Hörmüzdə Çin-ABŞ qarşıdurması: Pekin donanmanı Fars körfəzinə gətirir


ABŞ-nin Hörmüz boğazını digər ölkə gəmilərinin üzünə bağlaması və bunun üçün 15 hərbi-dəniz gəmisini prosesə cəlb etməsi gözlənildiyi kimi, İranla yanaşı, bir çox ölkələrin də etirazı ilə qarşılanıb. Xüsusən də Çin ABŞ-nin bu addımını pisləyən bəyanatla çıxış edib.

Turkustan.az xəbər verir ki, Çinin müdafiə naziri Donq Cun İranla ticarət və enerji sazişlərinin mövcudluğunu xatırladaraq, digər tərəfləri bu işlərə qarışmamaq barədə xəbərdar edib.

O, həmçinin Çinin hərbi dəniz donanmasını Fars körfəzı yaxınlığında saxlayacağı və körfəz yaxınlığında gəmiləri müşayiət edəcəyini də bildirib.

Mövcud vəziyyət isə istər-istəməz Çinlə ABŞ arasında toqquşmaya gətirib çıxara bilər.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Bakupost.az-a bildirib ki, Amerikanın tətbiq etdiyi blokada səmərə verməyəcək:

“Artıq Çin həmin blokadanı yarıb. İran gəmisi də həmçinin. Bu isə ABŞ-nin blokadasının effektiv olmadığını göstərir”.

Ekspertin fikrincə, ABŞ bu istiqamətdə daha sərt tədbirlərə keçsə, İran tərəfi Çinin təhrikilə blokadanı təşkil edən qüvvələrə qarşı güc tətbiq edə bilər:

“Pekin bu məsələdə Amerikaya heç bir halda güzəştə getməyəcək. Pekində anlayırlar ki, ABŞ-nin İran ətrafında həyata keçirdiyi əməliyyat, blokada məhz Çin iqtisadiyyatını hədəfə almağa, dəniz nəqliyyatına nəzarət etməyə hesablanıb. Ona görə də Çin tərəfi bütün mümkün ssenarilərə hazırlaşır”.

Bununla belə, ekspert yaranmış vəziyyətin Çinlə ABŞ arasında birbaşa hərbi toqquşmaya gətirib çıxaracağını zənn etmir:

“Amma Pekin İranın əli ilə ABŞ-yə qarşı müharibəni yenidən alovlandıra bilər. ABŞ ilə İran arasında atəşkəs olsa da, müharibə bitməyib. Çin özü prosesə birbaşa müdaxilə etməyəcək. Amma İranı yenidən müharibəyə başlamağa təhrik edə bilər”.


MANŞET XƏBƏRLƏRİ