Bu gün Xəzər dənizində qısa intervalda ardıcıl 4 zəlzələnin qeydə alınması regionun seysmik aktivliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
İlk baxışda zəif və ya orta gücdə olan bu təkanlar ciddi dağıntı yaratmasa da, onların qısa zaman aralığında təkrarlanması Xəzər hövzəsinin geodinamik prosesləri haqqında suallar doğurur. Xüsusilə Avrasiya və Ərəbistan tektonik plitələrinin təsir zonasında yerləşən Xəzər dənizi hövzəsində bu cür ardıcıl hadisələr təsadüfi lokal aktivlikdir, yoxsa daha geniş seysmik proseslərin siqnalıdır – bu məsələ aktuallıq qazanır.
Belə bir fon üzərində əsas sual budur: Xəzərdə qısa müddətdə ardıcıl baş verən zəlzələlər regionda seysmik gərginliyin artdığını göstərən lokal hadisələrdir, yoxsa daha böyük miqyaslı tektonik dəyişikliklərin erkən xəbərdarlıq siqnalı kimi qiymətləndirilməlidir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib ki, ümumiyyətlə, zəlzələnin baş vermə səbəblərinə nəzər salsaq, hər bir blokun öz hərəkət istiqamətləri və sürətləri var:
"Xəzər hövzəsində də, ümumilikdə Azərbaycan və ətraf regionlarda bu proseslər müşahidə olunur. İran blokunu və ümumən regionu götürdükdə, tektonik proseslər nəticəsində kütlələrin şimala doğru hərəkəti müşahidə edilir. Türkiyə və İran daxil olmaqla müxtəlif blokların hərəkəti nəticəsində bu istiqamətdə gərginlik formalaşır".

Qurban Yetirmişli: Xırda təkanlar yaxın ərazilərdə, xüsusilə yaşayış məntəqələrinə yaxın zonalarda 3–4 bal gücündə hiss oluna bilər
Onun sözlərinə görə, bu bloklar arasında tektonik qırılmalar baş verir, ərazilər parçalanır və gərginlik toplanır:
"Nəticədə, ayın 8-də baş verən orta güclü zəlzələ həmin dərin qırılma zonaları ilə əlaqəli olaraq layların hərəkətini aktivləşdirdi və parçalanmalar davam edir. Bu proses nəticəsində afterşoklar, yəni əsas zəlzələdən sonra baş verən təkanlar müşahidə olunur. Bu proses bir müddət davam edəcək, çünki həmin ərazidə enerji tam boşalmayıb".
Həmsöhbətimiz bildirib ki, əsas enerji boşalması artıq baş verib, lakin son günlərdə 500-dən çox zəif təkan qeydə alınıb və bu proses davam edir:
"3 maqnitudalı ilkin təkan da daxil olmaqla, daha kiçik 1–2 maqnitudalı təkanlar da müşahidə olunur. Ümumilikdə, bu təkanlar enerji boşalmasının mərhələli şəkildə getdiyini göstərir. Bu, müəyyən mənada müsbət haldır, çünki tam sakitlik deyil, davam edən boşalma prosesi var. Zamanla bu aktivlik azalacaq və ərazi daha stabil vəziyyətə keçəcək. Qorxulu bir vəziyyət yoxdur, böyük və katastrofik zəlzələ gözlənilmir. Sadəcə olaraq, xırda təkanlar yaxın ərazilərdə, xüsusilə yaşayış məntəqələrinə yaxın zonalarda 3–4 bal gücündə hiss oluna bilər".