Yeni qanunvericilik aktları çərçivəsində dövlət qulluğunda maaş sisteminin dəyişdirilməsi texniki xarakter daşısa da, ümumilikdə müsbət təsirlərlə qiymətləndirilir. Yeni model maaşların daha şəffaf və aydın şəkildə formalaşmasına, hesablamaların sadələşməsinə və müqayisə imkanlarının genişlənməsinə şərait yaradır.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli dövlət qulluğunda əmək haqqı sistemində aparılan dəyişikliklərdən danışarkən deyib.
O bildirib ki, əvvəlki sistemdə maaşlar müxtəlif əlavələr – iş şəraiti, staj və digər amillər əsasında formalaşırdı:
“Yeni yanaşmada isə bu əlavələr sadələşdirilərək daha aydın, müqayisə oluna bilən və rahat hesablanan vahid bir sxemə salınır. Bu baxımdan dəyişiklik müsbət qiymətləndirilir.
X.Kərimlinin sözlərinə görə, maaşların sabitləşdirilməsi pensiya sisteminə də müsbət təsir göstərə bilər:
“Maaşların sabitləşməsi nəticəsində pensiya fonduna daxilolmaların daha stabil və ehtimal ki, daha yüksək olması gözlənilir. Bu isə həm sistemin özü, həm də gələcək pensiya təminatı baxımından əhəmiyyətli müsbət təsir kimi qiymətləndirilə bilər”.