General: 1500 əsgər, 17 tankla Tərtərə hücuma keçdilər - VİDEO


Azərbaycanın əsas neft kəmərləri Yevlax və Tərtərdən keçirdi, Naftalan yaxınlığında isə ön xətlə məsafə cəmi 23 km idi. Rusiya nümayəndəsi Kazimirov Prezident Heydər Əliyevlə görüşdə xəbərdarlıq etmişdi ki, əgər bu kontrakt (Əsrin müqaviləsi – red.) imzalansa, ermənilər Gəncə və Yevlaxı ələ keçirəcəklər.

Turkustan.az xəbər verir ki, bu sözləri Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov Axar TV-yə müsahibəsində deyib.

“Bundan sonra Heydər Əliyev Bərdəyə gələrək böyük iclas keçirdi. Elə həmin günlər – aprelin 8-9-da ermənilər hücuma keçdilər. Mən getdim döyüş bölgəsinə.

Prezidentlə əlaqə saxlayaraq məlumat verdim ki, ermənilər üç istiqamətdə – Güllücə, Ağdərə-Tərtər və Suqovuşan-Talış-Naftalan istiqamətlərində böyük qüvvə ilə hücuma keçiblər. Aprelin 9-da Ağdərə-Tərtər istiqamətində 1500 canlı qüvvə, 30 texnika və 17 tankla hücum etmişdilər. Məqsəd Tərtəri ələ keçirmək idi.

Aprelin 9-dan 16-na qədər 5-6 hücum təşkil olundu. 2000 nəfərlik qüvvə Tap Qaraqoyunlu istiqamətinə atıldı, Naftalan fasiləsiz atəşə tutuldu. Düşmən Tərtərçaya qədər irəlilədi, Səhlabad və Qırmızı kəndlərini aldı və Tərtərə cəmi 800 metr qaldı.

May 3-ü Ulu Öndər mənə zəng vurdu: ay Orucov, vəziyyət nə yerdədir? Bildirdim ki, hücum edənlər arasında ermənilərlə yanaşı rus qoşunları da var. Sübut kimi 5 rus zabitinin əsir götürüldüyünü, onların arasında alay komandirinin müavininin də olduğunu qeyd etdim. Prezident həmin əsirlərin Bakıya göndərilməsini tapşırdı…”, – o bildirib.

General əlavə edib ki, vəziyyət çox ağır idi və ermənilərlə aramızda 800 metr məsafə qalmışdı:

“Dedilər ki, Elbrus Orucov, Tərtəri verəcəksiniz? Bu suala necə cavab verim? Ulu Öndər ermənilərin Tərtəri işğal etdiyini elan etmək istədiklərini dedi. Dedim: “Cənab Prezident, 800 metr qalıb. Biz döyüşürük. Heç kimə inanmayın”. Daha sonra söylədim ki, mənim taleyimdə ikinci Şuşa yazılmayacaq və mən Tərtəri verməyəcəyəm.

Tərtər batalyonundan İmayət, Pənah Məmmədov, Rövşən Əkbərov və digərlərini qərargaha yığdım. Gecə-gündüz çalışırıq. Onlar şəhərə daxil olsalar, Bərdə də gedəcək.

Qərargahdakılara əməliyyat planı hazırladığımı və qələmi masaya qoyduğumu dedim: “Ya şəhərin içində vuruşacağıq, ya da siz imtina edib silahı yerə qoyaraq gedəcəksiniz. Kim mənimlə döyüşməyə gedəcəksə, adının qarşısına imza atsın”.

Eldar Ağayev, Hikmət Mirzəyev, Rövşən Əkbərov, Lənkəran Əliyev – komandirlərimin hamısı orada toplaşmışdı.

Çölə çıxdım, arxamca komandirlərim gəlib, dedi ki, Elbrus müəllim, biz hazırıq. Gördüm komandirlərimin hamısı kağıza qol çəkib.

Onların yanındaca hörmətli Prezidentimizə zəng etdim və dedim: “Cənab Prezident, ermənilərə nə Tərtəri verəcəyik, nə də Tərtərin üzərindən keçib, Bərdəni almağa imkan verəcəyik”.

Ulu öndər onun və xalqımızın adından bizə, zabit və əsgərlərimizə minnətdarlığını çatdırmağı tapşırdı. Biz bu sözü eşitdikdən sonra döyüşə getdik. Həmin döyüşdə kapitan Seyidov qumbara bağlayıb, özünü tankın qarşısına atdı, həlak oldu. Tabor komandiri mayor Quliyev səngərdə qala-qala atışdı və çəkilmədi.

Əks-hücum əməliyyatına başladıq. Suqovuşana gedən yolun üstündə Mirzəyev, Fikrət Məmmədov və zabitlər ermənilərin üzərinə yürüdük, erməniləri ərizdən vurub, çıxardıq.

Mən Heydər Əliyevə əməliyyatı məruzə edəndə səhər saat 08:30 idi. Heydər Əliyev hər şeyi bildiyini və mənə general rütbəsini verdiyini dedi. Hətta bildirdi ki, yenidən zəng et və özünü general kimi təqdim et.

Mən də dedim: “Cənab Prezident, əgər elədirsə tabor komandiri Eldar Ağayevə polkovnik rütbəsi verilsin. Hikmət Mirzəyev və Fikrət Məmmədov “Azərbaycan Bayrağı”, kapitan Seyidovla, mayor Quliyev də – ölümündən sonra – təltif edilsin. Onlar qəhrəmandırlar. Əks-hücum əməliyyatına keçəndə 91 zabitlə hamımız canımızı qurban demişdik”.

Daha ətraflı videoda:


MANŞET XƏBƏRLƏRİ