin növbəti bölmələrində diqqət Qurultayın özünə yönəlir. E.İbrahimov tədbirin təşkili, məqsədləri və keçirildiyi ictimai-siyasi konteksti ətraflı təsvir edir. Qurultayın 131 deyil, 134 nümayəndə ilə (“Birinci Türkoloji Qurultayın iştirakçılarının siyahısı” kitaba əlavə olunub ki, həmin siyahıda iştirakçıların adı, soyadı, təmsil etdiyi ölkə və cari vəzifəsi qeyd edilib.) 17 iclasda 38 elmi məruzənin dinlənilməsi Bakının o dövr üçün nə qədər əhəmiyyətli bir intellektual mərkəzə çevrildiyini sübut edir. Əli bəy Hüseynzadə, Bəkir Çobanzadə, Fuad Köprülü, Vasili Bartold, Lev Şerba, Sergey Malov, Aleksandr Samoyloviç, Aqafangel Krımski kimi türkoloq və şərqşünasların iştirakı bu toplantının yalnız regional olmayıb, beynəlxalq elmi hadisə səviyyəsində qəbul edildiyini göstərir.

Müəllif bu fəsildə Qurultayın gedişində latın qrafikalı ortaq əlifba ideyasının necə formalaşdığını, hansı elmi prinsiplərə əsaslandığını və ortaq terminologiya, imla, fonetika, morfologiya, dil metodikası məsələlərinin hansı müstəvidə müzakirə edildiyini də geniş şəkildə təhlil edir. Xüsusilə Lev Şerbanın orfoqrafiya prinsipləri, Nikolay Yakovlevin əlifba sistemləri və Bəkir Çobanzadənin ləhcə (şivə) yaxınlıqları haqqında məruzələri E.İbrahimov tərəfindən əsaslı elmi mülahizələrlə təqdim edilir.

Əsərin son bölmələri birbaşa müasir dövrün reallıqlarına həsr olunmuşdur. Burada Elçin İbrahimov tarixi retrospektiv yanaşmanı davam etdirərək göstərir ki, Birinci Türkoloji Qurultayda yüz il öncə irəli sürülən ideyalar və nəzəri prinsiplər bu gün yalnız elmi mülahizə çərçivəsində qalmamış, əksinə türk dünyasının siyasi, mədəni və elmi gündəminin aparıcı məsələlərindən birinə çevrilmişdir.

Qeyd etməliyik ki, 2021-ci ildə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının VIII Zirvə Toplantısında qəbul edilmiş “Türk Dünyasına Baxış – 2040” strateji sənədində qarşıya qoyulan vəzifələrdən biri də türkdilli xalqlar arasında ünsiyyətin daha da səmərəliliyini təmin etmək üçün ortaq əlifba və terminologiya bazasının yaradılmasıdır. Elə 2024-cü ildə Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə həmin sənəddə qaldırılan məsələlərin icrasının dəstəklənməsi bunun bariz sübutudur.

E.İbrahimovun qənaətinə görə, ortaq əlifba məsələsi sırf dilçilik müstəvisində məhdudlaşdırıla bilməz. Bu, bütövlükdə mədəni, siyasi və iqtisadi inteqrasiyanın ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Ona görə də türkdilli dövlətlər arasında daha sıx əməkdaşlığın təmin olunmasında strateji əhəmiyyət daşıyır.

Kitabda həmçinin ortaq ünsiyyət dilinin zəruriliyi, dil birliyinin müasir qlobal çağırışlara cavab vermək qabiliyyəti, təhsil sistemində və informasiya-kommunikasiya texnologiyalarında vahid qrafik sistemin tətbiqi imkanları ətraflı şəkildə təhlil olunur. Bu baxımdan əsər yalnız nəzəri konsepsiya təqdim etmir, eyni zamanda dil və əlifba məsələlərinin praktik ölçülərini, sosial-iqtisadi və texnoloji tərəflərini də işıqlandırır.

Müasir türk dövlətlərində ortaq əlifbaya keçid prosesi, bu istiqamətdə müşahidə edilən praktiki vəziyyət, qarşıya çıxan maneələr və onların aradan qaldırılması üçün nəzərdə tutulan strateji yanaşmalar monoqrafiyada obyektiv və tarazlı şəkildə təqdim olunur.

Əsər həm tarixi mirasın müasirliklə qovuşduğu bir diskurs yaradır, həm də türk xalqlarının ortaq gələcəyi naminə atmalı olduğu addımlara dair nəzəri və praktik əsaslandırılmış tövsiyələr irəli sürür.

Tədqiqatın elmi nəticələri E.İbrahimovun geniş biblioqrafik mənbələrə: Azərbaycan, türk, rus dillərində 316 ədəbiyyat, arxiv materiallarına, çoxşaxəli tədqiqatlara və müqayisəli analizlərə əsaslanan araşdırmalarının məhsulu kimi dəyərləndirilə bilər.

Beləliklə, “Birinci Türkoloji Qurultay – 100: ortaq əlifba, imla və ədəbi dil məsələləri” adlı monoqrafiya yalnız Birinci Türkoloji Qurultayın tarixi mahiyyətini qiymətləndirməklə kifayətlənmir, həm də onun ideoloji və elmi irsinin çağdaş elmi reallıqlar fonunda davam etdirilməsinin mümkün perspektivlərini araşdırır. Bu kitab bir daha sübut edir ki, sözügedən qurultay XX əsrin əvvəllərində türk xalqlarının intellektual və siyasi həyatında mühüm dönüş nöqtəsi olmuş, mədəni özünüdərkin və milli kimlik siyasətinin formalaşmasında strateji əhəmiyyət daşımışdır. Bu baxımdan əsərdə həmin irsin bugünkü inteqrasiya prosesləri ilə əlaqələndirilməsi xüsusi əhəmiyyət kəsb edir.


MANŞET XƏBƏRLƏRİ